Şamil Ayrım: "Ərdoğanın səfəri zamanı Şuşadan dünyaya mesajlar veriləcək"

  • 14 iyun 2021, 16:25
“30 ilə yaxın işğal altında olumuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın ilk dəfə olaraq səfəri tarixi hadisədir. Bu səfər Türkiyə və Azərbaycan üçün çox önəmlidir”.

Bunu “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, səfər zamanı Şuşadan dünyaya mesajlar veriləcək:
“İşğaldan azad edilən torpaqların Azərbaycan ərazisi olduğunu bütün dünyanın bilməsi lazımdır. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həmin torpaqları qan tökərək, şəhidlər verərək işğaldan azad edib. Biz 44 günlük müharibənin sonunda qazanılmış zəfəri çox dəyərli hesab edirik. Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsi üçün hər kəs bir araya gəlməlidir. Ermənistan isə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini tam şəkildə yerinə yetirməlidir. Ümid edirəm ki, sülh və əmin-amanlıq bölgədə bərpa olunacaq. Ermənistan Ağdam rayonunda basdırdığı minaların xəritələrini verdiyi kimi, digər ərazilərdəki mina xəritələrini də verməlidir. Biz prezidentlərin Şuşa səfərində də bu məsələnin gündəmə gətirildiyinin şahidi olacağıq. Həmçinin səfər zamanı dünya ölkələrinə bir neçə mesaj veriləcək ”.

Türkiyəli parlamentari qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da gözləntilərdən biridir:
“Bu dəhlizin açılması heç kimi təşvişə salmamalı, qorxutmamalıdır. Ermənistan və İran bu məsələdə bir az qərarsızdırlar. Ancaq bu dəhlizin açılması hər kəs üçün vacibdir. Hər şeydən əvvəl isə bu dəhlizin açılması ilə insanlar bir-biriləriylə daha sıx əlaqə saxlayacaqlar. Ölkələrin iqtisadiyyatlarında canlanma baş verəcək. Bu mesajı Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya çatdıracaqlar”.

Ş.Ayrım onu da bildirib ki, Ərdoğanın Şuşaya səfəri çərçivəsində Türkiyə ilə Azərbaycan arasında çox vacib sənədlər imzalanacaq:
“Biz bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya göstərəcəyik. Bununla bağlı da bir sıra sənədlər imzalana bilər. Sənədlərin hansı istiqamətləri əhatə edəcəyini isə səfər zamanı biləcəyik. Onu da qeyd edim ki, zaman-zaman Azərbaycanla Türkiyə arasında bir çox məsələləri özündə ehtiva edən sənədlər imzalanıb. Bir daha Can Azərbaycana qardaş Türkiyədən salamlarımı göndərirəm”.
Oxşar xəbərlər