PA: "Cəmil Həsənlinin qızı barədə qalmaqal ən yüksək səviyyədə nəzarətə götürülüb"

  • 30 mar 2021, 22:50

Prezident Adminstrasiyasından AXP sədri Pənah Hüseynə bildirilib ki, Milli Şura sədri Cəmil Həsənlinin qızının adı hallandığı video ilə bağlı məsələdə "heç bir dövlət orqanlarının bu işdə iştirakından söhbət gedə bilməz".


İki gün öncə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb.

Cəmil Həsənli BBC News Azərbaycancaya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.

O, Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. Cəmil Həsənli vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".


Ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycancaya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin "özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını" bildirib.

BBC News Azərbaycancaya danışan yerli hüquqşünaslar deyirlər ki, ölkədə son bir neçə ildə dəfələrlə ayrı-ayrı hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin intim görüntülərinin yayılması və bu barədə hüquq mühafizə orqanlarının tədbir görməməsi belə bir fikir formalaşdırır ki, bu, "şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BBC News Azərbaycancaya deyir ki, Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə ilə bağlı ittiham etmək absurdur və iqtidarın "belə yollara əl atmasına ehtiyacı yoxdur".

BBC News Azərbaycanca məsələ ilə bağlı Baş Prokurorluqdan şərh ala bilməyib.


"Bu, dövlətin şərəf məsələsidir"

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, bəzi siyasi partiyalar və ictimai xadimlər Cəmil Həsənlinin qızının olduğu iddia edilən video ilə bağlı Prezident Adminstrasiyasına müraciət ediblər ki, bu məsələyə tezliklə aydınlıq gətirilsin və günahkarlar tez bir zamanda aşkar edilib cəzalandırılsınlar.

Pənah Hüseyn BBC News Azərbaycancaya deyib ki, Prezident Adminstrasiyasından şifahi aldığı cavab belə olub:

"Məlumat verildi ki, bu məsələdə heç bir dövlət orqanlarının bu işdə iştirakından söhbət gedə bilməz. Əksinə bu, dövlətə və hazırda müxalifətlə dialoq kursu götürülüb, həm də o prosesə qarşı genişmiqyaslı təxribatdır. Onlar (Prezident Administrasiyası-red.) hətta xarici gücləri də istisna etmirlər. Qəti şəkildə bildirildi ki, bu məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb və tapşırıq verilib ki, bu cinayətin üstü açılmalıdır. Cinayətkarlar tapılıb cəzalandırılmalı və bu barədə ictimaiyyətə də məlumat verilməlidir".

Pənah Hüseynin fikrincə, Cəmil Həsənlinin ailəsi ilə bağlı edilən bu hərəkətlər bütovlükdə cəmiyyətə, insan haqlarına qarşı çox ciddi bir reaksiya yaratmış hadisədir və "fəsadları da göz qabağındadır."

Keçmiş baş nazirin sözlərinə görə, iki gündür bu hadisə nəticəsində cəmiyyətdə yaranan əminlik odur ki, Dövlət Xüsusi Xidmət Orqanlarının özü Cəmil Həsənlinin siyasi mövqeyi ilə bağlı olaraq ona qarşı təxribat həyata keçirib. O vurğulayır ki, bu işin icraçıları tapılıb ortaya çıxarılsa, bu iradlara, şübhələrə və ittihamlara nöqtə qoyula bilər.

"Əks təqdirdə bu məsələ heç şübhəsiz ki, ən azı ictimai rəydə hakimiyyətin üzərində qalmaqda davam edəcək. Bu baxımdan, deyilən yoxlamanın bitməsini gözləmək lazım gəlir. Mən də orada da demişəm ki, hazırda bu hadisənin aşkarlanması təkcə bir fərdin hüquqlarının qorunması yox, bütövlükdə dövlətin şərəf məsələsidir".

"Qızımın şəxsi həyatını necə yaşaması onun şəxsi işidir"

Cəmil Həsənli bazar günü yayılmış video görüntüdə qızının olması iddiaları ilə bağlı öz Facebook hesabında açıqlama verərək 38 yaşlı qızının öz şəxsi həyatının ola biləcəyini bəyan edib:.

"Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur,"- cənab Həsənli yazıb.

O bildirib ki, "əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir".

"Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur," - Cəmil Həsənli vurğulayıb.

Azərbaycan Konstitusiyasının 32-ci bəndinə görə, ölkə qanunvericiliyi şəxsin özəl görüntülərinin özünün icazəsi olmadan, qeydə alınmasını, saxlanmasını və yayılmasını qadağan edir, bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir və hər kəsin şəxsi həyatının toxunulmazlığının dövlət təminatı altında olduğunu bildirir

Oxşar xəbərlər