Sülhməramlıların “Şaumyan səhvi” - növbəti təxribat, yoxsa...

  • 28 apr 2021, 21:46

Politoloq : ““Şaumyan” adlı subyektin olmadığını rus sülhməramlıları yaxşı bilirlər“;  QAT sədri “indi qarşısını almasaq, sonra gec olacaq” deyir

Aprelin 26-da Rusiya Müdafiə Nazirliyinin saytında “Dağlıq Qarabağın Şaumyan rayonunun Aknaberd yaşayış məntəqəsində humanitar-tibbi aksiya” keçirilməsi barədə məlumat yerləşdirilib (“Turan”). Bu məlumat Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Çünki Dağlıq Qarabağda Şaumyan rayonu yoxdur. Separatçılar Kəlbəcərin adını Şaumyan rayonu olaraq dəyişdirmişdilər. Amma adıçəkilən kənd Kəlbəcərdə yerləşmir. Ermənilərin Aknaberd adlandırdıqları yer Azərbaycanın Umudlu kəndidir və Qarabağın keçmiş Mardakert rayonunda, hazırda isə Azərbaycanın Tərtər rayonunda yerləşir.
Rusiya sülhməramlılarının erməni vətəndaşlarla bağlı humanitar aksiyalar keçirməsinə rəsmi Bakının iradı yoxdur, amma...
Son vaxtlar sülhməramlılardan Azərbaycan cəmiyyətinin və rəsmilərin narazılığı artmaqdadır. AzTV də həftənin yekunları ilə bağlı proqramında sülhməramlıların Azərbaycanın ərazi bütövlüyünə yönəlik bəzi addımlarını tənqid edib. Əgər ermənilərə xoş gələn bu səhvlərə qəsdən yol vermirlərsə, sülhməramlılar ilk növbədə regionun coğrafiyasını Azərbaycan xəritələrindən öyrənməli, rəsmi adlara istinad etməlidir. Çünki bu məlumatları sülhməramlılar missiyası Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirirlər ki, bu da Rusiyanın rəsmi mövqeyi kimi anlaşılır. Ermənilər isə bu kimi “səhvlər”dən öz mənafeləri üçün istifadə edirlər...

