Qubad İbadoğlu: "Şuşada Türkiyə-Azərbaycan qoşunlarının birgə hərbi bazasını yaratmalıyıq"

  • 15 noy 2020, 20:05
Rusiya Sülhməramlılarının birtərəfli şəkildə Qarabağa yerləşdirilməsi geniş müzakirə mövzusudur. Azərbaycanı təmsil edən əksər siyasətçilər bu məqamda Türkiyənin ordusunun da ruslara paralel şəkildə Qarabağda sülhməramlı missiyaya qoşulmasının tərəfdarıdır.
Demokratik.Az bildirir ki, hazırda ABŞ-da yaşayan, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın lideri Qubad İbadoğlu da bu barədə açıq tələb və təkliflər səsləndirir.

Siyasətçi özünün "facebook" səhifəsində bunları yazıb:
"Ankarada səfərdə olan Rusiya Federasiyasının Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin görüşləri başa çatıb. Görüşün detalları barədə bilgi verilmir. Yalnız Türkiyə Milli Müdafiə Nazirliyi görüş barədə aşağıdakı açıqlamanı yayıb.
"Türk ve Rus askeri heyetleri arasında Milli Savunma Bakanlığı’ndaki teknik görüşmeler tamamlanmıştır. Görüşmelere önümüzdeki günlerde devam edilmesi planlanmaktadır."
Mənbə: https://www.msb.gov.tr/SlaytHaber/14112020-00147
P.S. Göründüyü kimi, Türkiyə və Rusiya arasında Dağlıq Qarabağla bağlı müzakirələrin bir mərhələsi tamamlansa da yekun qərar olmadığından hər iki tərəfin yenidən bir araya gəlməsi planlaşdırılıb. Odur ki, biz Azərbaycan olaraq dayanıb, vaxt itirib, bu görüşün yekunlaşmasını gözləməli deyilik. Onsuz da türk zabitlərinin monitorinq mərkəzində oturub, müşahidə aparması nə isə dəyişməyəcək. Hətta müşahidə nəticəsində aşkar olunsa ki, rus "sülhməramlıları" qaydaları pozub, qeydə alınan halın aradan qaldırılması mexanizmi olmadığından ruslar yenə də bildiklərini edəcəklər. Suriyda ruslar götürdükləri öhdəlikləri dəfələrlə pozsa da onları cəzalandıracaq güc olmadığından yenə də istədiklərini edirlər. Qarabağda rus qoşunları qaydaları pozarsa kimə şikayət edə biləcəyik ki? Rus qoşunları Qarabağa nə BMT-nin, nə də Minsk qrupunun mandatı ilə gəlməyib ki, yığılmış faktlar BMT-yə və ya Minsk Qrupuna təqdim olunsun. Rusun özündən özünə şikayət etməklə də onların davranışlarını qaydaya salmaq olmayacaq.
Odur ki, biz ikitərəfli qaydadsa türk qoşunlarının Azərbaycana gəlməsi ilə bağlı müqavilə imzalamalıyıq və Qarabağda, konkret olaraq Şuşada Türkiyə-Azərbaycan qoşunlarının birgə hərbi bazasını yaratmalıyıq. Hazırkı situasiyada bundan başqa alternativimiz qalmayıb. Əks təqdirdə rusların özbaşınaqları və təxribatlarından ən çox ziyan çəkən Azərbaycan olacaq"-deyə Qubad İbadoğlu yazıb.
Demokratik.Az
Oxşar xəbərlər