Şərin etibarlı dostu - Fransanın Ermənistanla “bacı-bacı” oyunu davam edir

  • 11 noy 2020, 20:10
44 günlük Qarabağ müharibəsi Azərbaycana kimin həqiqi dost, kiminsə düşmən olduğuna tərtəmiz güzgü tutdu. Sınaqdan alnıaçıq çıxanlar da oldu, çıxmayanlar da. Sonuncuların sırasına illərdir özünü bizə “qərəzsiz” vasitəçi qismində sırıyan Fransa da var. 
Rəsmi Paris bu 44 gündə təmkinli və neytral mövqe sərgiləyən Moskva qədər də olmadı. İllah da prezident Emmanuel Makron qalmayan oyundan çıxdı, ermənidən çox erməni kimi apardı, qardaş Türkiyəni hər addımda qaralamağa çalışdı (və çalışır), sırf erməni ağzı ilə, işğalçı və imperialist təfəkkürü ilə danışdı. Halbuki belə bir tövr məhz Moskvadan gözlənilirdi. Tam tərsi oldu. Makron və ölkəsi əsl mənada bizə qarşı siyasi ifritəlik elədi. 
Bu həmin Makrondur ki, keçən il Ermənistana səfər etsə də, Azərbaycana baş çəkməyə lüzum görməmişdi. Şuşanı hələ də “erməni şəhəri Şuşi” adlandıran Fransa tərəfinin Qarabağ yaramıza məlhəm olmayacağı əslində çoxdan bəlli idi. Bu ölkə rəhbərliyinin dilindən ATƏT-in Minsk Qrupunun mövcud olduğu 26 il yarımda bir dəfə də olsun, “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” açıqlaması eşitmədik. Bu, əsla Azərbaycanpərəstlik demək deyil, beynəlxalq hüquqa hörmət demək olardı. 
Hərbi əməliyyatlar zamanı biz bir çox dövlətlərdən, o cümlədən zaman-zaman gileyləndiyimiz qonşu İrandan, onun Ali Liderindən analoji dəstək bəyanatları eşitdik, amma həmsədr Fransadan səs çıxmadı. Hələ harasıdır, hətta Qarabağa dair son üçtərəfli müqavilədən, hərbi qələbəmiz İrəvan və Moskva tərəfindən rəsmən təsbit ediləndən sonra da Paris öz ermənipərəstliyindən əl çəkmir, “ilana zəhər verən kərtənkələ” missiyasını davam etdirir. Azərbaycana qarşı qəzəbini gizlətmir. Sanki Qarabağ savaşında bizə uduzan həm də Fransadır - Ermənistanı özünə “kiçik bacı” sayan Fransa. 
Bu da növbəti fakt. Fransa xarici işlər naziri Jan İv Le Drian Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında iki gün öncə imzalanmış və Dağlıq Qarabağ konfliktinə nöqtə qoyacaq sazişi alqışlamaq əvəzinə, yenə köhnə bayatını oxuyub. Nazir erməni separatçılarının dərdini çəkərək, “Dağlıq Qarabağın gələcək statusunu müəyyən etməyin vacibliyindən” dəm vurub, 28-30 il öncə etnik təmizləmə nəticəsində öz yurd yerlərindən qovulan yüz minlərlə azərbaycanlını görməzlikdən gələrək (!!), 44 günlük müharibə zamanı öz evlərini tərk edib Ermənistana qaçan 5-6 erməninin qayğısına qalıb, onların halına yanıb. 
Sitat: “Münaqişə tərəfləri arasında müzakirələr dərhal davam etdirilməlidir. Bu müzakirələrdə münaqişə nəticəsində son həftələrdə (!! – Z.S.) didərgin düşmüş insanların (yəni ermənilərin – Z.S.) geri qaytarılması məsələsini həll edilməli, Dağlıq Qarabağın gələcək statusu müəyyənləşdirilməlidir. Azərbaycandan öz öhdəliklərinə ciddi şəkildə əməl edəcəyini və hücumları dərhal dayandıracağını gözləyirik. Bu çərçivədə Türkiyəni də bu çətin anda əsas prioritetə zidd bir şey etməməyə çağırırıq. Öz növbəsində Fransa olaraq, Ermənistanla dostluq və əlaqələrimizi bir daha təsdiqləyirik”.
İşğalçı Ermənistan bəlkə heç Rusiyadan belə qayğıkeşlik görməmişdi. Fransa gerçəkdən də neytral vasitəçidən çox, Şərin dostu olduğunu bununla bir daha isbatlayır. Amma və lakin...   
Əvvəla, bu adam deyəsən fil qulağında yatıb. Nə status, hansı status, müsyö? Status söhbəti bitdi. Qatar gedib e, məlumun olsun! Daha “kiçik bacı” ilə oyunlarınız keçməz. Dekabrın 1-də sonuncu rayonumuzun qaytarılmasından sonra nə qədər istəyirsiz, bir-birinizə sarılın. Nə qədər istəyirsiz, ermənilik edin, erməni üçün göz yaşı tökün, Türkiyəmizi qaralayın, “bacı-bacı” oynayın. Xeyri olmayacaq! 
Və sonda. Rusiyanın “Kommersant” qəzetində bu gün analitik Maksim Yusinin məqaləsi dərc edilib. Orada belə bir cümlə var: “Ermənistanın oyanıb özünə gəlməsinin və yeni, sərt gerçəklikdə yaşamağı öyrənməyə başlamasının vaxtıdır”.
Elə Şərin – Ermənistanın etibarlı dostu Fransanın da!..
P.S. Fransa daha işğalçıya “zəhər” verə bilməyəcək. Çünki “ilan”ın başı artıq əzilib... 
Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU
Oxşar xəbərlər