Xəbər lenti
Bütün xəbərlər

Vyetnam-Azərbaycan əlaqələri güclənəcək

  • 14 may 2015, 18:32
"Bu gün biz, əlbəttə ki, iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıq. Çox müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır".

Bunu prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu barədə də danışıqlar aparılıb: "Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilib. Bu sahədə də həm Vyetnam, həm Azərbaycan şirkətlərinin artıq təcrübəsi var. Bu gün keçiriləcək biznes forumda əminəm ki, iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözünü deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də var".

Dövlət başçısı əlavə edib ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı məruzələr də dinlənilib. İlham Əliyev bu sahədə çox gözəl təcrübə olduğunu vurğulayıb: "Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləyiblər, öz təcrübələrini bölüşüblər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları var. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir".

İlham Əliyev humanitar sahədə əməkdaşlığın da diqqət mərkəzində olduğunu qeyd edib: "Burada da gözəl təcrübə, gözəl ənənələr var. Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdüm. Çox səmimi bir görüş idi və mən onları Azərbaycana dəvət etdim. Şadam ki, onlar bir həftə bundan əvvəl Azərbaycana gəlib öz doğma yerlərinə bir daha baxıblar. Əminəm ki, Vətənə çox xoş təəssüratlarla qayıdıblar. Eyni zamanda, Vyetnam-Azərbaycan Dostluq Forumu da keçirilib. Bu gün cənab prezidentlə bir daha bu məsələ ilə bağlı öz fikirlərimizi bildirdik. Biz də istəyirik ki, Vyetnamdan daha çox tələbə Azərbaycana gəlsin və burada təhsil alsın. Beləliklə, bizim əlaqələrimiz daha da genişmiqyaslı ola bilər.

Bir sözlə, çıxışımı yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu, özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox müsbətdir, çox möhkəmdir. Gələcəkdə biz iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik və Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik".
Oxşar xəbərlər