Müzəffər Ali Baş Komandanın Qarabağa tarixi səfəri və mühüm mesajlar

  • 17 noy 2020, 18:55
Dövlət başçısının və birinci xanımın işğaldan azad olunmuş Füzuli-Cəbrayıl bölgəsinə səfəri, Xudafərin körpüsünü ziyarət etməsinə deputatlardan reaksiyalar: “Bu səfər zamanı ortaya çıxan nəticə bu idi ki, Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq”
Bu günlərin ən mühüm hadisəsi Prezidentin işğal altındakı torpaqları ziyarəti və bu zaman verdiyi önəmli mesajlardır. Xəbər verildiyi kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Öncə onu qeyd edək ki, bu, istənilən halda, risk alıb, edilən ziyarət idi.
61f5a18060735a122b8a45fbc6ec5fd3.jpg (119 KB)
Prezident İlham Əliyev həm düşmənə, həm kənar müşahidəçilərə, həm də öz xalqına - daha çox da o torpaqların sahibləri olan Cəbrayıl, Füzuli, Qubadlı camaatına mesajlar vermiş oldu. Birinci mesaj hərbi maşının dövlət başçısının özünün idarə etməsi vasitəsilə verildi, “Azərbaycan dövlətinin də, hərb maşınının da sükanı arasında mənəm, hər şeyi özüm idarə edirəm, kənar müdaxiləni sevmirəm”, kimi oxuna bilərdi bu mesaj. İkinci, diqqət etdinizsə, Prezident hərəkət trayektoriyası boyunca ətrafdakı hər şeyi kameralara çəkilməsini istəyirdi. Onun yanında olan xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın hər kəsdən öncə, operativ şəkildə yaydığı kadrlardan bunu görmək mümkün oldu. Onun telefonun kamerası ətrafdakı xarabalıqları, uçqun və vandalizmin nəticələrini xüsusi qeyd edirdi. Prezident isə o mənzərəni şərh edirdi. Erməni barbarlığını, vəhşiliyini, anti-bəşəri hərəkətlərini. Hər kəs gördü, dünya da görəcək, duyacaq. “Görsünlər necə vəhşi, yırtıcı düşmənlə üz üzəyik...” 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan müzəffər ordumuza rəhbərlik etməklə yanaşı, informasiya savaşının da önündə dayandı, dünyanın aparıcı KİV-lərinə, hətta bizim ölkəyə düşmən münasibətində olan media təmsilçilərinə həqiqətlərimizi çatdırdı, Azərbaycanın prinsipial mövqeyi barədə açıq-aydın mesajlarını verdi, dövlətin qəti mövqeyini ortaya qoydu. Savaşdan sonrakı günlərin birində isə ölkə başçısının xanımı ilə bərabər, hərbi geyimdə işğaldan azad edilmiş ərazilərə gedərək, oradan xalqa, həmçinin bütün dünyaya sözünü deməsi, düşmənlərə xəbərdarlıq etməsi informasiya savaşının davamı idi.


0f956390d6db.jpg (93 KB)

Xalq üçün mesajlar aydın idi - biz buraları yenidən inşa edəcəyik, abad edəcəyik, quracağıq... “16 noyabr mənim həyatımda ən əlamətdar gündür”, dedi Prezident.
Bu səfərin əsas xəbərlərindən biri də Şuşa yolunun çəkilişi ilə bağlı oldu. 28 il düşmən tapdağında olan və qəhrəman əsgərimizin 8 noyabrda azad etdiyi, Prezidentin dediyi kimi, Qarabağın baş tacı olan Şuşaya!

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Dövlət başçısı deyib ki, bu gün artıq biz quruculuq işlərinə başlamışıq.

“Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək”, Prezident müjdə verib. “Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”-ölkəmizin başçısı bəyan edib.

Prezident Qarabağla bağlı “xam” xəyallarından hələ də əl çəkməyən düşmənə və onun havadarlarına da mesajını verib, Qarabağın bir daha yad əllərə keçməyəcəyini əminliklə bəyan edərək, Böyük Qayıdışın anonsunu edib.

Sitat: “İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri”.

Ali Baş Komandan Füzuli şəhərində olarkən bəyan edib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: “Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına”.

Cəbrayıl rayonunda olarkən Prezident və Birinci vitse-prezident risklərə rəğmən, tariximizin daş yaddaşı, milli-mənəvi dünyamızın unikal hissəsi olan Xudafərini ziyarət ediblər, Araz çayında əllərini yuyublar, hansı ki, bunun da böyük simvolik mənası, əhəmiyyəti var. 1993-cü ildə Ermənistanın işğalçı ordusu əliyalın, dinc əhalini Araz çayını adlayaraq İran ərazisinə keçməyə vadar etmişdisə, bu gün artıq düşmənin bu bölgədə izi-tozu belə, qalmayıb və müzəffər Ali Baş Komandanın bu əraziyə səfər etməsi döyüş meydanında dərsini alan işğalçıya növbəti zərbə oldu.

