Ombudsman xaricdə ermənilərin azərbaycanlılara hücumlarını qınadı

  • 23 iyul 2020, 23:34
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən törədilmiş hücumlara dair bəyanat yayıb.
Demokratik.Az-ın məlumatına görə, rəsmi bəyanatda deyilir:
“Son günlər xaricdə yaşayan azərbaycanlılar sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində əsasən mülki şəxsləri hədəfə almaqla törətdiyi hərbi təxribat xarakterli hücumlara etiraz etmək üçün müxtəlif ölkələrdə dinc aksiyalar təşkil ediblər.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib, onların bir sıra hüquqları kobudcasına pozulub.
Az sayda azərbaycanlının yüzlərlə erməni tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığı bu insident Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu qarşısında yaşanıb. Bununla yanaşı, Belçikanın paytaxtı Brüssel şəhərində də analoji hadisələr baş verib, soydaşlarımıza ciddi xəsarətlər yetirilib.
Ermənilər aqressiv hücumlar zamanı həm bir ölkə kimi Azərbaycanın, həm də xalq olaraq azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndirib, nifrət zəminində çağırışlar etmişlər. Bu hadisə bir daha onu sübut edir ki, insan hüquqlarının davamlı pozuntularının kökündə hər zaman işğalçılıq siyasəti durur.
İnsan hüquqları sahəsində beynəlxalq sazişlərə əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquq və azadlıqlar demokratiyanın təməlində durur və onun əsas tələblərindəndir. Beynəlxalq sazişlərə əsasən, dövlətlərin bu hüquqları təmin etmək və dinc aksiyaçıları müdafiə etmək öhdəliyi var.
Son bir həftə ərzində ABŞ və Belçika ilə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan narahat olduğumuzu bəyan edirik.
Mən bütün həmkarlarımı, Milli İnsan Hüquqları İnstitutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırıram”.
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Oxşar xəbərlər