MDB-də qalmaq bizə nə qazandırır - siyasi və iqtisadi rəy

  • 14 avq 2020, 10:48
Müstəqil Dövlətlər Birliyi (MDB) SSRİ-nin süqutundan sonra postsovet respublikalarının bir çətir altına toplaşması idi. 1991-ci ilin 8 dekabrında yaradılan MDB indi formal, portfelsiz və təsir gücünü itirmiş bir qurum  təəssürat bağışlayır. Əslində MDB-nin əvvəlki illərdə də hansısa effektiv qərarları, yüksək reputasiyası olmayıb.
Son illərdə isə dünya siyasətində cərəyan edən proseslər bu qurumu tam mənasızlaşdırıb. Elə buna görədir ki, Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhəd məsələləri və mədəniyyət sahəsində əməkdaşlığa dair daha bir neçə sazişi pozub. Müvafiq qərarlar Ukrayna hökumətinin iclasında qəbul edilib.
Hökumət mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası barədə təklifi dəstəkləyib, habelə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişdən çıxmaq haqqında qərar qəbul edib.
Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenskinin Sərhəd Qoşunları Komandanları Şurasından çıxması barədə fərman layihəsi də bəyənilib.
Rəsmi Kiyevin bu qərarı həm də Ukraynanın Avroatlantik məkana inteqrasiyası istiqamətində növbəti addımdır. Zelenski MDB-nin Rusiyanın keçmiş sovet respublikalarını orbitində saxlamaq üçün bir ittifaq olduğunu yaxşı anlayır.   Üstəgəl, MDB-yə üzv ölkələr heç də intensiv toplantılar keçirmirlər. Azərbaycanın da MDB-dən tədricə uzaqlaşmalı olduğu haqda ara-sıra mülahizələr səslənir.
Nəzərə alsaq ki, Ermənistanla birgə olduğumuz yeganə qurum məhz MDB-dir. O MDB ki Moskvanın layihəsidir və Rusiya müttəfiqi olan Ermənistana 400 ton silah göndərir. Həmçinin Gürcüstan nümunəsini qeyd etmək olar. Onlar Ukraynadan da əvvəl - 2008-ci ilin avqustunda rus ordusunun Gürcüstana daxil olmasından sonra MDB üzvlüyündən çıxıblar. Gürcülər 1993-cü ilin oktyabrında MDB-yə qoşulmuşdu və rəsmi Tiflis heç nə itirmədi.  Ukrayna isə 2014-cü ilin martnda Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb və indi də bir neçə istiqamətdə sazişləri ləğv edib. O halda belə bir ittifaqda qalmaq bizə nə qazandırır?
Müsavat`ı İsa Qəmbər idarə edir - Hikmət Hacızadə
Hikmət Hacızadə: “MDB-siz də olardı, sadəcə, Moskvanı küsdürməmək üçün oradayıq”
Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın MDB-də qalmasının əsas səbəbi Rusiya faktorudur.
Onun fikrincə, rəsmi Bakı Kremli qıcıqlandırmamaq üçün həmin qurumda əməkdaşlığı davam etdirir: “Qarabağ probleminin həlli Rusiyanın əlindədir və Azərbaycan onu qəzəbləndirməmək, ”saqqızını oğurlamaq" üçün sənədlərə qol çəkir, əməkdaşlıq edir. Məhz Moskvanı küsdürməmək, könlünü şad etmək üçün biz oradayıq. Çünki Moskva qəsdən Qarabağ münaqişəsini həll etmək istəmir və edəcəyini də gözləmirəm. Əks halda regiona nəzarəti əldə necə saxlaya bilər?"
H.Hacızadə hesab edir ki, Rusiya qarmağı əlində saxlayır və Azərbaycanın ona daha da yaxın getməsinə çalışır: “Amma bizim MDB-də olmağımızın müəyyən üstünlükləri də var. Məsələn, ticari - iqtisadi əlaqələr, humanitar sahədə əməkdaşlıqlar,  vizasız gediş-gəliş, mədəniyət məsələlərində atılan addımlar və s. Amma bütün bunları MDB-siz də həll etmək olardı. Əsas həmin əməkdaşlıqlar yox, Rusiya ilə münasibətlər amilidir. Moskva istəyir ki, bizi hərbi ittifaqa qoşsun, Ermənistan kimi Azərbaycanın da sərhədlərinə onun əsgəri nəzarət etsin”.
Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə ...
Natiq Cəfərli: “MDB ölkələri ilə daha çox ixracımız yox, idxalımız var”
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, MDB-də qalmaq Azərbaycanın iqtisadi yox, siyasi seçimidir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi bağlantıları daha çox Türkiyə və Avropa Birliyi ölkələr ilədir: “Gürcüstanda üzərindən neft-qaz Qərbə daşınır. MDB-də isə üstünlük bazarlara çıxış imkanımızı asanlaşdırmaq ola bilərdi. Amma Rusiyanın bazarlara çıxış imkanlarını məhdudlaşdırmasını zaman-zaman görmüşük. Onların məşhur ”Anişev sindromu" var idi və istənilən ölkənin məhsuluna rus bazarına giriş qadağası qoya bilirdi. Digər tərəfdən Azərbaycanın MDB ölkələri ilə daha çox ixracı yox, idxalı var.  Məsələn, Rusiyaya satdığımız maldan üçü dəfə artıq məhsul onlardan alırıq. Həmçinin, digər MDB üzvü olan ölkələrlə də eyni vəziyyətdir. Ona görə bizim orada qalmağımız geosiyasi amillərlə bağlıdır".
N.Cəfərli hesab edir ki, aqrar sektorda üstünlük qazana bilərdik: “Amma MDB olmasa da, heç nə itirilmir. Sadəcə, Qarabağ və Rusiyada yaşayan, işləyən azərbaycanlılara görə təzyiq faktoru nəzərə alınır”.
Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki, Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür və MDB üzvlüyündə qalmaq bizə müəyyən üstünlüklər qazandırır. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinə təsir göstərir: “Düzdür, son dövrlərdə MDB-nin əhəmiyyəti azalıb. Amma sovetin çöküşündən sonra iqtisadi dirçəliş üçün bu birliyin yaradılması mühüm addım idi.  Əgər Ukrayna və Gürcüstanın Rusiya il ərazi münaqişələri olmasaydı, bu ölkələr də üzvlükdə qalacaqdılar. Azərbaycan fəal aktor kimi MDB çərçivəsində əlaqələrdə aktiv iştirak edir. Doğrudur, ölkəmizin xarici siyasətinin əsas istiqamətini Avroatlantik məkana inteqrasiya təşkil edir. Lakin buna baxmayaraq, respublikamız MDB ilə münasibətlərin yaratdığı perspektivlərdən də yararlanır. Yəni qurumdan uzaqlaşmaq indi bizə yaxşı nəsə vəd etmir”.
Qeyd edək ki, 1991-ci ildə qurulan MDB-yə ilkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belarus daxil idi. Bu dövlətlər SSRİ - nin dağılmasının labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər.
Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr  1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqda razılığa gəldilər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Oxşar xəbərlər