Rusiya Avropanı təbii qazı kəsməklə təhdid etdi

  • 31 yan 2022, 15:07
Ukrayna ilə yaşanan gərginliyə görə Avropa ölkələrini təhdid edən Rusiyaya qarşı gözlənilməz addım atılıb. Avropa İttifaqı (Aİ) yeni qaz tədarükçüləri tapmaq cəhdlərinə başlayıb və Azərbaycanın qapısını döyüb.
Avropa.info-nun məlumatına görə, Ukrayna ilə yaşanan gərginliyə görə Rusiyanın qaz tədarükünü azalda biləcəyindən narahat olduğunu bildirən Aİ yeni qaz tədarükçüləri tapmaq üçün təşəbbüslərə başlayıb.
"Financial Times" adı açıqlanmayan avropalı bürokratlara istinadən xəbər verir ki, Avropa Komissiyasının enerji üzrə üzvü Kadri Simson fevralın əvvəlində Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycanla danışıqlar aparmağı planlaşdırır.
Aİ üzvlərinin Ukraynada hərbi münaqişə olacağı təqdirdə Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın Avropaya qaz tədarükünü azaltmasından narahat olduqlarını yazan qəzet qeyd edib ki, Aİ fövqəladə hallarda qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır.
"Financial Times"a danışan bir rəsmi şəxs onu da bildirib ki, Brüssel mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün bəzi Asiya ölkələri ilə danışıqlar aparır.
"Sputnik"in xəbərinə görə, Almaniya Federal Yer Elmləri və Təbii Sərvətlər İnstitutunun (BGR) professoru Martin Pein tədarükün dayanacağı təqdirdə, Almaniyanın tez bir zamanda Rusiya qazına əvəzedici tapmasını mümkün görmədiyini söyləyib.
"Welt" qəzetinə danışan Pein, "Qısa müddətdə bu qədər enerji mənbəyi əvəzedici tapmaq mümkün deyil. Rusiyanın kömür, qaz və neft bazarındakı payını sürətlə və tamamilə yeniləmək son dərəcə çətin, hətta qeyri-mümkündür", deyib.
Rusiya prezidenti Vladimir Putin tələb olarsa, Avropaya qaz tədarükünü davam etdirməyə hazır olduqlarını bəyan edərək, Rusiyanın hətta soyuq müharibə dövründə də Avropaya qaz axınını dayandırmadığını vurğulayıb.
"Son on il ərzində Avropanın enerji sektorunda dəfələrlə sistematik səhvlərə yol verilib. Bunlar Avropa bazarında genişmiqyaslı böhrana gətirib çıxarıb. Əgər onlar bizdən qaz tədarükünü artırmağı tələb etsələr, biz onu artırmağa hazırıq. Bircə rədd cavabı vermədik”, Putin deyib.
Bundan əvvəl ABŞ-ın Qətər və digər əsas LNG ixracatçıları ilə Ukraynada gərginliyin artması ilə əlaqədar Avropaya qaz təchizatında fasilələr yaranacağı təqdirdə mümkün fövqəladə tədbirlərlə bağlı danışıqlar apardığı bildirilib.
"Bloomberg" xəbər verib ki, Rusiyanın enerji şirkəti "Qazprom" mümkün yeni sanksiyalara cavab olaraq Avropaya qaz tədarükünü məhdudlaşdırarsa, alternativ olaraq qəbul edilən Qətər Avropanın təbii qaz ehtiyacını ödəyə bilməyəcək.
Oxşar xəbərlər