Şuşaya atılan iki raket və üç versiya.. “İSGƏNDƏR-M” niyə və necə atılıb?

  • 02 apr 2021, 00:44
Hələ müharibənin bitməsindən cəmi 10 gün sonra separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyan Qarabağdakı savaşda “İskəndər” raketlərindən istifadə olunduğunu bəyan edəndə bu məlumata demək olar heç kim ciddi əhəmiyyət vermədi. Həm də həmin vaxt Akopyan raketlərin konkret olaraq hara atıldığını demədiyindən çoxları bunu qeyri-ciddi qəbul etdi...
Bundan bir müddət sonra Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Nikol Paşinyanın orduya yarıtmaz rəhbərliyini qabartmaq üçün Ermənistanın İkinci Qarabağ Müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən “gec istifadə etdiyini”(!) bildirdi. 
Yəni sözügedən raketlərin Azərbaycana atıldığını etiraf etdi, lakin bunun gec edilməsindən gileyləndi: “Ermənistan tərəfdən “İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm. Konkret olaraq Şuşaya atılıb. “İskəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi..." Lakin Sarqsyanın da etirafına həmin vaxt nə Azərbaycan tərəfi, nə də Rusiya rəsmi səviyyədə demək olar heç bir ciddi reaksiya vermədi.

Nəhayət, Paşinyan Sarqsyanın ittihamlarına cavab verərkən söylədiyi sözlərlə əsl “informasiya bombası” partlatmış oldu: “Düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”.
Bununla da Ermənistanın keçmiş prezidentinin bilərəkdən, ya bilməyərəkdən qoyduğu fitili yandıran Paşinyan Rusiya silah sənayesində böyük partlayış effekti verən, onun dünya silah bazarındakı mövqelərinə sarsıdıcı zərbə vuran addım atmış oldu.
Yalnız bundan sonra Rusiya rəhbərliyi rəsmi qaydada “İskəndər” məsələsinə reaksiya verdi və Paşinyanı naşılıqda, məlumatsızlıqda günahlandırdı.
Rusiya Müdafiə Nazirliyi isə Paşinyanın siyasi böhrana səbəb olan iddialarını rədd edərək bildirdi ki, Qarabağ müharibəsində "İskəndər" ballistik raketlərindən ümumiyyətlə istifadə olunmayıb: "Görünür, Baş nazir cənab Paşinyan yanıldılıb və beləliklə səhv məlumatlardan istifadə edib".
Hələ o vaxt sual yaranırdı: necə olur bir ölkənin baş naziri, sabiq prezidenti və qondarma rejimin rəhbər hərbçisi – hər üçü eyni yalanı deyir? Moskvanın hər zaman adət etdiyi tərzdə davranmasına rəğmən, məlum məsələ idi ki, “qatıq qaradır” deyən Rusiya Müdafiə Nazirliyilə müqayisədə Paşinyan və digərləri daha səmimi idilər...

Nəhayət, bir növ unudulmuş ““İskəndər” məsələsi” Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etdiyinə dair rəsmi bəyanatından sonra yenidən gündəmə gəldi. Özü də daha qabarıq və konkret faktlara, dəlil və sübutlara əsaslanmış şəkildə.
Belə ki, 2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqlarının aşkar edildiyi bəyan olundu. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edildi. Bəli, əsas məsələ də elə məhz həmin bu (9M723) identifikasiya nömrəsindədir.

Şuşaya atılan raketin identifikasiya kodu təsdiq edir ki, raket “İsgəndər-M” kompleksindən atılıb. Hansı ki, rəsmi mənbələrə görə, Ermənistan ordusunun arsenalında ancaq “İsgəndər-E” kompleksləri olmalı idi. Qeyd edək ki, “İsgəndər-E” “İsgəndər-M” komplekslərinin sadələşdirilmiş variantıdır və onun uçuş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə 500 kilometr mənzillidir. Lakin bu raketlərin hətta 2 min kilometrə qədər uça bildiyi məlumdur. Və Rusiyaya inansaq, bu silah Ermənistanda olmamalı idi. Ancaq indi görünür ki, olub – ya Ermənistan ordusunda, ya da Rusiyanın Gümrüdəki hərbi bazasında.
Bəs, o zaman Rusiya Müdafiə Nazirliyi “Qarabağ müharibəsində "İskəndər" ballistik raketlərindən ümumiyyətlə istifadə olunmayıb” deyərkən nəyi və niyə gizlətmək istəyib? Burada əsas üç versiya irəli sürmək olar:
Birincisi, Rusiya tərəfindən Ermənistana rəsmən “İskəndər-M” raketi verilməyib. Ancaq faktiki olaraq belə çıxırdı ki, bu silah gizli şəkildə İrəvana verilib. Bunun üstünün açılması isə Rusiyanın maraqlarına uyğun deyil. Çünki bu halda işğalçı ordunun ixtiyarında sözügedən raketin olduğunun təsdiqlənməsi Moskvanı pis vəziyyətdə qoymuş olur.
İkincisi, Rusiya bu raketləri Ermənistana hələ Sarqsyanın dövründə verib və bu məsələdə Rusiyanı özünün barışdırıcı güc kimi reputasiyası bir o qədər maraqlandırmır. Sadəcə, “İskəndər-M”-in heç də uzun illərdir reklam olunduğu qədər dəqiq, effektli və dağıdıcı xüsusiyyətlərə malik olmadığı üzə çıxırdı ki, bu da Rusiyanın silah bazarındakı mövqelərinə ciddi zərbə vurmuş olurdu.
Nəhayət, üçüncü versiya - bu raketlər doğrudan da Ermənistana verilməyib və Azərbaycan ərazisinə Ermənistan ordusu tərəfindən yox, Rusiyanın Gümridəki hərbi bazasından atılıb. Bu faktın rəsmən təsdiqlənməsi isə Rusiyanın müharibə dövründə yaratmaq istədiyi neytral və barışdırıcı görüntü ilə uyğun gəlmir və onun birbaşa müharibəyə müdaxiləsi kimi üzə çıxırdı. Ona görə də ümumiyyətlə, Rusiya tərəfindən “İskəndər” raketlərinin istifadə olunması inkar edilir.
Təbii ki, bu versiyaların hansının gerçəkliyə daha yaxın olduğunu Rusiya və Ermənistan rəhbərlikləri daha yaxşı bilir. Ancaq Azərbaycan tərəfi də həqiqəti bilməmiş deyil...
Eyni zamanda, təəssüf ki, bu variantların hər üçü ağlabatandır və hər üçü də Rusiyanın görüntü olaraq yaratmaq istədiyi, ancaq heç cür alınmayan sülhməramlı siması, missiyası ilə daban-dabana ziddir! Necə ki, bu gün Rusiyanın Qarabağın işğal altında qalan ərazilərdəki erməni separatizmini dirçəltmək üçün atdığı addımlar, davranışlar da nə 10 noyabr sazişinə, nə bu sazişlə boynuna götürdüyü missiyaya, nə də qonşu, dost, strateji tərəfdaş anlayışlarına uyğun deyil.
Bu arada Gəncəyə və Bakı istiqamətinə atılan raketləri də yaddan çıxarmayaq. Yəqin ki, nə zamansa xüsusilə də Bakı istiqamətinə tuşlanmış həmin raketlər, onların tipi, trayektoriyası və s. barədə də rəsmi qurumlarımız ətraflı açıqlamalar verəcəklər. Özü də sadəcə, ANAMA səviyyəsində yox...
Cəlal Məmmədov
“AzPolitika.info”
Oxşar xəbərlər