Bölgədəki yaşayış məntəqələrini darmadağın edən düşmənin buna görə cavab verəcəyi haqda xəbərdarlıq da məhz Cəbrayılda edildi. Həmçinin elə bu günlərdə Azərbaycanın humanizmindən sui-istifadə edərək Kəlbəcəri yandıran, sərvətlərini daşıyan düşmənin əməllərinin cavabsız qalmayacağı bəyan olundu: “Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik”-Prezident bəyan etdi.
resize.jpg (42 KB)

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm rayon mərkəzini, həm də Xudafərin körpüsünü ziyarət etdilər. Səfər riskli olmaqla yanaşı, dünya birliyinə Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Bu səfər zamanı ortaya çıxan nəticə bu idi ki, Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq. Rayon mərkəzində olarkən Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətinin bir məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə, o cümlədən, Kəlbəcərdə son günlərdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini xüsusi vurğuladı”.

C.Məmmədov qeyd etdi ki, Xudafərin körpüsünü ziyarət də bir sıra mühüm mesajları özündə daşıyırdı: “Bu ziyarət Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi. Məlum olduğu kimi, Xudafərin körpülərinin Azərbaycan tarixində, xalqımızın ürəyində özünə məxsus yeri və rolu var”. Millət vəkili əlavə etdi ki, bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın dəyərlərinə xüsusi önəm vermələrinin göstəricisidir: “Bu gün Azərbaycanda xalq iqtidar birliyi ən yüksək səviyyədədir. Səfərə xüsusi rəng qatan məsələlərdən biri də Mehriban xanım Əliyevanın Prezidentin çıxışını operativ şəkildə sosial şəbəkələrdəki şəxsi hesabları vasitəsilə yayması oldu. Bu da Azərbaycan cəmiyyəti tərəfindən böyük maraq və sevinc hissləri ilə qarşılandı. Bu gün bütün Cəbrayıl sakinləri Prezident İlham Əliyevə bu ziyarətə və onlara göstərilən diqqət və qayğıya görə minnətdardırlar”.

Deputat Musa Qasımlı ölkə başçısının Qarabağa səfərini yüksək qiymətləndirdi: “Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri millətimizdə böyük ruh hissi doğuran, mənəvi-psixoloji əhəmiyyət daşıyan hadisədir. Xüsusən Prezidentimizin Xudafərin körpüsünə gedərək dövlət bayrağımızı ucaltmasının dərin mənası var. Xudafərin körpüləri təkcə tarix- mədəniyyət abidələri deyil, eyni zamanda mənəvi birlik rəmzidir”. M.Qasımlı qeyd etdi ki, dövlət başçımızın İran İslam Respublikası ilə sərhədi dostluq sərhədi adlandırması münasibətlərimizi pozmaq istəyənlərə açıq xəbərdarlıq oldu. “Bu səfərin digər bir mənası da var. Nəzərdən qaçırmayaq ki, burada Xudafərin su anbarı yerləşir və bir neçə il əvvəl Azərbaycan Respublikası və İran İslam Respublikası Xudafərin su elektrik stansiyası haqqında saziş imzalamışdılar. Həmin sazişin reallaşdırılmasına çox az qalıb. Dünya həm də erməni vandalizminin bir daha şahidi oldu”,-deyə millət vəkili əlavə etdi.


1548843913.316.jpg (33 KB)
Deputat Fazil Mustafa də qəzetimizə bildirdi ki, Prezidentin və Birinci vitse-prezidentin Qarabağa səfərinin indiki məqamda önəmi çox böyükdür: “Birincisi, Ali Baş Komandanın və birinci xanımın cəsarətinin nümayişi düşmənin demoralizasiyası üçün vacibdir. İkincisi, bölgənin inkişafının birbaşa dövlətin ali rəhbərliyinin nəzarətində olduğunu göstərmək baxımından əhalimizdə ciddi inam yaratmaqdır. Üçuncüsü, oradakı hərbi birləşmələrimiz üçün moral aşılamaq məqsədi güdülürdü ki, bu da ən mühüm işlərdən biri sayılmalıdır. Dördüncüsü isə dünya ictimaiyyətinə mesaj verilirdi ki, biz Qarabağa tam şəkildə qayıtmışıq! Hər bir halda cənab İlham Əliyevin və Mehriban xanımın bu cəsarətli jesti savaşdan sonra qələbə sevinçini yaşayan və şəhid yaralarını sağaltmağa çalışan millətimiz üçün çox anlamlı bir davranış oldu”.

Prezidentin Cəbrayıl torpağında bəyan etdiyi kimi, “haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Elşad Paşasoy,
“Yeni Müsavat”
Oxşar xəbərlər