Vitse-spiker də Ramiz Mehdiyevə ağır ittihamlar yağdırdı

  • 15 sen 2020, 12:01
Adil Əliyev: “Kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən”
Parlamentin vitse-spikeri Adil Əliyev Ramiz Mehdiyevin son açıqlamalarına münasibət bildirib.
A.Əliyev Ovqat.com-a açıqlamasında AMEA prezidentinin son fikirlərində sual doğuran çoxlu sayda məqamların olduğunu bildiribRamiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyini bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”.
Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarını xatırladan A.Əliyev xüsusilə “nankor və süfrə qırıntıları ilə yaşayanlar” kimi fikirlərin üzərində dayanıb: “Ötən açıqlamasında Ramiz Mehdiyev öz əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi. Onun “Təzadlar”da dərc olunan açıqlaması da mahiyyət etibarilə əvvəlki mövqeyindən fərqlənmir. Odur ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı şəxsən mənə aydın deyil”.
AMEA prezidentinin açıqlamasında şantaj elementlərinin olduğunu bildirən vitse-spiker hesab edir ki, kimlərisə təhdid edən R.Mehdiyevin söylədikləri həm də öz cinayətylərinin etirafı hesab oluna bilər:Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən. Yox, əgər bunların heç birini etməmisənsə, niyə indiyə qədər susmusan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etməsinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.
İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir.
Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu.
Mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatlar və dəlillər var. Bu mənada həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar konkret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”. /azpolitika.info/
Oxşar xəbərlər