Azərbaycanlılar İsrail-Fələstin münaqişəsində hansı mövqedə və kimin tərəfində durmalıdır?..

  • 12 may 2021, 11:27
Son günlərdə artan İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrin Azərbaycan seqmentində insanlar iki yerə bölünüb: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir.
Maraqlıdır, əslində azərbaycanlılar hadisələrə necə yanaşmalıdır? Biz hansısa ölkəni müdafiə etməliyikmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-ın bu sorğusunu cavablandırıb.

Onun sözlərinə görə, azərbaycanlıların ən yaxşı münasibəti hər iki tərəfi sülhə çağırmaqdır:

“Bizim əsas meyarımız dövlətimizin maraqları olmalıdır. Bildiyimiz kimi, Azərbaycan dövlətinin İsraillə münasibətləri çox yaxşıdır.
Onu da qeyd etmək lazımdır ki, bu hadisələr xoşagəlməzdir. Körpə uşaqlar həlak olur. Mən hesab edirəm ki, belə bir mərhələdə bizim ən yaxşı mövqeyimiz kimisə müdafiə etmədən hər iki tərəfi sülhə çağırmaqdır. Sosial şəbəkələrdə insanlar kimisə müdafiə etməkdənsə, daha çox insanın həlak olmaması üçün sülhü dəstəkləməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Fələstin-İsrail münaqişəsini xalqların gözündən ən yaxşı təsvir edən əsər Bağdadda doğulmuş yəhudi əsilli yazıçı Əli Amirin “Yasəmən” romanıdır:

““Əmioğulları”nın davasında xalqların günahı yox, hər birinin öz həqiqətləri var.
İndi yenidən qızışan qarşıdurmada Azərbaycanın mümkün qədər neytral olması vacibdir, hətta Türkiyənin sərt mövqeyinə rəğmən. Əksinə, Bakı İsrail və Türkiyə münasibətlərində körpü ola bilər. Ankara-Təl-Əviv münasibətləri nə qədər yaxşı olarsa, bu, fələstinlilər üçün də normal perspektivlər yarada bilər.
Lakin dövlətin maraqlarına uyğun siyasi xətt tutması o demək deyil ki, insanlarımız zülmü alqışlamalıdır. Əslində normal olmayan məsələni bu qədər yaxına buraxmağımız, bu qədər həssaslaşdırmağımızdır”.

A.Nərimanlı deyib ki, dövlətin maraqlarına uyğun manevrləri, addımları var.

“Amma cəmiyyət olaraq Fələstin-İsrail münaqişəsi bizim 1 nömrəli məsələmiz olmamalıdır.
Qüds məsələsində Azərbaycan Fələstini dəstəkləyir, İsraili yox. Burada problem Azərbaycan insanının bütün məsələlərdə olduğu kimi, yenə də "Roma Papasından çox katoliklik" etməsidir, fələstinlidən çox fələstinli, yəhudidən çox yəhudi oluruq. Problemimiz budur”.
 
Oxşar xəbərlər