32 il öncə susan dünya liderləri və indikilər – Nə dəyişib?

  • 17 yan 2022, 10:22
Biz 32 il öncə dünyanı idarə edən siyasətçilərlə, hegemon dövlətlərin liderləri ilə indikiləri, onların xələflərini müqayisə edir, üstünlüyü birmənalı olaraq köhnələrə veririk, onları daha sanballı, daha ədalətli, daha müdrik elan edirik.
Məsələn, 1990-cı ildə ABŞ-ın başında duran Corc Herbert Uoker Buş (ata Buş), bizə görə, indiki prezident Cozef Baydendən də, bundan əvvəlki Donald Trampdan da qat-qat ağıllı, dünyagörmüş, təmkinli, tədbirli prezident olub.
Eyni fikri 1981-ci ildən 1995-ci ilə qədər Fransaya rəhbərlik etmiş Fransua Moris Antuan Mari Mitteran haqqında da deyirik. Hətta çoxumuz bambılı, qeyri-ciddi biri kimi tanıdığımız indiki prezident Emmanuel Makronu onunla müqayisə etmək istmərik.

Düzdür, 1990-ci ildə Almaniyaya rəhbərlik edən federal kansler Helmut Kolla dünənə qədər Almaniyanın sükanı arxasında olan Angela Merkelin şəxsiyyətləri və fəaliyyətləri arasında kəskin fərq görmək mümkün deyil, amma yenə də Kol favoritdir. Xanım Merkel isə köhnə siyasətçilər nəslindən olmasıyla tanınırdı.
Böyük Britaniyanın o zamankı baş naziri Marqaret Hilda Tetçerlə onun indiki sələfi, ekssentrik ritorikası və hərəkətləri ilə ad çıxaran Boris Conson da çox fərqlənir. Bizim ictimai rəydə xanım Tetçer üstündür.
kobrmit.JPG (61 KB)
Hətta 1990-cı ildə İtaliyanın baş naziri Culio Andreotti kimi odioz və mafioz bir siyasi xadimi indiki baş nazir Mario Draqidən üstün saya bilərik. Əslində heç cənab Draqini tanımırıq, onu tanısa-tanısa politoloqlar tanıyır.
32 il öncə qardaş Türkiyəni idarə edən Turqut Özalla bağlı rəyimiz də müsbətdir, hətta onu Türkiyənin bütün siyasi xadimlərdən daha üstün sayırıq.
1990-cı ildə Kanadanın baş naziri olmuş Brayan Malruni hara, indiki baş nazir Castin Trüdo hara? Birinci bizim nəzərimizdə sanballı bir dövlət adamıydısa, ikinci yüngülməcaz şoumen kimi tanınır.
rurraf.JPG (33 KB)
32 il öncə İranın 4-cü prezidenti postunu tutan Əli Əkbər Haşimi-Rəfsəncani ilə indiki prezident İbrahim Rəisinin arasında elə bir ciddi fərq olmasa da, birinci daha məşhur və ötkəm idi.
Həmin vaxt Çini, Cənubi Koreyanı, Yaponiyanı kimlərin idarə etdiyi, yəqin ki, yaşlı oxucularımızın tam əksrəyyətinin yadında olmaz. Çünki o zaman onların dünya siyasətinə elə bir təsirləri yox idi.
Bir sözlə, biz köhnələri daha üstün siyasətçi sayırıq və indikilərdən elə bir ciddi gözləntimiz yoxdur.
Bəs nəyə görə yazı predmeti kimi 32 il öncənin siyasiləri, eləcə də bu adları çəkilən ölkələrin liderləri seçilib?
12.jpg (7 KB)
Ona görə ki, 32 il öncə bu günlər Azərbaycanda dünya miqyaslı müdhiş hadisə - xalqımızın yaddaşına əbədi həkk olunmuş 20 Yanvar facisəi baş verib və həmin vaxt dünyanı idarə edən bu tərifli şəxslər olduqca bədnam mövqe tutublar.
Bu günlərdə jurnalist Xəqani Səfəroğlu İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin 20 Yanvar – Bakı qırğını ilə bağlı verdiyi müsahibələrin icmalını hazırlayıb dərc etmişdi. Xanım Tetçer bu mövzuda verdiyi müsahibələrdə etiraf edir ki, Bakıda törədilən və 150-yə yaxın silahsız, dinc insanın ölümü ilə nəticələnən hərbi müdaxiləyə görə SSRİ rəhbəri Mixail Qorbaçova nəinki hansısa irad bildirməyiblər, hətta onun bu addımını təqdir ediblər.
qortet.jpg (9 KB)
Buş da susub, Mitteran da. Malruni də dinməyib, Tetçer də. Helmut Kolun da vecinə olmayıb, Andreottinin də. Burdan-bura Turqut Özal və Haşimi-Rəfsəncani də Bakıda baş verənləri SSRİ-nin daxili işi hesab edib.
Onlar o vaxt ya əlində nüvə başlıqlı ballistik raketlər oynadan SSRİ-dən qorxublar, ya Bakıda təzyiqə məruz qalan ermənilərə tərəfgirlik ediblər, ya da Qorbaçovu özlərindən incik salmaq istəməyiblər, daha dəqiqi, onun SSRİ-nin dağlması istiqamətində başlatdığı prosesin yarımçıq qalmaması üçün susublar.
Hər halda bu “nəhəng siyasətçilər” ayrıca götürülmüş bir ölkədə dinc əhaliyə qarşı hərbi cinayət törədilməsinə göz yumublar və adi qınayıcı bəyanat belə verməyiblər.
buşqor.jpg (137 KB)
Bizdən 1 il sonra, Litvanın paytaxtı Vilnüsdə sovet ordusunun törətdiyi və qurbanlarının sayı Bakıdakından 10 dəfə az olan qətliama görə isə onlar susmadılar, ən azı “bu, düzgün hərəkət deyil, mülki şəxslərə qarşı ifrat güc tətbiq etmək yolverilməzdir” məzmunlu bəyanatlar verdilər.
Bu xüsusda erməni aqressiyasına məruz qalmış xalqımızı haqlıykən, Bakıda qarışıqlıq və talanlar törədərək haqsız duruma salanlardan da bəhs etmək olar, amma bu, həm başqa yazının mövzusudur, həm də dünyanın hər tərəfində baş verən hadisələrin mahiyyəti barədə gerçək məlumatlar alan liderlərin Kremlin cinayətinə susqun qalmalarına haqq qazandırmır.
Bu baxımdan dəyişən bir şey yoxdur, Baydenlərin, makronların, trüdoların, consonların sələfləri nə qədər prinsipial və ədalətli idilərsə, özləri də elədir. Köhnə siyasətçiləri idealizə etmək də yanlışdır, yenilərdən ədalət gözləmək də.

Xalid KAZIMLI
Oxşar xəbərlər