İrəvan Azərbaycanın şərtlərini qəbul etməlidir

  • 15 yan 2021, 09:09

Rusiyadakı üçtərəfli görüşdən və ermənilərə yeni nəfəsliyin verilməsi istiqamətində addımların atılmasından sonra da rəsmi ermənilər xəstə iddialarından əl çəkmək istəmir

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü Ermənistan ictimaiyyətinin və iqtiqarlı-müxalifətli siyasi elitasının “kürkünə birə salıb”. Ərazilərimizin əbədilik ilhaq olunduğu üzərində illərdir xəyal quranlar 44 günlük savaşdan sonra geridönüşə cəhd etsələr də, bir-birinin ardınca fiaskoya uğramaqdadırlar ki, bunu da heç cür sinirə bilmirlər.
Ziddiyyətə baxın ki, 10 noyabr bəyannaməsinin imzalanmasına və xilaskar rolunu oynamasına görə Rusiya rəhbərliyinə minnətdar olmaq əvəzinə, erməni müxalifəti Nikol Paşinyanın Moskvaya getməməsi, prezident Putinin təşəbbüsü əsasında keçiriləcək görüşdə iştirak etməməsi üçün sonadək cəhdlər göstərdi. İstisna deyil ki, bununla Ermənistan üçtərəfli görüşdən əlavə nələrsə qoparmağa çalışırdı. Axı ötən illərdə biz dəfələrlə buna bənzər gedişlərin şahidi olmuşuq. Ancaq Paşinyanın özünün də etiraf etdiyi kimi, Rusiya paytaxtındakı görüş ermənilərin arzu-istəyini gözündə qoydu. Düzdür, açılacaq kommunikasiyalar və nəqliyyat dəhlizləri dalan vəziyyətində qalmış Ermənistana əlavə nəfəslik verəcək və bu da ermənilərin xilasının başlıca şərtidir. Ancaq on illər ərzində beyinləri zəhərlənmiş toplum Qarabağsız (!) bu nəfəsliyi qəbul etmək istəmir. Elə son günlər Ermənistanda keçirilən sorğulardan da aydın olur ki, yaşlı-cavan olmalarına baxmayaraq, ermənilər Azərbaycanla barışığa bir halda razı ola biləcəklərini deyirlər, Qarabağın onlarda olması halında. Bu yanaşmanın özü erməni cəmiyyətinin ciddi müalicəyə ehtiyacının olduğunu deməyə əsas verir.
Yanvarın 13-də Ermənistan XİN-in Azərbaycanı 90-cı illərdə “erməni qırğını” törətməkdə ittiham etməsi isə həyasızlığın pik nöqtəsi sayıla bilər. Təsəvvür edin, 1905-1918-ci illərdə on minlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirən, tarixi Azərbaycan torpaqlarında dövlət qurub, oradakı yüz minlərlə azərbaycanlını tarixi yerlərindən didərgin salan, Xocalıda soyqırım törədən, Qarabağı 30 ilə yaxın işğalda saxlayıb bəşəri cinayətlərə imza atan bir toplum, bir ölkə Azərbaycanı olmayan hadisələrə görə ittiham edir. Özü də hansı bir vaxtda: Azərbaycan bütün üzləşdiyi cinayətləri bir kənara qoyub ermənilərlə birgəyaşayışa razılıq verdiyi, Ermənistana quyunun dibindən çıxmaq üçün yollar açmağa başladığı bir dönəmdə. Bu, Ermənistanın növbəti nankorluğudur. Deməli, bu ölkənin sağalması üçün uzun illər tələb olunacaq, amma müalicə effekt verəcəkmi, əsas sual budur.
