Bakı noyabrda Trampa, yoxsa Baydenə “hə” desin?

  • 18 sen 2020, 09:35

Politoloqların bu məsələdə birmənalı rəyi yoxdur

Noyabrın 3-də Amerikada keçiriləcək prezident seçkiləri bütün dünyanın gündəmini zəbt etməkdədir. Azərbaycanda da proseslər diqqətlə izlənilir ki, bu da əssasız deyil. Belə ki, seçkilərdə yarışacaq hazırkı prezident, respublikaçıların namizədi Donald Tramp və onun demokratlardan olan rəqibi, keçmiş vitse-prezident Co Baydenin ölkəmizə olan münasibətlərində ciddi fərqlər var.
Son dörd ildəki hakimiyyəti zamanı Ağ Ev sahibinin rəsmi səviyyədə olmasa da, Azərbaycana münasibəti normal oldu. Amma Bayden istər vitse-prezident olduğu dönəmlərdə, istərsə də sonrakı zamanlarda özünün ermənipərəst mövqeyi ilə tanınıb. Onun Konqresdə erməni lobbisinə işləməsi, Azərbaycana qarşı olan 907-ci düzəlişə və Qarabağdakı işğalçı rejimə maddi dəstəyin lehinə səs verənlərdən olduğu hər kəsə bəllidir...
Bütün bunların fonunda haqlı olaraq, “Azərbaycan seçim qarşısında qalarsa, Trampa, yoxsa Baydenə ”hə" desin" sualı yaranıb.
Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”
Əhəd Məmmədli
Politoloq Əhəd Məmmədli Azərbaycanın bu seçki məsələsindən istifadə etməyini vacib sayır: “ABŞ prezidentliyinə namizədlərin bir çoxu seçkiqabağı erməni lobbisini tərəflərinə çəkmək üçün qondarma soyqırımı tanıyacaqları ilə bağlı müxtəlif vədlər verirlər. Seçiləcəkləri təqdirdə isə bu vədləri yerinə yetirmirlər, çünki bu məsələ təkcə onların səlahiyyətində deyil və həm də bu məsələnin tanınması Amerikanın maraqlarına cavab vermir. Ona görə də hər qondarma soyqırım ilində ABŞ prezidentləri soyqırım sözünün əvəzinə faciə, fəlakət və digər ifadələr işlədirlər. Təbii ki, rəsmi Bakı Baydenin erməniyönümlü mövqeyini, çıxışlarını nəzərə alıb müvafiq addımlar atmalıdır. Lakin dövlət olaraq bu seçki marafonunda açıq-aşkar tərəfkeşlik etməməliyik. Amma bu situasiyadan istifadə edib, Tramp Administrasiyasını öz tərəfimizə çəkmək üzrə işlər görülməlidir. Paralel olaraq Bayden komandası ilə də əlaqələr qurulmalı, onun erməniyönümlüyünə təsir göstərilməlidir”.
yegane.jpg (67 KB)
Siyasi şərhçi Yeganə Hacıyeva: “Tramp Ağ Ev tarixində 6 ay ərzində üzvlərinin ən çox istefa verdiyi bir administrasiya kimi yaddaşlarda qaldı. Trampın yürütdüyü xarici siyasəti də çox yaddaqalan oldu. O, xarici siyasətdə ABŞ-ın yeni tarixində qətiyyətli və ən güvəniləcək prezident kimi tarixə düşdü. Xarici iqtisadi, siyasi və təhlükəsizlik siyasətində ABŞ-ın və tərəfdaşlarının marağını qorudu, beynəlxalq münasibətlərdə ölkəsi üçün dost və dost olmayan ölkələri fərqləndirəcək, bu hiss ediləcək qədər bir fərq qoydu. ABŞ-ın maraq dairəsinə aid olan regionlarda ortaq maraqlara xidmət edən tərəfdaşlarına diqqət ayıran bir prezident kimi Tramp Azərbaycan prezidenti ilə imkan düşən istənilən məqamda, BMT tədbirlərində və s. görüşlərə və ünsiyyətə can atdı. Bayramlarla bağlı göndərdiyi təbriklərdə bunu büruzə verdi, hərbi ayırmalarda Azərbaycanın payının artması kimi təşviqlərdə oldu və s. Trampın prezidentliyi müddətində ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində konfliktin nizamlanması prosesində yanaşması dəyişdi. Yeni yanaşma İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən mühüm partnyor ölkə kimi, Türkiyə və İsraillə xüsusi münasibətləri olan, qlobal energetika təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycanla münasibətlərin fonunda müəyyənləşdi. Bir sözlə, Azərbaycana hiss ediləcək qədər isti münasibətdə oldu”.
Ekspert Baydenə də yer ayırdı: “Onun haqqında danışsaq, qeyd edim ki, istənilən ABŞ prezidenti üçün Azərbaycanla münasibətlər vacib olacaq. Çünki Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm tərəfdaşı kimi, Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Azərbaycan həm də ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından koridor olaraq istifadə edir. 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşıdır. Amma bu da bir reallıqdır ki, ABŞ Konqresindəki erməni lobbisinin ən çox əməkdaşlıq etdiyi partiya demokratlar, ən çox əməkdaşlıq etdikləri konqresmenlər isə bu partiyanın qalmaqallı, reputasiyalı nümayəndələridir. Ümumilikdə, Bayden seçiləcəyi halda Azərbaycanla bağlı münasibətlərdə sərinləmə olacaqmı, bəli. Seçkinin nəticəsi haqqında daha aydın təsəvvür gələn ay yaranacaq, amma hazırda Baydenin Trampdan üstün olmasını iddia edən sorğu qurumları 2016-ci ildə Klinitonun qələbə çalacağını iddia edən qurumlardır. Baydenin qələbəsi haqqında mif yaradan Demokrat Partiyasının maliyyə qaynaqlarına yaxın media qurumları və s.-dir. Azərbaycanın kimi dəstəkləməsi fonundakı söhbət, əlbəttə mənəvi dəstəkdən gedir, mən birmənalı olaraq Trampı dəstəkləməyimizin vacibliyinə inanıram”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
Oxşar xəbərlər