Efirdən Azərbaycanın mövqelərini “atəşə tutan” azərbaycanlı(mı?)

  • 26 iyul 2020, 10:55
Etiraf edirəm, bir neçə dəfə olub ki, Sevinc Osmanqızının yerli mediamızda sərt şəkildə tənqid olunmasını düzgün saymamışam. Bir Allah şahiddir, demişəm gərək Mir Şahin belə deməyəydi, Siyavuş Novruzov o şəkildə danışmayayadı, heç olmasa şəhid qızı olduğunu nəzərə alaydı...Amma yanılmışammış.

Son yayılan kadrlara, onun Los-Anceles olayları ilə bağlı erməniləri müdafiə çıxışına qulaq asandan sonra bütün təsəvvürlərim, fikirlərim dəyişdi. Özlüyümdə sildim onu azərbaycanlı toplumun siyahısından.

Bu adam heç özü-özünə dəyər vermirmiş, özünü şəhid ailəsi kimi ali statusa layiq bilmirmiş ki...Özünə hörmət etməyənə başqası niyə də dəyər versin?

Bir şəhid qızının necə dili gələrmiş erməniləri müdafiə etməyə? Özü də indiki vaxtda, Tovuz cəbhəsində verdiyimiz şəhidlərimizin heç torpağı soyumamış...

Hakimiyyətdən küsmək olar, onu tənqid etmək də normaldır, amma ağır gündə dövlətə silah tuşlamaq... Bu gün Azərbaycan uğrunda döyüş gedir, sadə vətəndaşından prezidentinədək hər kəs Vətən savaşı aparmalıdır, mütləq əksəriyyət aparır da. Əsgər döyüşür, general şəhid olur, polis ayaqda, təhlükəsizlik xidməti öz işində, vətənpərvərlər əmr gözləyir.

Bu günlərdə dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soydaşlarımızın, həmvətənlərimizin səsini eşitmək istəyirik və səsimizə səs verənlərlə qürur duyuruq! ABŞ, Kanada, Belçika, İspaniya, Almaniya, Rusiya, Ukrayna, Moldovadan qardaş Türkiyəyədək QA-RA-BAĞ hayqıran qan qardaşlarımızı, can qardaşlarımızı görürük.

Belə gündə aralarımızda, sıralarımızda olmayanlar olmaz olsun! Əslində hakimiyyətə münasibəti bir kənara qoyub Azərbaycan davasında yer almalıydılar, düşmənə qarşı durmalıydılar. Bəli, hərəsinin kifayət qədər izləyicisi var. Onlardan gözlənti bu idi ki, bütün tamaşaçılarına xitab etsinlər, hərəsi öz ölkəsindəki aksiyaları canlı yayınlasın, ermənilərin Los-Ancelsdə, Brüsseldə azərbaycanlılara qarşı törətdiyi şərəfsizlikləri çəkib dünyaya yaysınlar...Belə olsa, əminəm ki, müxalifətlə dialoqa gedən, ölkədə barışın olmasını istəyən hakimiyyət də onlara münasibəti dəyişəcəkdi...Amma onlar ermənilərin yanında yer almaqla körpüləri tam yandırdılar.

Bu günlərdə həqiqəti yayan hər bir telekanal gözümüzün işığı oldu, ölkəsindən, millətindən asılı olmayaraq. Qardaş Türkiyə telekanalları Azərbaycanla nəfəs alırdı Tovuz döyüşlərində, canlı bağlantılar, reportajlar, xəbərlər. Acımızı da, sevincimizi də birgə yaşadıq. Digər ölkələrin mediasında da Azərbaycanın haqq davasından bəhs edənlər az olmadı. Amma xaricdəki “bizimkilər”(mi) nə etdi...

Birisi parlamentə hücumu sevincək yayınladı, başqası erməni terroruna haqq qazandırdı...Başqa biri də var, efirində Qənirə Paşayevanı müzakirəyə çıxartmışdı. Tovuz döyüşləri başlayan gündən ön cəbhədə olan, kişi qeyrətli xanım millət vəkilini. Avropanın, Amerikanın bir küncündə gizlənənlər, üzərinə güllə yağışı yağan seçicisinin yanından çəkilməyən Qənirə Paşayevanı hədəf seçiblər...
ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar | Report.az

Sevinc Osmanqızı isə daha çox “irəli” getdi, hamını heyrətləndirdi. Axı, insanlar Osman Mirzəyevə dəyər verirlər, o kişi sağlığında həqiqətləri jurnalist şərəf və ləyaqəti ilə olduğu kimi qələmə alan bir insan olub. Belə birisinin qızı ermənilərin müdafiəsinə qalxdı... Heç bir günahı olmayan atasını və onlarla qiymətli dövlət xadimimizi Qarakənd səmasında qara kömürə döndərən düşmənə necə bəraət qazandırmaq olardı? Amma o, bunu etdi.