İrəvan 10 noyabr bəyannaməsini pozaraq Azərbaycan ərazisinə Şirakdan terrorçu dəstələr göndərdiyinə görə məsuliyyətini dərk etmək, ayıbına kor olmaq əvəzinə, rəsmi Bakıdan beynəlxalq təşkilatlara şikayət edir, 64 “hərbi əsir”in azad olunmasını istəyir. N.Paşinyan da Moskvada bu istiqamətdə mızıldandı. Amma nə prezident İlham Əliyevin, nə də Vladimir Putinin onun dediklərinə məhəl qoymaması o anlamı verir ki, məsələ hüquqi müstəvidə həllini tapacaq. Yəni Azərbaycan onun ərazisində terror aktları törədib mülki vətəndaşlarımızı və hərbçilərimizi qətlə yetirən, yaralayan terrorçulara layiqli cəza verəcək, vəssalam.
Türkiyə Moskva görüşündən narazı qalıb? – NƏ BAŞ VERİR? | KAİM.AZ
Ermənistan ona arxayın idi ki, Moskva görüşündə Türkiyə iştirak etməyib və deməli, Bakı əsas müttəfiqindən ayrı düşüb. Üstəlik, Fransa prezidentinin görüş ərəfəsində Putinə telefon açması da İrəvanda ümidlər yaratmışdı, yenə də Minsk Qrupunun vasitəçiliyindən dəm vurmağa başlamışdılar. Paralel olaraq Azərbaycan Prezidentinin dediyi kimi, “cəhənnəmə getmiş, gorbagor olmuş” statusu dirçəltmək üçün mənasız cəhdlərdə bulunurdular. Ancaq Rusiya prezidenti Vladimir Putinin Moskva görüşündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon açaraq nəticələri, həmçinin perspektivləri onunla müzakirə etməsi ermənilər üçün soyuq duş effekti verdi. Məlum oldu ki, iki lider Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər. Rəsmi məlumatda qeyd olunurdu ki, telefon söhbətində Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub. Həmçinin liderlər qarşılıqlı ticarət əlaqələrinin artırılması, mühüm istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin vaksinin birgə istehsalı və tətbiq olunması planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə məsələlərini də müzakirə ediblər. Türkiyə dövləti bəyan edir ki, Ankara Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşaması üçün şərait formalaşdırılmasının tərəfdarıdır. Türkiyə Prezidenti Administrasiyasının məlumatında deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb. Türkiyə prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır.
“Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək”, - deyə Ərdoğan bildirib.
R.T.Ərdoğanın mövqeyi erməniləri təşvişə salıb. Axı ermənilər Qarabağa rus hərbçilərə arxayın olub qayıdırlar. Türkiyənin burada olması isə onlar üçün heç də xoş xəbər deyil. Bu telefon danışığı ondan xəbər verir ki, Türkiyə nəinki Qarabağ müzakirələrindən kənarda deyil, hətta prosesin içərisindədir. Mehri dəhlizinin açılmasından söhbət gedirsə, sözsüz ki, burada Türkiyənin varlığına şəkk edilə bilməz. Bütün baş verənlər Ermənistanın postmüharibə dövründə də məğlubiyyətə davam etdiklərini söyləməyə imkan verir. Əslində ermənilər bunu gizlətmirlər də və əsasən Paşinyanı ittiham edirlər. Amma soyuqqanlı təhlil onu deməyə əsas verir ki, bəlkə də N.Paşinyan ölkəsini və xalqını xilas etmək üçün cəhdlər göstərir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövcud durumu “Yeni Müsavat”a şərh etdi: “Ermənistanın baş naziri Nikol Paşinyan əslində Moskvadakı görüşə iki mövzu ilə getmək istəyirdi: status məsələsinin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi. Hər iki məsələ fiaskoya uğradı. Çünki Azərbaycan bu məsələləri müzakirə etmək istəmir. Açıq demək lazımdır ki, Rusiya