Fövqəladə Xankəndi - iki nazirin səfəri

  • 24 dek 2020, 19:26

Görünən həm də odur ki, Xankəndi indi müharibəni təzəcə bitirmiş tərəflərdən başqa, Rusiya üçün də fövqəladə statusdadır...

Rusiyanın mülkü müdafiə və fövqəladə hallar naziri Yevgeni Ziniçevin Bakıya səfəri yerli medianın diqqətindən kənarda qaldı. Bu cür spesifik statusda olan nazir, adətən, fövqəladə hadisələrin arxasınca hərəkət edər, az-az hallarda isə ölkə hüdudlarını tərk etmək zərurəti yaranar. Bu baxımdan Ziniçevin qəfil gəlişi diqqət çəkdi.

Maraqlıdır ki, Bakıya gəlməzdən bir neçə saat əvvəl (21 dekabr) Rusiya prezidentinin əmri ilə nazir Ziniçevə çoxlarına qismət olmayan ordu generalı kimi yüksək hərbi ad verilib. 2018-ci ilin mayından nazir olan Ziniçev Krem sahibinə ən yaxın kadrlardan biri hesab olunur, Kalininqrad vilayəti üzrə FTX-nın rəisi olub, vaxtilə Putinin mühafizə xidmətində onun ən yaxın qorumalarından biri olduğu da deyilir. Yeri gəlmişkən, Ziniçevdən üç gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov da İrəvanda və Bakıda səfərdə olmuşdu. Təsadüfmü, əlbəttə yox...

Rəsmi Bakının yaydığı qısa məlumatlarda hər iki generalın səfəri haqda ümumi sözlər var. Amma İrəvandakı görüşlərdən yayılan məlumatlarda əsas müzakirə mövzusunun məhz Qarabağ olduğu deyilir. Bəs, nə baş verir ki, FTX direktorundan sonra, FHN rəhbərinin də Bakı və İrəvanla üz-üzə məsləhləşmək zərurəti yaranır?
Məlumdur ki, Bortnikovun rəhbərlik etdiyi Rusiya FTX-sına 10 noyabr anlaşmasında ciddi görəv verilib. Belə ki, anlaşmanın 9-cu bəndinə görə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Kommunikasiyaların bərpası haqda danışmaq hələ çox tez olsa da, bu bəndin icrası ilə bağlı artıq bəzi məsləhtləşmələrin başladığını demək olar. Amma yada salaq ki, indi FTX-nın daha bir mübahisəli məsələdə də iştirakı qaçılmaz olub. Belə ki, Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasında bəzi mübahisəli məqamlar var. Bu səbəbdən mümkündür ki, FTX direktorunun hər iki tərəfin mövqelərini dinləmək və koordinasiya etmək zərurəti yaranıb. Ununtmayaq ki, FTX illərdir Ermənistan sərhəddinin mühafizəsini aparır. İndi isə Rusiya Qarabağda məlum sülhməramlı missiyadan əlavə, həm də dövlət sərhədlər ilə bağlı da orbitr rolunu üzərinə götürür.

Ziniçevlə Bortnikovun səfərində diqqət çəkən başqa bir məqam da var. Həm FTX, həm FHN Putinin sərəncamı ilə Qarabağda yaradılmış Humanitar Mərkəzdə birgə fəaliyyət göstərir. FTX-ya bu missiya çərçivəsində hansı görəv verildiyini yalnız ehtimal etmək olar. Bu görəv yəqin ki, Qarabağ ermənilərinə göndərilən humanitar yüklərin həm Rusiya, həm Ermənistan sərhədlərindən xüsusi maneə olmadan keçirilməsi üçündür. Beləliklə, Rusiya FTX-sı Qarabağla bağlı üç mühüm məsələdə- həm kommunikasiyaların təhlükəsizliyi, həm sərhəd, həm də Humanitar Mərkəzdə ciddi görəv alıb. Bakının da konkret olara FTX-dan umacaqları olmamış deyil. İndi əsas naratlıq doğuran məsələ Ermənistan sərhədindən Qarabağa yaraqlılarının sızması ilə bağlı xəbərlərdir. Rusiya FTX-sı sərhəddin o biri tərəfində diqqətli olmalıdır.

