Sevindirici! Azərbaycan diplomatiyası kəkələməkdən qurtuldu

  • 17 iyul 2020, 10:05

Prezident Azərbaycan diplomatiyasını döyüş hazırlığına gətirdi -  Ceyhun Bayramov XİN rəhbəri təyin edildi; Prezident İlham Əliyev Ceyhun Bayramova mühüm tapşırıqları verdi: “İlk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır”

İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamına əsasən, Ceyhun Əziz oğlu Bayramov təhsil naziri vəzifəsindən azad olunaraq xarici işlər naziri təyin edilib. Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000" və ”Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.
23 aprel 2018-ci il tarixlində isə təhsil naziri təyin olunub.
Evlidir, 2 övladı var.
***
Əslində E.Məmmədyarovun vəzifəsindən azad ediləcəyi çoxdan gözlənilirdi və buna kimsənin şübhəsi yox idi. Xüsusilə də Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də apardığı əməliyyatlar nəticəsində çoxsaylı cinayətlərin üzə çıxmasından sona nazirin istefa ərizəsini Prezidentə təqdim edəcəyi gözlənilirdi. Ancaq bu, baş vermədi. İyulun 15-də Nazirlər Kabinetinin videokonfransında Prezident  çoxlarını şoka salan məlumatları açıqladı. Məlum oldu ki, bütün Azərbaycanın ayaqda, əsgərlərimizin döyüşdə olduğu 12 iyul tarixində dövlət başçısı şəxsən XİN rəhbərini axtarıb, nəhayət, baş nazir Əli Əsədov E.Məmmədyarovu tapa bilib, o isə “mən evdən işləyirəm” deyərək heyrətamiz reaksiya sərgiləyib. Prezident daha sonra deyib ki, Azərbaycanın diplomatik fəaliyyəti səmərəli olmayıb və o, bunun günahını Xarici İşlər Nazirliyində görür. Dövlət başçısı digər sensasion məlumatları da açıqlayıb. Sitat: “Əfsus ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!”
Elmar Məmmədyarov 1 925 manat maaşla 4 milyon dollarlıq mənzilləri ...
Bir sıra müşahidəçilər hesab edir ki, dövlət başçısı məhz indiki durumda xarici siyasət idarəsinin başına yeni fiquru təyin etməklə həm də Azərbaycan diplomatiyasını döyüş hazırlığına gətirmək niyyətində olub. Daim “hücum diplomatiyası”nın zəruriliyindən bəhs edən Prezident E.Məmmədyarovun “yorulmuş at” funksiyasını yerinə yetirməsini, cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda erməni XİN başçısının Qarabağdan vurub İrəvandan çıxdığı, beynəlxalq  səviyyədə hay-küy saldığı məqamda “evdən işləyən” bir nazirlə uğur qazanmaq olmazdı. Digər tərəfdən, hesab olunur ki, Azərbaycan diplomatiyası kəkələməkdən qurtuldu. Necə ki, dövlət başçısı E.Məmmədyarovun bir dəfə kəskin sözü ilə yadda qalmadığını açıq şəkildə söylədi. Beləcə, “dişsiz bəyanatlar” dövrü ötüb keçdi və ordumuzun haqq işinə ciddi dəstək verəcək bir komandanın formalaşdırılması prosesinə start verildi.
****
Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu nazir təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ona etimadını  ifadə edib: “Bu gün mən sizi xarici işlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində”. Ölkə başçısı ardınca bildirib: “Bununla bərabər, Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür”.
Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin ...
Prezident bir çox sahələrdəki nöqsanları da yeni nazirin diqqətinə çatdırıb və faktiki olaraq nazirə “Yol xəritəsi”ni təqdim edib: “Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük”. İlham Əliyev bildirib ki, ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur: “Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir”. Prezident bildirib ki, xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir: “Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident deyib ki, bizim diplomatlarımız ölkəmizə qarşı çirkin kampaniyaların qarşısını almaq üçün fəaliyyət göstərməlidirlər: “Yoxsa ki, ”dəymə mənə, dəyməyim sənə" prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır".
Prezident yeni xarici işlər nazirini videoformatda qəbul edib ...
Prezident daha sonra deyib ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır: “İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”.
Dövlət başçısı deyib ki, bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər”. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar", - dövlət başçısı əlavə edib.
Ceyhun Bayramov  deyib ki, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlindən gələn bütün səyləri əsirgəməyəcək: “Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək. Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ...
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında öncə yeni nazir C.Bayramovu  təbrik etdi, ona uğurlar arzuladı: “Prezident tərəfindən nazirə lazımi təlimatlar verilib. Bu istiqamətdə xeyli işlər görülməlidir. Çünki son illərdə XİN-in fəaliyyəti ilə bağlı nöqsanlar, qurumun imicinə dəymiş zərər ictimaiyyət arasında geniş müzakirə olunurdu. Belə bir vəziyyət vaxtilə bu nazirlikdə işləmiş və indi işləyən vətənpərvər, peşəkar diplomatlar üçün çox ağır vəziyyət yaratmışdı. Təbii ki, bu imicin düzəldilməsi üçün Prezidentin yeni nazirə təlimatları var. Əminəm ki, bundan sonra nazirlik yenə də Azərbaycan xalqına və dövlətinə xidmət edəcək, qarşısına qoyulmuş vəzifələri layiqincə həyata keçirəcək”. T.Zülfüqarov hesaba edir ki, XİN-də kadr islahatları olmalıdır: “Orda işgüzar insanlar var, sadəcə, onlara imkan yaratmaq lazımdır ki, daha səmərəli işləsinlər və Azərbaycanın maraqlarına xidmət etsinlər”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Oxşar xəbərlər