Ərdoğan sosial medianı bağlamağa hazırlaşır: biz də edəkmi?

  • 03 iyul 2020, 10:38
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə platformalarının fəaliyyətini buxovlamağa hazırlaşır. “Yalanın, böhtanın, insan haqlarına hücumun baş alıb getdiyi bu məcranın bir qayda-qanuna salınması şərtdir. Bu millətə, bu ölkəyə, bu tip məcralar yaraşmır. Bu səbəbdən ən qısa vaxtda məsələni parlamentdə müzakirə edib sosial şəbəkələrin tamamilə bağlanmasını, idarə edilməsini istəyirik”, - deyə Ərdoğan lakonik danışıb.
Onun fikrincə, sosial media - “YouTube”, “Tvitter”, “Netflix” və digərləri ifadə azadlığından daha çox, insanların əlində başqalarını təhqir etmək üçün silaha çevrilib. Ərdoğanın sosial şəbəkələri bağlamaq istəyinə MHP lideri Dövlət Bağçalıdan da dəstək gəlib. Hətta Bağçalı “Tvitter”də son açıqlamasını yazdığını bəyan edib.
Hazırda Türkiyənin gündəmində bir nömrəli müzakirə mövzusu olan sosial şəbəkələrin bağlanması, dövlətin nəzarətində olması təklifi müxalifət tərəfindən kəskin tənqid olunur. CHP və İyi Parti Ərdoğanın tutduğu mövqenin Türkiyənin Şimali Koreyaya çevrilməsinə xidmət etdiyi qənaətindədirlər.
Yeri gəlmişkən, sosial medianın fəaliyyətinin nizamlanması, məhdudlaşdırılması ideyasını dünya liderlərindən ilk Ərdoğan irəli sürməyib. Superdövlət və özünü demokratiyanın beşiyi sayan ABŞ-da prezident Donald Tramp da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən fərman imzalayıb. Trampın imzaladığı fərmana əsasən, internet şirkətlərin hansı şərtlər daxilində məzmunları məhdudlaşdıraraq qanundan sui-istifadə etdiyi müəyyənləşdirilməlidir. Analoji təkliflər vaxtaşırı azərbaycanlı rəsmilərin, ayrı-ayrı deputatların dilindən də səslənir. Sosial şəbəkə “terroru”nun qarşısını almaq üçün hüquqi çərçivəyə salınması, qanunla tənzimlənməsi tərəfdarı olanlar var.
Lakin Azərbaycan prezidenti İlham Əliyevin dilindən hələ ki belə bir söz eşidilməyib. Ölkə başçısı internetin Azərbaycanda azad olduğunu bəyan edib. Baxmayaraq ki, sosial şəbəkələrin verdiyi azadlıqlardan, imkanlardan sui-istifadə edən qüvvələr var və bundan da ən çox elə prezidentin özü, ailəsi, yaxınları ziyan görməkdədirlər.
Yəni ölkə rəhbərliyi və ailəsi, habelə dövlətin yüksək ranqlı məmurları tez-tez hədəfə alınır, onların ünvanında sosial şəbəkələrdə əndazəni aşan, qırmızı xətti keçən ifadələr, təhqirlər, söyüşlər yazılır.
Amma İ.Əliyev indiyə qədər sosial şəbəkə platformalarının bağlanması, məhdudlaşdırılması barədə danışmayıb. Trampdan sonra isə Ərdoğan - oturuşmuş demokratiyaya malik Türkiyədə sosial medianın qapılarını bağlamaq istəyindədir. O, bunu reallaşdıra biləcəkmi? Azərbaycanda da sosial şəbəkələrdəki təhqir, aşağılayıcı ifadələrlə bağlı hansısa hüquqi tənzimləyici addımlar atılmalıdırmı?
 Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ...
Asim Mollazadə: “Kimsə kimisə telefonla söyübsə, günah telefonda deyil axı?!”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bizim ölkədə internet azaddır. Onun sözlərinə görə, Azərbaycan tərəfi internetin və sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq fikrində deyil. “Kimsə ədəbsizlik göstərirsə, bu hərəkətinə görə cavabdeh olmalıdır. Amma sosial şəbəkənin məhdudlaşdırılmasına ehtiyac yoxdur. Tərbiyəsizlik edən varsa, təhqir yazıbsa, Azərbaycanın Cinayət Məcəlləsi var, ona uyğun olaraq həmin şəxsi müəyyənləşdirmək və barəsində qanunla ölçü götürmək olar. Yəni kimsə kimisə telefonla söyübsə, günah telefonda deyil axı?! Bu mənada sosial şəbəkənin fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarı deyiləm”.
Media mütəxəssisi Zeynal Məmmədlinin fikrincə, peşəkar və əxlaqlı medianı dadan ölkələr var: “Türkiyə də onlardan biridir. Orada media möhkəm sütundur, azadfikirlilik geniş yayılıb. Ona görə AKP-nin sosial şəbəkələrlə bağlı addımları deyilən qədər olmayacaq, müəyyən məhdudlaşdırma qərarları verilə bilər. Biz sosial şəbəkənin bağlanması üçün çoxlu əsas tapa bilərik, amma demokratik fikrə, ruha ziddir. Bundan özləri kimi düşünməyənlərin fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə edilə bilər. Bütün hallarda sosial medianın fəaliyyətini məhdudlaşdırmaq söz və mətbuat azadlığını təhdid edir. Əgər kimsə sosial şəbəkədə təhqir olunduğunu düşünürsə, fərdi qaydada məhkəməyə müraciət edə bilər. Bunun üçün sosial şəbəkənin bütövlükdə buxovlanması ifadə azadlığına ziddir, ciddi özünüsenzuranı inkişaf etdirmiş olacaq”.
Zeynal Məmmədli yeni vəzifəsindən
Zeynal Məmmədli: “Sosial şəbəkənin buxovlanması özünüsenzuranı inkişaf etdirmiş olacaq”
Z.Məmmədli hesab edir ki, Azərbaycanda sosial şəbəkələrin bağlanması ölkəni geri ata bilər: “Gerçək ictimai qınaq mexanizmi yaradılsa, halbuki bizdə hələ yoxdur, sosial media özü-özünü nizamlayacaq. Bizdə hələ ictimai qınaq olmadığına görə yasaq yolu ilə getməyimiz ölkəni geri atacaq”.
Qeyd edək ki, Çin, İran, Şimali Koreya, Türkmənistan, Tacikistan kimi ölkələrdə sosial mediadan istifadə tam yasaqlanmasa da, məhdudiyyətlər tətbiq olunur, filtrdən keçirilir. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur.
Eyni zamanda bəzi dövlətlərdə fərqi qadağalar var. Məsələn, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya saytları və sosial şəbəkələrinə qoyulan qadağanı daha 3 il müddətinə uzadıb.
“Odnoklassniki”, “VKontakte” kimi iri Rusiya şəbəkələri, həmçinin “Yandex” şirkətinin bütün xidmətləri Ukraynada qadağa edilib. Sanksiyalar “Kasperski” antivirus proqramı və “1S” şirkətinin məhsullarına da şamil edilib. /Yeni Müsavat/
Oxşar xəbərlər