İqtidar-müxalifət dialoquna çomaq soxanlar kimlərdir – “köhnələrin” dirənişi

  • 07 sen 2020, 19:22
Son illər hakimiyyətin bütün istiqamətlər üzrə siyasətində ciddi dəyişikliklər müşahidə edilir. Ənənəvi siyasətdən imtina edildiyi, bunun yerinə təzə yanaşmanın gəldiyi danılmazdır.

Əsas dəyişikliklərdən biri də siyasi müxalifətlə münasibətlərdə sezilir. Belə ki, hakimiyyətin siyasi opponentlərlə rəftarında dialoqa meyllilik görünməkdədir. Ötən ilin noyabrında Prezident Administrasiyasında baş verən komanda dəyişikliyi ölkə siyasətinə yeni nəfəs gətirdi. Burada Ədalət Vəliyevin fəaliyyətini xüsusi qeyd etməyə dəyər. O, 2019-cu ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yeni siyasi kursun icrasını uğurla aparmağa başladı. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların sədrləri ilə görüşlərə start verildi. Bunun nəticəsi olaraq Azərbaycanda xeyli sayda siyasi partiya rəsmi dövlət qeydiyyatından keçdi. Bu proses ölkədə iqtidar-müxalifət dialoqunun əsasını qoydu, siyasi münasibətlər sistemində asanlaşmaya gətirib çıxardı.
Ədalət Vəliyev ən barışmaz müxalifət partiyaları olan AXCP və Müsavat Partiyasına da dialoq təklif etdi. Lakin qarşı tərəf bu təmasdan nümayişkaranə şəkildə imtina etdi.
Həmçinin prezidentin köməkçisi Anar Ələkbərovun siyasi xadimlərlə, ziyalılarla, fərqli düşüncəli tanınmışlarla görüşləri bu istiqamətdə atılan yeni addımlardır. Anar Ələkbərovun ziyalılarla görüşləri də ölkədə hakimiyyətin yeni siyasi kursunun ən bariz nümunələrindəndir. PA-nın əvvəlki heyətinin, rəhbərliyinin əsas siyasəti inkar üzərində qurulmuşdu. Danışmaq yox, dalaşmaq kursunu seçmişdilər. Bununla da hakimiyyəti ən dərin və çıxılmaz bir konfliktin içinə itələmişdilər.
İndi hakimiyyətin “köhnələri” ilə müxalifətin “köhnələri” sanki sinxron fəaliyyət göstərirlər. Prezidentin göstərişi ilə yeni komandanın dialoq və barış siyasətinə qarşı bir cəbhə açılıb. Hökumət müxalifətlə təmaslarını artırdıqca, miqyası böyütdükcə, bəzi qruplar siyasi mühiti gərginləşdirməyə çalışır. Ölkədə dialoq və barış mühitinin olması bəzi dairələrə əsla sərf etmir. Çünki əhəmiyyətlərinin azalacağını, xalqa təklif etdikləri siyasi kursa ictimai marağın öləcəyini bilirlər.

Razi Nurullayev: “İstər ənənəvi müxalifət, istər yeni partiyalar, istərsə radikal ritorikalı siyasətçilər olsun, yenilənmək istəməyən sıradan çıxacaq”

