İctimai-siyasi qurumlar Rəsulzadə ilə bağlı çağırış edib

  • 29 yan 2022, 10:01

Xalq Cümhuriyyəti qurucusunun 140 illiyinə...

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 138-ci doğum günüdür. Müstəqil Azərbaycan dövləti onun tarixində böyük rolu olmuş şəxsiyyətlərin xatirəsini əziz tutur, onların adını əbədiləşdirir, abidələrini ucaldır.
 
Məsələn, elə iki həftə öncə Azərbaycan üçün böyük xidmətləri olan mesenat Hacı Zeynalabdin Tağıyevə şəhərin mərkəzində abidə ucaldıldı. Məmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində abidəsi olsa da Bakının mərkəzində abidəsi hələ qoyulmayıb.
İki il sonra Rəsulzadənin 140 illiyi olacaq. Bu münasibətlə paytaxtın mərkəzi yerlərinin birində Rəsulzadənin abidəsi ucaldıla bilərmi?
 
Pənah Hüseyn komitə sədri seçildi – Novator.az
Pənah Hüseyn
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Məmməd Əmin Rəsulzadənin şəhərin mərkəzində abidəsinin ucaldılmasını uzun illərdir Azərbaycan cəmiyyəti gözləyir: “Məmməd Əmin Rəsulzadəyə abidə ucaldılması üçün yer hələ 10 illər öncə müəyyən olnmuşdu. Lakin məsələ müsbət həllini tapmadı. Azərbaycan xalqının qəlbində, şüurunda, tarixində Məmməd Əmin Rəsulzadə onsuz da özünə heç vaxt götürülməsi mümkün olmayan abidə ucaldıb. O baxımdan əslində Məmməd Əmin Rəsulzadənin heykələ ehtiyacı yoxdur, amma xalqın, dövlətin Rəsulzadənin heykəlinin ucaldılmasına ehtiyacı var. Ona görə də hesab edirəm ki, bu məsələnin həllinin vaxtı çoxdan çatıb. Bakı şəhərində Rəsulzadənin adına, Xalq Cümhuriyyətimizin qurulmasındakı roluna layiq olan bir abidə ucaldlısa, bu, dövlətimizə, xalqımıza, tariximizə xidmət olar”.
Oqtay Qasımov: ““Yurd” qruplaşmasının Elçibəyə münasibəti neqativ idi”  -Müsahibə (II Hissə) - pia.az
 Oqtay Qasımov 
Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov bildirdi ki, hələ 1993-cü ildən Bakı şəhərinin mərkəzində, konkret olaraq Kukla Teatrının qarşısındakı sahədə Məmməd Əmin Rəsulzadənin abidəsinin qoyulacağı yer müəyyən edilmişdi: “Eyni zamanda, Bakı Dövlət Universitetinin qarşısında abidə qoyulması üçün yer nəzərdə tutulmuşdu. Hər iki yerdə xatirə lövhəsi qoyulmuşdu və yazılmışdı ki, burada Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılacaq. Amma təəssüf ki, indiyə qədər heykəl qoyulmayıb. Hesab edirəm ki, Rəsuzadəyə haqq etdiyi ehtiram abidəsinin şəhərin mərkəzində qoyulması ilə göstərilməlidir. Bu, həm də Azərbaycan xalqının böyük qurucu liderə bir sayğısının izharı ola bilər. Mən qəti şəkildə onun tərəfindəyəm ki, 140 illiyinə qədər heykəl hazırlansın və ucaldılsın”.
Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən  AÇIQLAMA - VİDEO
 Tural Abbaslı 
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, başda Məmməd Əmin Rəsulzadə olmaqla Xalq Cümhuriyyəti qurucularının abidələri ucaldılmalıdır: “Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan hər bir şəxs müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilməlidir. Hakimiyyət əgər Rəsulzadənin abidəsini ucaltmaq qərarı versə bu, çox gözəl və bütün xalq tərəfindən alqışlanan addım olar”.
Elşad Musayev: "Daha israrlı olsaq ölkədə cox şey dəyişəcək..." - Sozcu.az
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də qeyd etdi ki, Azərbaycanda tarixi şəxsiyyətlərimizə abidə qoyulması həm tariximizə, həm də həmin tarixi şəxslərin ruhuna hörmət əlamətidir: “Eyni zamanda, bütövlükdə tariximizin nə qədər zəngin olmasının göstəricisidir. Bu baxımdan həm Məmməd Əmin Rəsulzadənin, həm də onun silahdaşlarının , cümhuriyyətimizin qurucularının xatirələrini əbədiləşdirmək vacibdir. Bu millətimizə və dövlətimizə baş ucalığı gətirər, yeni nəsil də öz keçmişini daha yaxşı tanıyar və fəxr edər”.
AMİP sədri Arzuxan Əlizadə də bildirdi ki, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində önəmli rolu olan insanlara dəyər verilməsi hər bir vətəndaşımızın, ilk növbədə isə dövlətin bilavasitə borcudur: “Çünki cəmiyyətdə tutduğu mövqeyindən və siyasi yönümündən asılı olmayaraq hər birimiz bugünkü müstəqil Azərbaycanın mövcudluğu üçün bu insanlara minnətdar olmalıyıq. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Fətəli xan Xoyski və adlarını sadalamadığım digər öndərlər başda olmaqla həm 1918-ci il Şərqdə ilk demokratık dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, eləcə də 1988-ci ildə başlanan müstəqillik uğrunda mübarizənin önündə gedən və müasirlərimiz olan liderlərə haqq etdikləri qiymət verilməlidir. Təəssüf ki, bu insanların əhəmiyyətli hissəsinə layiq olduqları dəyər verilməyib. Müstəqilliyimizin ilk illlərində Bakı Dövlət Universitetinə Rəsulzadənin adı verilsə də sonradan bu ad nədənsə götürüldü. Bizim də tələbəlik dövrümüzə təsadüf edən həmin illərdə BDU-nun həyətində hər gün yanından ötdüyümüz bir postament qoyulmuş və üzərində yazılmışdı ki, burada Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılacaq. Sonradan həmin postament də ləğv edildi. Əlbəttə ki, bütün bunlara təəssüflənməmək olmur. Məsələ burasındadır ki, Cümhuriyyət qurucularımızın məzarları da müstəqilliyi uğrunda canlarını fəda etmiş Azərbaycanda deyil, mühacirətdə olduqları ölkələrdədir. Rəsulzadənin məzarı Ankarada, Parlamentin sədri olmuş Topçubaşovun məzarı Parisdə, Baş nazirimiz Xoyskinin məzarı Tiflisdədir və bu siyahını uzatmaq olar. Hesab edirəm ki, bu illər ərzində həmin öncüllərin məzarları da doğma Vətənə gətirilə bilərdi. Ümid edirik ki, Hacı Zeynalabdin Tağıyevə illər sonra şəhərimizin mərkəzində abidə qoyulduğu kimi, Məmməd Əmin Rəsulzadə və digər öncüllərimizin xatirəsi də lazımi səviyyədə əbədiləşdiriləcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Oxşar xəbərlər