Tofiq Yaqublunu döyənlər cəzalandırılacaqmı?

  • 03 dek 2021, 09:01

Nigar Həzi döyülmə faktının hüquqi müstəviyə daşınacağını, prokurorluq orqanlarına rəsmi müraciət olunacağını deyib.

Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi ictimai-siyasi fəallar, hüquq müdafiəçiləri, partiya rəhbərləri, jurnalistlər, siyasətçilər tərəfindən tənqidlə qarşılanıb. Sosial şəbəkələrdə Tofiq Yaqubluya qarşı cinayət törətmiş şəxslərin dövlətə qarşı təxribat törətməsi fikri hakimdir.
Bakıda dekabrın 1-də keçirilmiş aksiyada tutulan, döyülərək üz-gözündən ağır xəsarətlər alan siyasətçi Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Dekabrın 2-də müayinənin nəticələri Tofiq Yaqublunun ailə üzlərinə təqdim edilib. Novator.az bildirir ki, həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunur, kəllə sümüklərində və beyindaxili travmatik dəyişiklik aşkarlanmadığı qeyd edilir. Tofiq Yaqublunun qızı Nigar Həzi Novator.az-a deyib ki, hazırda atası evdə müalicə olunur, səhhəti nisbətən babatlaşıb.
Nigar Həzi döyülmə faktının hüquqi müstəviyə daşınacağını, prokurorluq orqanlarına rəsmi müraciət olunacağını əlavə edib.
Pənah Hüseyn komitə sədri seçildi – Novator.az
Pənah Hüseyn 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn baş vermiş olayla bağlı özünün facebook divarında yazır: “Tofiq Yaqubluya qarşı bu gün törədilənin  nə qanuni, nə hüquqi, nə siyasi, nə də mənəvi-insani izahı, bəraəti yoxdur. Dövlət adına tam bir rəzalətdir, tam bir cinayətdir! Azərbaycanın düşmənlərinə xidmətdir!”
Foto Rauf Arifoglu.jpg
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun olayla bağlı postu belədir:
“Saleh Rüstəmov azad olunmalı idi!
O adın üstündə siyasət və təxribat qurulmasına imkan verilmədən!
Prosesin haraya getdiyini günlər öncədən görmək mümkün idi...
Manevr imkanları var idi, çox idi!
İndi nə edilsə, adı manevr olmayacaq.
Humanizm olmayacaq!
Dünən Tofiq Yaqublu döyülməməli idi.
Səhvdi!
Cinayətdi!
Vətəndaşa,  Qarabağ müharibəsi qazisinə əl qaldırmaq olmaz.
Bunu edənlər cəzalanmalıdır!"
Fazıl Mustafa - Vikipedi
Fazil Mustafa 
Deputat Fazil Mustafa da baş vermiş olayla bağlı facebook üzərindən fikirlərini paylaşıb: "Şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqə cəhd etmək nə qədər düşünülmüş təxribatdırsa, həmin tədbirdə qanun pozuntusuna yol vermiş Tofiq Yaqublunun  döyülməsi də təxribatdır".
F.Mustafa qeyd edib ki, məsələnin günahkarları araşdırılmalı və hüquqi tədbirlər görülməlidir.
DİN Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara münasibət bildirib. DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”, - o qeyd edib.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Oxşar xəbərlər