Digər ölkələrin Türk Şurasına qatılması quruma nə verə bilər? - AÇIQLAMA

  • 16 apr 2021, 09:47
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası ilə bağlı bir neçə gün əvvəl vacib açıqlama  ilə çıxış edib. Ərdoğan qeyd edib ki, tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən çox sayda ölkələr var. Artıq bu qurumu beynəlxalq  təşkilat halına  gətirməyin vaxtı gəlib çatıb.

Bəs maraqlıdır, hansı ölkələr Türk Şurasının fəaliyyətində necə iştirak edə bilər?
Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə bildirib ki, təklif baş tutarsa, türk mədəniyyətinin və təhsilin fəaliyyətinin inkişaf edəcəyini düşünmək olar:

“Fərqli ölkələrin Türk Şurasının işində həm müşahidəçi statusunda, həm də humanitar və mədəniyyət sahələrində fəallığını düzgün hesab edirəm. Gələcəkdə türklərin öz mədəni irsinin və  dəyərinin fəal inkişafı Türk Şurasının mühüm istiqamətidir. Bununla bağlı “TÜRKSOY”un tədbirləri  təşkil olunur. Amma şuranın üzvü olmayan dövlətlərin iştirakı mədəni irsin araşdırılıb, dünyaya nümayiş etdirilməsinə daha çox töhfə verə bilər. Düşünürəm ki, bu istiqamətlərdə çox işlər görülməlidir”.


Hansı ölkələrin Şuraya qatıla biləcəyinə gəlincə isə deputat hesab edir ki, Türk Şurasında bir sıra mühüm icmaları olan ölkələrin iştirakı gözlənilir:
“Əgər hansısa ölkə qoşulmaq üçün müraciət edərsə, bu, təşkilatın əsas qurumlarında  müzakirə olunaraq, rəhbərlik səviyyəsində qərar veriləcək. Hansısa ciddi maneələrin yaradılacağına inanmıram”.
Oxşar xəbərlər