prezidenti bu məsələlərdə Azərbaycan Prezidentini dəstəklədi. Nə əsirlər məsələsi Moskvada qaldırıldı, nə də status məsələsi. Rusiya üçün də önəmli olan dəhlizlər, infrostruktur layihələridir, regional əməkdaşlığın genişlənməsidir”. Politoloq qeyd etdi ki, Azərbaycan da bunlarda maraqlıdır: “Sadəcə, bizim əsas şərtimiz də gündəmdə qalır ki, Ermənistanla iqtisadi münasibətlərin bərpası üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ərazi iddialarından vaz keçməli, Dağlıq Qarabağı da Azərbaycan ərazisi olaraq qəbul etməlidir. Amma buna qədər, bəli, Naxçıvanla dəhliz açıla bilər, bu, hamının marağındadır. Türkiyə bu dəhliz vasitəsilə həm Azərbaycan, həm Rusiya, həm də Mərkəzi Asiya bazarına çıxış imkanı əldə edir. Rusiya üçün də bu dəmir yolu vacibdir, Türkiyə və digər ölkələrə, o cümlədən Ermənistana çıxış imkanı əldə etmək baxımından. Əslində bu, Ermənistan üçün də vacibdir. Çünki Rusiya-Gürcüstan münasibətlərinin gərgin olmasına görə illərdir Rusiya-Gürcüstan dəmir yolu işləmir və bu dəmir yolu ilə Ermənistanın giriş-çıxış imkanları yoxdur. Amma indi artıq Rusiya Azərbaycan üzərindən dəmir yolundan istifadə etməklə Ermənistana giriş imkanı əldə edir. Eləcə də Ermənistan bu dəmir yolundan Rusiyaya çıxış imkanı qazanır. Bircə şərtimiz var ki, gərək buradan hərbi yüklər daşınmasın. Yəni bu yol tam şəkildə bizim nəzarətimizdə olacaq”. E.Şahinoğlu hesab edir ki, əslində iqtisadi əlaqələrin bərpası, regional layihələrdə iştirak bizdən çox, Ermənistana lazımdır: “Çünki biz onsuz da bu məsələləri çoxdan həll etmişik. Neft-qaz boru kəmərlərimiz Ermənistandan yan keçərək dünya bazarına çıxır. Bu layihələr Ermənistana lazımdır ki, özünə gəlsin. Amma özünü elə göstərməyə çalışır ki, guya onun üçün daha vacib mövzular var. Əsirlər məsələsi ilə bağlı Prezident İlham Əliyev də deyib, 10 noyabrdan sonra ələ keçirilən silahlı separatçılar bizim üçün terrorçudur, onlar cəzalarını alacaqlar. Çünki 10 noyabr bəyanatından sonra bütün silahlılar bölgədən çıxarılmalı idi.  Çıxartmayıblarsa, demək, onlar cəzalarını alacaqlar. Amma Paşinyan bu mövzunu daim gündəmdə saxlamağa məcburdur. Çünki onu daxildə bu mövzuya görə sıxırlar. Ona görə də Moskvadakı mətbuat konfransında bu mövzunu bir daha gündəmə gətirdi ki, əsirlər mövzusunun onun üçün önəmli olduğunu erməni auditoriyasına göstərsin. Amma bu məsələlər həllini tapmır. İndiki şəraitdə həllini tapa da bilməz”.
Politoloq hesab edir ki, dəhlizlərin açılması vacibdir: “Çünki bu, regional əməkdaşlığa güc verəcək. Bu addımların atılması Ermənistanın özü üçün də vacibdir. Ermənistan gərək Azərbaycan və Türkiyə ilə qarşıdurmanı əməkdaşlıq müstəvisinə gətirsin, buna ilk növbədə o, maraqlı olmalıdır. Düzdür, 100 ildir beyinləri zəhərlənib, amma artıq bu ideologiyadan vaz keçmələri lazımdır. İki böyük qonşu ilə uzun müddət düşmənçilik mövqeyində qalmaq həmin dövləti fəlakətə, uçuruma aparır. Bunu Ermənistanda bəziləri başa düşüb. Amma çoxu hələ də xülya ilə yaşayır. Bu xülyadan əl çəkməyənə qədər vəziyyətləri ağır olacaq”.
Ermənistanda bu həqiqəti və reallığı anlayanlar da var, amma say baxımından azlıq təşkil edirlər. Azlıqda olmaları səbəbindən ya səsləri eşidilmir, ya da daha uca səslə danışmağa ehtiyat edirlər. Terrorçuların meydan suladığı ölkədə bu, bəlkə də normal qəbul oluna bilər.
Oxşar xəbərlər