Harada olursan ol, KÖLƏ OLMA!

  • 24 iyun 2020, 11:18
Bizim cəmiyyətdə haqlı olmaq üçün ya hakim partiyanın üzvü olmalısan, ya da müxalif partiyalardan birinin. Müxalif partiyalardan birinin üzvü olanda da, gərək ki, ya müsavatçı, cəbhəçi, ya da realçı olasan. Yoxsa, nə qədər haqlı olursan ol, nə qədər haqqı təbliğ edirsən et, nə qədər haqq uğrunda vuruşursan vuruş, nə qədər ziyalı mövqeyi aşılayırsan aşıla, nə qədər haqqa tərəfdar çıxanlara tərəfdar çıxırsan çıx, xeyri yoxdur! Heç kəs səni bu işinə, əməlinə görə qiymətləndirməyəcək.

Çünki sən manqurt deyilsən! Kölə, qulbeçə deyilsən! Çünki sənin hər hadisəyə, hər prosesə öz münasibətin, öz fikrin var. Çünki sən kimə görəsə, nəyə görəsə düşüncəni sərgiləmirsən. Əgər sədrin səhv addım atırsa, cəsarətin çatır ki, qalxıb yerindən deyəsən ki, sən düz etmirsən. Tutuquşu kimi kimlərinsə dediyini əzbərləmirsən. Səhv olsan da, "mənim sığındığım yer var" deyə qürrələnmirsən. Gücə, zora, arxaya arxalanmırsan. Haqq sənin üçün hər şeydən üstün olur. Partiyadan da, partiya sədrindən də, partiya üzvlərindən də.

Sən harada olursan ol, bu sənin məsləkin, əqidən, amalın olur. Yaltaqlıq gördünmü, alçaqlıq sezdinmi dərhal reaksiya verirsən. İşıqlı, ziyalı insanların axıra qədər bunların yanlarında olmağı bunlara sərf etmir. Müəyyən vaxta qədər, prosesə qədər belə insanları yanlarında görmək istəyirlər ki, öz arzularını, istəklərini icra edə bilsinlər. Elə ki işlərini başa vurdular, proses lazımı şəkildə icra olundu, artıq sən onlar üçün yoxsan. Daha sən onlar üçün maneə, real təhlükəsən.

Və ən acınacaqlısı da odur ki, heç kim səni yanında görmək istəmir. Heç kim səni arzulamır. Çünki sən hansı partiyada olursan ol, az da olsa canında satqınlığın, yaltaqlığın, iyrənc təzim "amal"-ın olmalıdır. Əgər bunlar səndə yoxdursa, hər zaman əbəs yerə ehtiyat ediləcək biri olacaqsan. Ona görə ki, sən onlardan hər cəhətdə üstünsən. Hətta sənin şeirlərini oxuyub tab gətirmək, dözüm göstərmək gücündə belə deyillər. Bir sözlə, onlar üçün arzuolunmaz adamsan. Bu sənsən!: 

Müəllif: İBRAHİM HƏSSAS

Demokratik.Az

Oxşar xəbərlər