Ziniçevə gəlincə, Xankəndi indi həqiqətən də “fövqəladə şəhər” statusundadır. Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının 23 blok-postunun əsas hissəsi Xankəndi ətrafında yerləşdirilib. Müharibə vaxtı buradan qaçmış erməniləri demək olar ki, hər gün Laçın koridoru vasitəsilə bu şəhərə qaytarılırlar. Əsas humanitar yüklər də bu şəhərə gətirilir, buradan da ermənilər məskunlaşmış digər ətraf yerlərə paylaşdırılır. İndi bu işin əsas ağırlığı Humanitar Mərkəzdə FHN-nin üzərinə qoyulub. Ermənilərə humanitar yükləri daşıyanlar da, onlara digər zəruri tikinti materialları gətirən də Humanitar Mərkəzdəki FHN əməkdaşlarıdır. Bəs, Ziniçevin Bakı və İrəvanla nəyi müzakirə edə bilərdi?


Erməni mediasının məlumatına görə, baş nazir Nikol Paşinyan Ziniçevlə dünənki görüşündə Rusiyanın Dağlıq Qarabağda normal həyatın bərpasında, vətəndaşlara humanitar yardım göstərilməsindəki fəaliyyətini yüksək qiymətləndirib. Ziniçev Rusiya FHN-nin Qarabağdakı humanitar fəaliyyəti haqda ətraflı məlumat verib. Ermənistan rəhbərliyi əlbəttə ki, Rusiyanın fəaliyyətini yüksək qiymətləndirməyə borcludur. Rusiya erməniləri Xankəndi yolunda Azərbaycan Ordusunun əlindən almaqla bərabər, indi həm də orada qalan erməniləri yedirib-geyindirməkdə, evlərini bərpa etməkdədirlər. Bizə hərdən elə gəlir ki, bu işi görən rusiyalı sülhməramlılardır və görəvlərindən kənara çıxırlar. Amma aydındır ki, ermənilərə ev damı tikməyə kömək edən mühəndislər də, onların sağlamlığının qeydinə qalan həkimlər də, məktəblilərinə kitab paylayanlar da Humanitar Mərkəzin əməkdaşlarıdır.

Rusiyanın sülhməramlıların ardınca, Qarabağda Humanitar Mərkəz yaratması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb və indi də həmin mövqedə elə də ciddi dəyişiklik yoxdur. Sülhməramlıların sayı bilinsə də, Humanitar Mərkəz xətti ilə Qarabağda hazırda nə qədər rusiyalı həkim, xilasedici, yardımların paylanmasının həyata keçirən şəxslər , psixoloqlar və s. olduğu bilinmir.
Xankəndi mövzusuna cəmiyyətdəki narahatlıq, eləcə də iqtidardakı həssaslıq da anlaşılandır. Bir qism hesab ki, hakimiyyətinin bütün qolları Xankəndində qurulmayınca, “erməni problemi” qalacaq. Əlbəttə, burada səmimi şəkildə Xankəndində Azərbaycan bayrağının qaldırılmasını arzu edənlərlə hakimiyyəti qəsdən qaralamaq istəyənləri fərqləndirmək lazımdır. İkincilər səmimi deyillər və Xankəndi məsələsinindən cılız siyasi məqsədləri üçün istifadə etmək istəyirlər...
Görünən həm də budur ki, Xankəndi indi müharibəni təzəcə bitirmiş tərəflərdən başqa, Rusiya üçün də fövqəladə statusdadır...Qısaca, “fövqəladə Xankəndi” kimi...
Nazim SABİROĞLU,
Musavat.com
Oxşar xəbərlər