Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanın xarici işlər naziri Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

  • 25 may 2015, 18:07
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən nazir münaqişənin həllinin artıq yetişdiyini bildirib.
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan və Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya prezidenti Putinin iştirakının yüksək qiymətləndirildiyini söyləyib.

 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdıran E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

 

S. Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Sergey Narışkin oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib. O, Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

 

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.  

Demokratik.Az


Oxşar xəbərlər