MÜSAVAT VƏ REAL ARASINDA QALMAQAL – Rəhbər şəxslər bir-birləri haqda ağır ifadələr işlətdilər...

  • 08 sen 2020, 11:32
Müsavat və ReAL partiyaları arasında qarşılıqlı ittihamlar başlayıb. Hər iki partiyanın rəhbər şəxsləri sosial şəbəkələrdə bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər.

Qalmaqala səbəb ReAL partiyasının sədri İlqar Məmmədovun Tofiq Yaqublu ilə bağlı müxalifətin ünvanına dediyi fikirlər olub: “Tofiq Yaqublunun məsələsini hakimiyyətlə danışan REAL`dan başqa müxalifət yoxdur. Hərəsi bir yerə gizlənib bizə buna görə şər-böhtan atır.
Məqsədləri? İstəyirlər adam ölsün. Elə vəziyyət yaratmaq istəyirlər ki, hakimiyyət üçün Yaqublunun buraxılması imkansız məsələyə çevrilsin və adam həyatını itirsin. Çünki məhz onda ictimai diqqət "köhnə qvardiya"nın pis əməllərindən yayınaraq insan haqlarında yaranacaq yeni böhran vəziyyətinə yönələr. "Yeni qvardiya" da bu işdən baş aça bilmir - bilsəydi, işin bu nöqtəyə gəlib çıxmasının qarşısını almağa indiyədək çalışardı.

Heç təsadüfi deyil ki, ABŞ, İngiltərə, Avropa İttifaqı və Fransa ReAl partiyasının qeydiyyatını uğurlu addım adlandıraraq, Yaqublunun məhkum edilməsinin buna kölgə saldığını bildirirlər - onlar da anlayır: ölkədə siyasi açılıma doğru hər hansı addım atılanda, sistemin zəif xüsusiyyətini nəzərə alan bəzi oyunçular dərhal yeni böhran yaratmağa can atır. Bu sistemin zəif xüsusiyyəti isə özünü ifrat dərəcədə sərt göstərmək istəməsidir”.İlqar Məmmədovun “Facebook”-dakı səhifəsində yazdığı bu status Müsavatda qəzəblə qarşılanıb. Partiyanın başqanı Arif Hacılı cavabında ReAl-ı hakimiyyətin əlaltısı adlandırıb.

“ReAl artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”-deyə başqan bildirib.Müsvatın icra aparatının rəhbəri Gülağa Aslanlı da İ.Məmmədovun dediklərini əxlasızlıq adlandırıb.
A. Hacılının kəskin fikirlərinə isə ReAl-çı deputat Erkin Qədirli cavab verib. O, sosial şəbəkədə yazdığı statusunda Müsavat Partiyası haqqında bir sıra qalmaqallı ittihamlar irəli sürüb. E.Qədirli bu partiyanı vaxtı ilə hakimiyyətdən qorxaraq ReAl-a qurultay keçirmək üçün yer vermədiyini qeyd edib: “Arif bəy Hacılının ReAl-ın ünvanına yazdığı statusa görə çox üzüldüm. ReAl ilə Müsavat arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışmışıq, orada dostlarımız var. Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu.
Niyə hökumət məhz ReAl-la danışır? Niyə parlamentə məhz Erkini buraxdılar? Bu suallara cavab verməkdən həmişə yayınmışam. Hətta bir dəfə "özüm də bilmirəm" demişəm ki, zərbəsi mənə dəysin, amma söhbət uzanmasın.

Arif bəyin statusundan sonra bu sualları cavablandırmaq istədim. Hökumət ona görə məhz ReAl-la danışır ki, ReAl yalan danışmır, söymür, atmır, satmır. Məni ona görə parlamentə buraxdılar ki, mənimlə ən ağır məsələləri danışmaq, ən gizli söhbətləri mənə etibar etmək olur. Biz anlaşmaya asan getmirik, anlaşmanın prinsiplərini razılaşdırmadan kimsə ilə anlaşmırıq. Anlaşanda da, anlaşmanı pozmuruq. Hökumətlə hələ heç bir anlaşmamız yoxdur, amma Müsavatla olub.
2018-də ReAl qurultay üçün Müsavatdan yer istəmişdi. Mən onun əleyhinə idim, amma çoxluq onu məqbul saydı. Ona görə əleyhinə oldum ki, bizə görə Müsavata basqı olacağını güman edirdim. Əleyhinə olduğuma görə Müsavatla danışığa getmədim. Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s.
Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm. Qısa onu yazım ki, gümanım doğru çıxdı - hökumət Müsavata sərt basqı yapdı. Arif bəyə dedim ki, ReAl Müsavat üçün ən uyğun çıxış yoluna bəribaşdan razıdır, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir - biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü?
ReAl-ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma ReAl-ın çox aydın bir üstünlüyü var - ReAl açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır. ReAl yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır. Ağıllı olan hər kəs də bunu görür”.
Qeyd edək ki, rəhbər şəxslərin bu “atışması” sıravi üzvlərə də sirayət edib. Hər iki siyasi təşkilatın nümayəndələri sosial şəbəkələrdə bir-birlərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirirlər.
Oxşar xəbərlər