Gələcək “tvit”in anonsu: “Şuşasız bizim işimiz yarımçıq olar...”

  • 16 okt 2020, 20:42

Şuşa Prezident İlham Əliyev üçün qırmızı xətdir...

Hamı qələbə xəbərlərinə tələsir...Torpaqlarımızın kəndbəkənd işğalçıdan azad edilməsi millətə elə bir mənəvi ruh, Orduya elə bir inam yaradıb ki, hamı işğalçıların son nəfərinədək qovulmasına tələsir. Bakıdakı reklam lövhələrində paytaxdan o torpaqlarımıza olan məsafə göstərilir. Əvvəllər, görəndə minlərlə kilometr kimi gəlirdi adama. İndi isə Azərbaycan ordusu o kilometrləri çox yaxınlaşdırıb.
İndi təkcə bayraqlarımıza yox, Azərbaycan xəritəsinə də  tələbat artıb. Səbəb aydındır: hamı azad edilən ərazilərimizi, kəndlərimizi xəritədə görmək, işarələmək istəyir, növbəti qələbə “tvit”inin hara ola biləcəyini maraq edir. Qarabağın və ətraf rayonların xəritədəki qara rəngi indi daha çox yaşıl rənglə işarələnir, yaşıl işıq kimi: dayanmayaq, ancaq irəli!    
Hamının bildiyi həqiqətdir: müharibə Şuşadan, elə həm də Qarabağın ürəyi olan bu şəhərin işğalı üçün başlamışdı. Hamıya əvvəl gündəndən də aydındır ki, məhz Ordumuzun zəfər bayrağı o şəhərdə dalğanmayanədək bizim müqəddəs müharibə bitməyəcək. Mümkündür ki, Şuşayadək indiki kimi aktiv fazada müharibə olmasın. Bu ermənilərin nə qədər reallığı qiymətləndirməsindən asılı olacaq. Amma inanmaq da olmur ki, işğalçılar Şuşa kimi bir strateji şəhərdən könüllü olaraq çəkilsin. O səbəbdən Şuşa Azərbaycanın nəzarətinə qaytarılmayınca, bu münaqişənin birdəfəlik həlli mümkün olmayacaq.  

Ötən gün həmkarlarımdan biri ötən ilin noyabr ayının 23-də  “Şuşada gördüklərim – jurnalist qeydləri...” adlı virtual səyahət yazımı yada saldı. “Yazının ayağı düşərli oldu, Şuşaya yaxınlaşırıq” dedi. Kifayət qədər ağrılı notlarla yazdığım yazının doğurduğu reaksiyanı indi-Ordumuzun Şuşa istiqamətinə irəlilədiyi bir vaxtda yada salmaq xoş oldu. İndi situsiya o dərəcədə bizim xeyrimizə dəyişib ki, yuxularımızda gördüyümüz Şuşa əlçatacaq qədər yaxındır.
Şuşa son müharibədə də yenə ən çox adı çəkilən şəhərdir. Ruslar, fransızlar, ingilislər və daha hansı millətlər xüsusilə Ali Baş Komandan İlham Əliyevin müsahibələri, qəti mövqeyi sayəsində Şuşanın Azərbaycan üçün hansı mənəvi dəyər daşıdığını öyrəndi, heç vaxt bu tarixi şəhərinin düşmən ordusunun tapdağı altında qalması ilə barışmayacağına əmin oldu.     
Bu günlərdə Şuşanın adını ən çox dilə gətirən Prezident İlham Əliyevdir.
Xalqa müraciətində, xarici telekanallara verdiyi müsahibələrində Şuşanın adı qırmızı xətlə keçir. Son olaraq Dmitri Kiselyova müsahibəsində Prezident Qarabağ xanlığının tarixinə qısaca şəyahət etdi, Şuşa xanından danışdı, ermənilərin heç vaxt bu torpaqların əzəli sakinləri olmadığını təkrar etdi.

Bu müharibənin üzə çıxardığı bir gerçəklik də var: Şuşa İlham Əliyev üçün qırmızı xətdir. Hər azad edilən bir qarış ərazimizdə şəhidlərimizin qanı varsa, ora şübhəsiz, müqəddəs torpaqdır. Amma Şuşa kiliddir, Qarabağ münaqişəsinin açar nöqtəsi o şəhərdir. Bu səbəbdən Ali Baş Komandanın Şuşa haqda hər dəfə danışması iki səbəbdən önəmlidir. Əvvəla, bu əzəli Azərbaycan torpağıdır, bunu Prezident bütün çıxışlarında vurğulayır. Ən mühümü Şuşa təkcə açar deyil, həm də mənəviyyat məsələsidir. İlham Əliyevin qırmızı xətti bu mənəviyyat məsələsi ilə kəsişir. Küçədə inqilab edib hakimiyyətə gələndə Azərbaycan Prezidentindən vaxt istəyən Paşinyanın Ordumuz tərəfindən niyə belə ağır cəzalandırıldığının cavabı üçün həm də Şuşaya baxmaq lazım gəlir.
Ali Baş Komandan bu günlərdə dəfələrlə deyib ki, Paşinyan qondarma qurum başçısına Şuşada saxta “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqını təhqir edib, mənəviyyatına toxunub. Əməliyyatların ilk günlərində dəqiq zərbə ilə həmin “andiçmə” ilə murdarlanmış məkanı(işğaladək “Azərbaycan” kinoteatrı adlanırdı) erməni zabitlərin toplaşdığı anda başlarına uçarmaqla Azərbaycanın incidilmiş qürurunun qısası alındı. Bu qisas cavabı həm də onu göstərdi ki, ermənilər dağın başında-Azərbaycanın bir vaxtlar alınmaz qalası hesab olunan Şuşada da başlarını qoruya bilməyəcəklər. İndi Şuşa da boşalır...

"Xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb. Bu gün (15 sentyabr) elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb. Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km qalır”. Qubad bəyin yazdığı Qırmızı Bazar yolu Şuşanın dolamaları istiqamətindədir. 40 kilometr! Bakının bir kəndinə olan məsafə qədər...
Bu günlər Ordumuz haqda ən müxtəlif, qulağa xoş gələn iddialar var: “Qubadlı çoxdan bizdədir, “Zəngilanda yerləşiblər”, “Şuşaya isə az qalıb...” Xəyallarımız hər keçən gün gerçək olur.
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik gündür. Ölkə xoş xəbərlər eşitmək üçün saatları sayır...Şuşaya da az qaldı, lap az...
“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”. Bunu da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi” ,-deyə, Prezident əlavə edib.

Əlavə sözə ehtiyac qalmır...


Nazim SABİROĞLU
Oxşar xəbərlər