Tovuz döyüşlərində 76 yaşlı dinc sakini erməni mərmisindən eyvanındaca can verdi, bundan danışmadı. Heç şəhidimizin yeddisi çıxmamış dünyaya atasız göz açan övladından da. Məntiqlə bundan danışmalıydı axı, məntiqlə. Amma o dedi erməni günahsızdır. ABŞ-da minlərlə erməni bir dəstə azərbaycanlının üstünə qarğa-quzğun kimi tökülüb onları didib-parçaladılar, dünyanın gözü qabağında. Dünya gördü ki, erməni doğrudan vəşhi imiş...ABŞ Konqresi də ermənini ittiham edir artıq. Amma Sevinc Osmanqızı bizi suçlayır.

Bu, nə zehniyyət, nə düşüncə, nə tolerantlıq, nə erməni sevgisi? Bunlara nə yedirdilər, nə içirdilər orada? Axı, biz Los-Ancelsdə, Brüsseldə qan tökən erməni terrorçularını ittiham edən bir tanlnmış erməni görmədik bu müddətdə. Necə olur ki, ABŞ səfiri, Los-Anceles polisi baş verənlərə görə erməniləri suçlayır, birmənalı şəkildə, amma Mirzəyeva Azərbaycanı?! Erməni vandallar bizim şəhid generalın şəklini ayaq altına atıb təhqir edir, bayrağımızı tapdayır, soydaşımızı döyür, bu qadınsa düşmənə haqq qazandırır.
Şəhid general Polad Həşimovun fotosu

Məntiqə bax: “Azərbaycanlılar niyə səfirlik və konsulluqların müdafiə edir?” Anlamırmı ki, hər bir ölkədəki səfirliyimiz, konsulluğumuz dövlətimizin bir parçasıdır, erməni həqarət edəndə durub seyr etmək ən azı ayıb olar... İddiaya baxın: “Sivil mübarizə aparılmaqdadır. Mən sizi inandırım ki, heç erməni tərəfində də belə bir niyyət yoxdur. Azərbaycan tərəfidir, rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən!” Təsəvvür edirsinizmi? Bunu deyir o qadın. “Mən sizi inandırım ki...” Şifrə açılır bu məqamda...Ermənilərlə gizli əlaqələrin, müzakirələrin məntiqi nəticəsini açıb bilməyərəkdən. Bunu Anna Naqdalyan desə, anlayardıq, təbii sayardıq.

Ermənilərin Los-Anceles terrorunu ABŞ hakimiyyəti etiraf etdiyi, səfir azərbaycanlılardan üzr istədiyi halda, Osmanqızı bizi ermənilərin suçsuz olduğuna inandırmağa çalışır. Bu, ona bənzəyir ki, Xocalı soyqırımını azərbaycanlıların, Azərbaycan hakimiyyətinin qəsdən hazırladığını deyəsən. Necə ki, ermənilər vaxtaşırı belə iddianı səsləndirib, azərbaycanlılara “istinad” edirlər.

Ermənilər özləri belə pis duruma düşüblər törətdiklərinə görə, bizdən olan niyə belə etsin, axı?! Heç şübhəm yoxdur, ermənilər bu sərsəmləmələrdən istifadə edəcəklər. Bəlkə də elə ona görə konkret mətni ötürüblər, “azərbaycanlı jurnalist” efirdən oxusun, sonra bütün dünya dillərində tirajlasınlar!
Bu, “Qaraqaya”dır və bunun üzərində olan Qaradaş adlanan ...

Yəqin Qarakənd səmasında qətlə yetirilən atanın da ruhu sızlayır indi, Tovuzun Qaraqaya yüksəkliyini almaq istəyən erməninin yanında dayanıb, efirdən Azərbaycan mövqelərini atəşə tutan qızına görə. Bundan sonra beləsinin efiri boykot olunmalıdır, qoy ermənicə xitab etsin(lər)...

Elşad Paşasoy,
Musavat.com
Oxşar xəbərlər