"ZƏFƏR GÜNÜ"nün şərəfinə! Milli Məclis Amnistiya aktını qəbul etdi

  • 05 noy 2021, 15:27
Bu Amnistiya aktı ağır cinayətlərə şamil edilməyəcək. Ancaq bizə müraciət edən şəhid ailələri və müharibə iştirakçıları var ki, onların yaxınları məhz ağır cinayətlər səbəbindən həbs edilib.
Demokratik.Az xəbər verir ki, bunu Milli Məclisdə Amnistiya aktının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat layihəni təqdim edən Hüquq komitəsinin sədri Əli Hüseynliyə sual ünvanlayıb:
“Amnistiya aktının əhatəsinə düşməyən və mən dediyim qəbildən olan şəxslərin siyahısını tutaraq gələcəkdə onları əfv siyahılarına yönəltmək olarmı? İş görürüksə, bura düşməyənlərlə bağlı da məsələyə aydınlaşdırma gətirək. Həm də bizə müraciət edən insanlara cavab verək”.
Deputat Kamal Cəfərov bildirib ki, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və rüşvət vermə kimi cinayətlər Amnistiya aktının əhatəsinə düşməyəcək.
Komitə sədri bildirib ki, Fazil Mustafanın qaldırdığı məsələ ağır və az-ağır cinayətlərlə bağlıdır ki, bu da Amnistiya aktının əhatəsinə düşmür.
"Bu, düzgün qərardır. Amma dediyiniz məsələlər elə dediyiniz formada həll oluna bilər. Şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Həmin şəxslərin yaxınları Əfv Komissiyasında təmsil olunan bizim deputatlara müraciət edə bilərlər", - Əli Hüseynli bildirib.
Sonda Amnistiya aktı səsverməyə çıxarılıb və qəbul edilib.
Oxşar xəbərlər