Türkiyənin Azərbaycandakı səfiri Ermənistanın son təxribatları haqda danışdı

  • 17 noy 2021, 13:51
“Türkiyə və Azərbaycan əlaqələrinin dərin kökləri var. Qardaşlıq münasibətlərimizin vacibliyi tarix boyu özünü göstərib. Qarabağın işğalı bütün türk dünyası üçün hüznlü hadisə idi. Ali Baş Komandan və Azərbaycanın qəhrəman ordusu ədaləti bərpa etdi, işğala son qoydu. Türkiyə ilk andan Azərbaycanın haqq savaşında yanında oldu”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Musavat.com-a bildirib. Səfir qeyd edib ki,Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya qarşı Azərbaycanın yanında olduğunu göstərən sarsılmaz duruşu, siyasi və mənəvi dəstəyi ilə zəfər əldə olundu:
"Zəfərin ilk ildönümünü qeyd etdik. Həm Türkiyədə, həm də Azərbaycanda bu zəfərin coşğusunu gördük. Vətən müharibəsi dövründə hər kəndin azad edilməsi, hər işğaldan azad olunan şəhərdə Azərbaycan bayrağının sancılması Türkiyədə coşğu ilə qarşılanırdı”.
Səfir eyni zamanda əlaqələrin gücləndirilməsi üçün önəmli qərarların alındığını vurğuladı: "Mənim də iştirak etdiyim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Artıq Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycanın zəfəri deyil, həmçinin, bütün türk dünyasına örnəkdir. Bu zəfər birliyin gücünü göstərdi".
Musavat.com-un "Ermənistanın sərhəddə təxribatları təkcə Azərbaycana qarşı yönəlməyib. Bu, həmçinin, bölgədə sülhün bərqərar olmasına mane olur. Türkiyə və Azərbaycan isə bölgədə sülhün yaranması üçün çalışırlar. Barışa mane olan Ermənistanla necə davranılsa uyğun olar" sualına cavab olaraq səfir Türkiyənin bundan sonra da sülh üçün çalışacağını bildirib: “Azərbaycan prezidenti dəfələrlə artıq ərazi bütövlüyünün bərpa olunduğunu, bundan sonra qonşuluq əlaqələri daxil, öncə sərhədlərin müəyyən olunması barədə danışıqların önəmini vurğulayır, eləcə də sülh haqqında çağırışlar edir. Türkiyə bu yanaşmanı dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərti ilə sülh yanaşmasının tərəfdarıyıq. Beynəlxalq təşkilatların, Minsk Qrupunun, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzərinə düşən bu dövrdə Ermənistanın sülhə yönəlmiş addımlar atmasını dəstəkləməkdir. Son günlər cəbhədə baş verən hadisələr üzücüdür. Bütün tərəflər, xüsusilə Türkiyə və Rusiya məsələnin sülh yolu ilə həll olunması üçün çalışdılar. Ötən axşam da atəşkəs qərarı verildi. Biz bölgəyə sülhün gəlməsini arzu edirik. Türkiyə hökuməti daim bu yöndə çalışıb”.
Cahit Bağcı əlavə edib ki, bundan sonra bölgədə sülh haqqında danışmaq, ticarət və iqtisadiyyatın canlanması mühümdür. Həmçinin, diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir.
Oxşar xəbərlər