AMEA-da nə baş verir? - “Ramiz Mehdiyev 2 ildə müsbət dönüş etmədi”

  • 21 yan 2022, 21:27
İki gündür gündəmdə olan məsələlərdən biri də AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şükürovun akademiya rəhbərliyinə istefa ərizəsi ilə müraciət etməsidir.

Baş verən proseslər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu gün AMEA-da çalışan alimlərin bir hissəsinin rəhbərliyi, digər tərəfin isə direktoru müdafiə etməsi ilə bağlı fikirlər səslənir.

AMEA-da nə baş verir?

Demokratik.az-ın məlumatına görə, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov Cebhe.info-ya bildirib ki, ümumiyyətlə, AMEA-da kompleks problemlər var:

“İstər akademiyanın idarəedilməsi, istərsə də cəmiyyət tərəfindən ortaya qoyulan problemlərin həlli baxımından mövcud vəziyyət qanedici deyil. Akademiyada dəyərli alimlər, tədqiqatçılar var. Baxmayaraq ki, əməkYi nə maddi, nə də mənəvi cəhətdən adekvat qiymətləndirilir. Buna baxmayaraq, illərlə başını aşağı salıb çalışan alimlərimiz var. Ortada da müəyyən qədər də məhsul, tədqiqat nəticələri var. Ancaq məsələ odur ki, əldə olunan nəticələrin işə götürülməsi, praktikada tətbiqi, müxtəlif fəaliyyət sahələrində istifadə olunması baxımından da qənaətbəxş deyil. Bir tərəfdən, alimlərin motivasiyası çox zəifləyib. Alimlərin statusu çox aşağı salınıb. Eləcə də əldə olunan elmi nəticələr cəmiyyət tərəfindən sanki nəzərə alınmır. İndi islahatlar elan edilib. Aydındır ki, islahatların aparıcı xəttini elmi-nəzəri təminat təşkil edir.

Elmi-nəzəri təminatı da ilk növbədə gərək AMEA təmin eləsin. Bunun üçün ayrı-ayrı alimlərin təşəbbüsü kifayət etmir. Gərək akademiyanın rəhbərliyi səviyyəsində bu iş ciddiyyətə alınsın, əhəmiyyət verilsin. Bacarığı, istedadı olan alimlər, müxtəlif institutlar bu işə cəlb olunsun. Sadalamaqla qurtarmır, problemlər çoxdur. İlk növbədə akademiyanın özünün strukturlaşması, tərkibi, idarə olunması yenilənsin. Zamanın tələblərinə cavab versin. Bu baxımdan nöqsanlar çoxdur”.

Professorun sözlərinə görə, mühüm bir səbəb AMEA-da uzun illər idarəçilikdə çatışmazlıqların qalaqlanması və artıq yeni mənfi keyfiyyət əldə etməsidir:

“AMEA-da bürokratikləşmə artıb. Milli gəlirdən elmə ayrılan cüzi məbləğ səmərəsiz, qeyri-effektiv idarəetmə çərçivəsində israf olunur. Əsas iş görən, əziyyət çəkən, tədqiqatçılara heç bir maddi dəstək gəlib çatmır. Məsələn, alim aktual, lazımlı bir mövzuda kitab yazır, ömrünü ona həsr edir, onu çap etməyə pulu olmur. Dost-tanışla çox cüzi nəsə əldə edir ki, 100 nüsxə çap edə bilsin. Elmə maliyyə, maddi-texniki cəhətdən dəstək olmalıdır. Ancaq öncə gərək idarəetmə müasirləşsin. İdarəetmə cəmiyyətin, dövlətin tələblərinə cavab versin. Belə idarəetmə ilə heç maliyyə də ayrılsa, xeyri yoxdur”.

Ə.Abbasov bildirib ki, Tarix institunun direktoru Kərim Şükürovla bağlı ilk dəstək göstərənlərdəndir:

“Kərim müəllim böyük zəhməti olan gözəl tarixçidir. Onun zəhmətinə, qabiliyyətinə adekvat qiymət verilməlidir. Uzun müddət qiymət verilməyəndə əksinə, obyektivlikdən, ədalətdənkənar basqılar, tənqidlər olanda, insan da dəmirdən, ağacdan deyil ki, inciməyə haqqı var. Kərim müəllim direktor olanda mən sevinirdim ki, onun həm elmi, həm də idarəetmə cəhətdən çox mütərəqqi yanaşmaları var.

Ümumiyyətlə, mütərəqqi təfəkkürlü adamdır. Zəhmətkeş, məhsuldar adamdır və Azərbaycan elminə xeyri çox olub. Gərək əməyi də adekvat qiymətləndirilsin. Bütövlükdə alimlərin əməyi adekvat qiymətləndirilmir. Ramiz müəllim 2 ildən artıqdır ki, AMEA-ya prezident gəlib. Ancaq bu müddətdə elə bir xüsusi, müsbətə doğru dönüş görmədim. Elm çox ciddi bir sahədir. Orada müasir tələblər səviyyəsində iş görmək üçün gərək hər cəhətdən müvafiqlik olsun”.
Oxşar xəbərlər