“Avropa Azərbaycana hansı qapının deşiyindən baxır?”

  • 06 fev 2021, 09:43

Alqış Musayev: “Həmsədrlər regiona bir neçə dəfə səfər edəndən sonra geyimləri, sir-sifətləri dəyişir, kökəlib ətə-qana dolurlar”

Avropa Parlamentinin (AP) üzvləri, Avropa Birliyi (AB) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanat verilib.
AB və AP Qarabağ məsələsində niyə hələ də “münaqişənin həllində danışıqlar olmalıdır” deyir? Azərbaycanın qələbəsini görmürlər, yoxsa yenidən “ermənilərə status” məsələsini gündəmə gətirirlər?
Sabiq deputat Alqış Musayev “Yeni Müsavat”a bildirdi ki, burada bir yox, bir neçə səbəbdən danışmaq düzgün olardı: “Adətən beynəlxalq təşkilatların verdiyi bəyanatlar bir neçə istiqamətə hesablanır. Bu cür bəyanatlar hər şeydən əvvəl həmin təşkilatların öz imicinin qayğısına qalmaq istəyindən irəli gəlir. Görüntü yaradılır ki, işləyirik, fəaliyyət göstəririk və sair. Ermənistana qarşı aşırı sevgiyə gəldikdə, bu, ailədəki ”şikəst, zəif övlada göstərilən həssas münasibət" çərçivəsindən bir xeyli kənara çıxır. Bu “sevgi” hətta xristian təəssübkeşliyinin hüdudlarına da sığmır. Burada iqtisadi, geosiyasi maraqların ciddi təsiri ola bilir. Zənnimcə, bölgədə gedən proseslər barədə AB-nin məlumatsız olması, o qədər də inandırıcı deyil. Necə xəbərləri olmaya bilər? Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Azərbaycan əsgəri təkcə işğal altındakı torpaqlarını azad etməyib, həm də beynəlxalq hüququn keşikçisi rolunda çıxış edib. Bütün bunları bilirlər. Amma  mövzunu bitirmək istəmirlər. Ölü problemə çevrilmiş Qarabağ münaqişəsini  heç cür dəfn etmək istəmirlər. Çünki bu problem onlara lazımdır".
Sabiq deputat maraqlı bir detala da toxundu: “Adi bir misal deyim, diqqət etmisinzsə, Minsk Qrupunun həmsədrləri regiona bir neçə dəfə səfər edəndən sonra az qala tanınmaz olurlar. Geyimləri, sir-sifətləri dəyişir, əməlli-başlı kökəlib ətə-qana dolurlar. Qarabağ münaqişəsi bir çoxları üçün açıq-aşkar gəlir və yem yeridir. Ona görə də mən deyərdim ki, əksinə, AB daxil olmaqla, bütün beynəlxalq təşkilatlar Cənubi Qafqazda nə baş verdiyini diqqətlə izləyirlər, hər şeydən xəbərdardılar. Sadəcə, iqtisadi və siyasi hədəflərinə uyğun bəyanatlar verirlər. Necə sərf edir, elə də danışırlar. Lazim gəlirsə göz görə-görə yalan söyləyirlər. Yəqin xatırlarsınız, AŞPA-nın Azərbaycan üzrə bir məruzəçisi vardı, Dik Marti. Hesabatında yazmışdı ki, Bakıdakı hoteldə, guya ona yüngül əxlaqlı qızlar müsafir olmaq istəyiblər. O da hotel otağının gözlüyündən baxıb qapını açmayıb. Həqiqətdə isə Dik Martinin gecələdiyi hotel otağının, ümumiyyətlə, gözlüyü olmayıb. Onda sual olunur avropalı deputat o zaman  hadisələri hansı deşikdən müşahidə edirmiş? Və Avropa Azərbaycana hansı qapının deşiyindən baxır? Dik Martinin belə rəftarı bir çox avropalı siyasilər üçün xarakterikdir. Beynəlxalq təşkilatların, o cümlədən AB-nin Azərbaycana yanaşmasından irəli gələn bu cür yüzlərlə sual ortaya çıxır. Və yəqin ki, biz hələ belə suallarla tez-tez rastlaşacağıq”.
A.Musayevin sözlərinə görə, görünən odur ki, Avropa Birliyi kimi qurumlar Cənubi Qafqazın lider ölkəsini-Azərbaycanı əlavə vaxt, enerji və pul xərcləməyə vadar etməyə çalışırlar. /“Yeni Müsavat”/
Oxşar xəbərlər