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, burada pərdəarxası məqamlar var: “Rusiyanın sülhməramlı adlandırdığımız qüvvələrinin əməlləri BMT tərəfindən sülhməramlı fəaliyyətin əsasının qoyulduğu 1948-ci ildən bu günədək mövcud olan heç bir missiyaya uyğun gəlmir. Rusiya sülməramlıları de-fakto müşahidəçi statusu ilə daxil olduqları ərazilərin idarə edilməsi ilə məşğul olur, səlahiyyət çərçivələrinə aidiyyəti olmayan fəaliyyət həyata keçirirlər. Şübhəsiz ki, Azərbaycan ərazisində ”Şaumyan" adlı subyektin olmadığını rus sülhməramlıları yaxşı bilirlər. Dağlıq Qarabağ adlı inzibati ərazi subyektinin mövcud olmadığını da həmçinin. Sülhməramlılar indiki halda öz fəaliyyətlərində 10 noyabr bəyanatının müddəalarını əsas götürürlər ki, orada da tərəf kimi 4-cü hər hansı bir subyektin adı çəkilməyib. Bəyanata Azərbaycan qalib, Ermənistan məğlub, Rusiya isə zəmanətçi tərəf kimi imza atıb. Məhz bu baxımdan da, Rusiya sülhməramlıları rəsmi Moskvanın və bütün dünyanın Azərbaycan qanuni əraziləri kimi qəbul etdiyi, ölkəmizin bu ərazilər üzərindəki suveren hüquqlarını tanıdığı inzibati ərazi subyektlərinin, yaşayış məntəqələrinin adını Azərbaycan Respublikasının inzibati ərazi subyektlərinin təsnifatına uyğun şəkildə adlandırmalıdırlar. Yəni Azərbaycan Respublikasının inzibati-ərazi təsnifatında bu və ya digər yaşayış subyektinin adı necə keçirsə, Rusiya sülhməramlıları da həmin ərazini bu adla çağırmalıdırlar. Çünki Azərbaycan Respublikasında, o cümlədən sülhməramlıların müşahidəsi altında olan torpaqlarda Azərbaycanın müvafiq dövlət qurumlarından başqa inzibati ərazi bölgüsünü və adlarını müəyyənləşdirmək səlahiyyətinə sahib olan hər hansı bir qurum yoxdur".
Politoloq bir sıra amillər sadaladı: “Rusiya sülhməramlılarının səhvlərinin isə bir neçə amildən qaynaqlandığını ehtimal etmək olar:
Rusiya sülhməramlıları bu addımları mərkəzdən verilən sifariş və təlimatlar əsasında həyata keçirirlər. Məqsəd isə Azərbaycan vətəndaşlarını qıcıqlandırmaq, ictimai rəyə şübhə toxumu səpmək, toxumu kəsilməkdə olan “beşinci kolon”un tör-töküntülərinə sabotaj üçün bəhanələr verməkdən, milli birliyimizə və həmrəyliyimizə zərbə vurmaqdan, işğaldan azad edilmiş ərazilərin bərpa prosesini və mühüm nəqliyyat-kommunikasiya layihələrinin icrasını ləngitməkdən, məcburi köçkünlərin qayıdışını əngəlləməkdən ibarətdir.
Rusiya Müdafiə Nazirliyinin, yaxud sülhməramlı missiyanın tərkibindəki gizli-aşkar ermənilər və ya “erməni sevdalıları” bütün bunları qeyd etdiyim məqsədlər və həm də Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək üçün edirlər.
Sülhməramlıların mətbuat üçün açıqlamaları onların müşahidə apardıqları ərazilərdəki separatçı tör-töküntülərinin iştirakı ilə aparılır. Bütün hallarda, baş verənlərin məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə düşür. Qərəzli, yaxud qərəzsiz, məqsədyönlü və ya bilməyərəkdən atılan bütün səhv addımlara görə məsuliyyəti onlar daşıyırlar. Bu baxımdan, təxribatların görünən tərəflərinə önəm vermədən, daha prinsipial əhəmiyyət kəsb edən işlərimizi davam etdirməliyik".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu cür fəaliyyətlərin təcili surətdə qarşısının alınmasını olduqca vacib sayır: “Dağlıq Qarabağda artıq Ermənistan və erməni faktoru yoxdur, onları Rusiya və rus sülhməramlıları problemi əvəz edib. Ermənistan siyasi, hərbi və digər cəhətlərdən tam zərərsizləşdirilib.  Bundan sonra bu eybəcər toplum ən azından 30-50 il iflic vəziyyətində qalacaq. İndiki vəziyyətdə təhlükə Rusiya amili ilə bağlıdır. Rusiyanın bu cür ”səhvləri" təsadüfi deyil, məqsədyönlü şəkildə həyata keçirilən planın tərkib hissəsidir. Rusiya rəhbərliyi, həmçinin sülhməramlı deyilənlərin komandanlığı, onların mətbuat nümayəndələri çox gözəl bilirlər ki, Dağlıq Qarabağın Şaumyan rayonu heç vaxt olmayıb, ermənilər Kəlbəcərdə “Şaumyan rayon administrasiyası” deyilən qondarma qurum yaratmışdılar. Bunları bilir və bilərəkdən təxribat xarakterli təhriflərə, saxtakarlıqlara gedirlər. Ruslar öz siyasətlərini yeridir, ermənilər də onların siyasətindən yararlanmağa çalışırlar. Özlərinin əlindən bir şey artıq gəlmir, rusların tör-töküntüsünü yığışdırmağa çalışırlar. Azərbaycan rusların nəzarətsiz fəaliyyətinə, o cümlədən “humanitar ” dedikləri fəaliyyətinə son qoymalıdır. İndi qarşısını almasaq, sonra gec olacaq".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
Oxşar xəbərlər