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirib ki, əslində, bu suallara bir çox partiyalar və sədrləri tərəfindən cavab verilib. Onun sözlərinə görə, yeni bir siyasi situasiya var və müxalif siyasi pratiyalara münasibət kifayət qədər dəyişib, müsbət tendensiya müşahidə edilir:
“Elə bu münasibətin birini öz partiyamızın dövlət qeydiyyatına alınmasında gördüm. Ədalət Vəliyevlə də görüşdə hiss etdim ki, siyasi partiyalara fərqli yanaşma var. Həmçinin Ədliyyə Nazirliyində də diqqəti gördüm. Ondan sonra Ədalət Vəliyevlə yenidən görüşdük və partiyanın qeydiyyata alınması ilə bağlı mənə prezidentin təbrikini çatdırdı. Bunun özü yeni mərhələdən xəbər verir.
Sözsüz ki, iqtidar-müxalifət münasibətlərində uzun illər yığılıb qalan problemlər də var, ona görə prosesin intensivləşməsi zəruridir. Hazırkı templə getdikcə bir sıra problemlər aradan qalxa bilər, müxalifət də sivil münasibətlər qurar”.
Deputat hesab edir ki, iqtidar uzun müddət köhnə formatla işləyib və kifayət qədər lazımsız insanlar yüksək vəzifələrdə çalışıblar:
“İndi onlar ölkə üçün problem yaradan adamlardır. İstər ənənəvi müxalifət, istər yeni partiyalar, istərsə radikal ritorikası olan siyasətçilər olsun, onlar yenilənmək istəməsə, sıradan çıxacaq, cəmiyyət tərəfindən də qəbul edilməyəcəklər. Cəmiyyət o zaman qəbul edir ki, bu radikallıq müsbət nəticə versin. Odur ki, həmin insanların yaddan çıxarılmasına şərait yaradılmalıdır.  Bütün bu “ölü”lərin dirilməsi yenidən iqtidar-müxalifət əlaqələrində “köhnə hamam, köhnə tas”a qayıtmaq olacaq”.

Arzuxan Əlizadə: “İqtidar-müxalifət münasibətlərində yeni tendensiya başlayıb və köhnə güclər bunu pozmaqda maraqlıdır”

 

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirib ki, iqtidar-müxalifət münasibətlərinin sivil şəkildə qurulmasında yeni tendensiya martın əvvəllərindən başlayıb. Onun sözlərinə görə, PA rəsmisi Ədalət Vəliyev səviyyəsində partiya rəhbərləri ilə bir neçə dəfə görüşlər olub, təmaslar davam edir:
“Bu görüşlərdə partiyaların fəaliyyəti barədə təkliflər istənilib, çətinliklər öyrənilib, ictimai-siyasi vəziyyət müzakirə olunub. Hesab edirəm ki, martdan başlanan bu siyasət ölkədə yeni dönəmin başlanğıcı sayıla bilər”.
AMİP sədri ölkənin milli maraqları, iqtisadi-siyasi problemləri, taleyüklü məsələləri ilə bağlı iqtidarla bir masada müzakirəyə hazır olduqlarını açıqlayıb:
“Hakimiyyətin başladığı yeni prosesin davamının gələcəyini gözləyirik. Partiyaların ölkənin siyasi həyatında təsirləri artmalıdır, rəqabət mühiti formalaşmalıdır, təşkilatlara genişspektrli imkanlar yaradan şərait olmalıdır. Hakimiyyət tərəfdən bu addımlar atılmalıdır”.
A. Əlizadə bəzi partiyaların görüşlərdən imtina etdiyini, iqtidarı qıcıqlandırdığını, münasibətlərin pozulmasına səbəb olduğunu düşünür:
“Biz vaxtında bu addımları qınamışıq və indi də təqdir etmirik. Biz normal siyasi mühitin formalaşmasında maraqlıyıq. Eyni zamanda hakimiyyət də diqqətli olmalıdır, siyasi təşkilatları diferensasiya etməlidir. İstisna etmirəm ki, hakimiyyətin daxilində də köhnə güclər bu münasibətlərin pozulmasında maraqlıdır. Son dövrlərdə vəziyyəti müşahidə edirik. Ona görə iqtidar öz içində bu məsələləri tənzimləməlidir. Həmin köhnələr zamanında müxalifət sədrlərini təqiblərə məruz qoyublar, əsassız həbslər aparıblar, indi də günahsız tutulanlar olur və onların azad edilməsini istəyirik”. /“Yeni Müsavat”/
Oxşar xəbərlər