Kəlbəcər təxribatı DEŞİFRƏ edildi: Paşinyan KTMT-ni Qarabağa çağırır

  • 12 yan 2022, 21:57
“Kəlbəcərdə baş verən hadisələri biz də izləyirik. 44 günlük Vətən Müharibəsinin başa çatmasından bir ildən artıq vaxt keçir və bu müddət ərzində Ermənistan tərəfinin təxribata əl atması birinci dəfə deyil. Onlar dəfələrlə sərhəd bölgələrimizdə bu tip təxribatlar törədib və Azərbaycan ordusu hər birinə tutarlı cavab verərək onları yerinə oturdub”.
Bunu “Yeni Sabah”a açıqlamasında Kəlbəcər rayonunun millət vəkili Aqil Məmmədov deyib. O, bildirib ki, yanvarın 11-12-i baş verən təxribatlar Paşinyanın düşüncəsinin məhsuludur:

“Çünki Qazaxıstanda baş verən hadisələr Ermənistan rəhbərliyinin KTMT -yə müvəqqəti rəhbərliyi dövrünə təsadüf etdi və bu onların iştahını artırıb. Qazaxıstan rəhbərliyinin o quruma müraciəti, ora sülhməramlıların göndərməsi ermənilərə də təsir edib. Paşinyan elə başa düşür ki, hər hansı qarşıdurma olarsa, o təkrar Ermənistan dövləti adından müraciət edəcək və həmin qurum bölgəyə öz sülhməramlılarını göndərəcək.

Bu təbii ki, çox yanlış fikirdir. Artıq bu metoddan Ermənistan tərəfi istifadə edib və nəticəsini görməyiblər.

İkinci tərəfdən Ermənistan 44 günlük müharibədə ordularının hansı vəziyyətə düşməsini bir anlıq unudurlar. Onlar özləri özlərini sərbəst idarə etmək gücünə malik deyillər. Sərhədlərin müəyyənləşdirilməsi məsələsini qəsdən gecikdirir, sülh sazişinin bağlanmasını ləngitmək xatirinə bu cür addımlar atırlar.

Kəlbəcər istiqamətində bu hadisələrin təkrar olunmasının başqa səbəbi də var. Bildiyiniz kimi, o istiqamətdən Ermənistana Ağdərə-Kəlbəcər tərəfindən gedən yol var, bu da strateji nöqteyi-nəzərdən çox əhəmiyyətli bölgədir. Onlar istəyirlər ki, həmin yolun bərpası mümkün olsun.

Eyni zamanda Kəlbəcər yeraltı, yerüstü sərvətlərinə görə diqqətçəkən bölgədir. Hələ Sovetlər dövründə də bu məsələ qaldırılmışdı, deyilirdi ki, Kəlbəcər yaşayış üçün yararsız bölgədir və ora ancaq örüş-otlaq sahəsi kimi istifadəyə verilsin. Bu yolla Kəlbəcəri Ermənistana birləşdirmək niyyətində idilər. O vaxt Ulu Öndər bunu əvvəlcədən hiss elədi və qarşısını vaxtında aldı.

Bu gün də Ermənistan o bölgəni ələ keçirmək istəyir. Artıq Ermənistan ictimaiyyəti müharibənin dayandırılması və sərhədlərin müəyyənləşdirilməsinin tərəfdarıdırlar. Amma Ermənistan rəhbərliyi bütün bunlara biganə yanaşır. Ümidli olduqlarını göstərmək istəyirlər, lakin onların çıxış yolu yalnız sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişinin bağlanmasından keçir. Eyni zamanda Zəngəzur dəhlizi nə qədər tez açılarsa, bu nəinki Azərbaycana və bölgə dövlətlərinə, eyni zamanda Ermənistana xeyir gətirəcək.

Cənab Prezident də yeni il qabağı bu məsələlərə toxundu və bildirdi ki, Ermənistan düşmənçilik siyasətinə son qoymalıdır, bundan sonrakı dövrdə dinc qonşuluq şəraitində münasibətləri davam etdirməlidir. Azərbaycan həmişə bunu deyib, bu gün də deyir, hər zaman bu istiqamətdə addım atmağa hazırdır. Ölkə başçısı vurğuladı ki, müharibədən sonra da ordu quruculuğu istiqamətində çox ciddi addımlar atılır. Ordumuzun döyüş taktikasının genişləndirilməsi, müasir silah-sursatların alınması istiqamətində böyük işlər görülməkdədir.

Bu, eyni zamanda  qarşı tərəfə bir mesajdır, əgər qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribat törədərsə, Azərbaycan ordusu yenə də qarşı tərəfi başa salmaq məcburiyyətində qalacaq. Ermənistan tərəf yetərincə faktlarla üzləşib və onlar son müharibədən nəticə çıxarmalıdırlar, qonşuluq siyasətinin düzgün aparılması üçün konkret tədbirlər görməlidirlər. Əks təqdirdə İkinci Qarabağ Müharibəsində yaşadığı anları yenidən yaşamağa məcbur olacaqlar”.

Hazırda Kəlbəcərdəki son durum haqda məlumat verən Aqil Məmmədov bildirib ki, vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır:

“Qarşı tərəfin iki postu darmadağın edilib, ağır zərbə vurulub. Hələlik nisbi sakitlikdir, arabir atışmalar gedir, amma həmin bölgə ordumuzun nəzarəti altındadır. Üstünlük Azərbaycan ordusundadır və qorxulu heç bir hal gözlənilmir”.
Oxşar xəbərlər