Xəbər lenti
Bütün xəbərlər

Milli Şuranın zoom-müşavirəsi “zoo-müşavirə” adlandırıldı

  • 19 may 2020, 11:11
Son günlərin qalmaqallı hadisələrindən biri də Milli Şura rəhbərlərinin qalmaqallı, söyüş, təhqirlərlə müşayiət olunan onlayn müzakirələrini əks etdirən videoların yayılmasıdır. Bunu kimin, yaxud kimlərin etdiyi bəlli deyil. Fakt isə ondan ibarətdir ki, Milli Şura və AXCP rəhbərləri öz aralarında apardıqları müzakirələrdə, sən demə, küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlədir, cəmiyyətin tanınan ziyalılarını, mühacirləri, müttəfiq partiyaları və hətta xalqı aşağılayırlar.
Bu videoparçaların yaratdığı skandallar səbəbindən indiyə qədər Milli Şuranın rəhbər heyətindən ikisi - Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər. Lakin onlardan daha ağır təhqirlər səsləndirən və gerçək simaları ifşa olunan Gültəkin Hacıbəyli, Rahim Hacıyev üzr istəmək və istefa vermək haqqında hələlik heç bir açıqlama ilə çıxış etməyiblər.
Müzakirələrə dair növbəti bir videoparça da yayımlanıb. Burada AXCP sədri Əli Kərimli də var. Bu videoparçada isə Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını aşağılayır, Əli Kərimli isə “mənim xalqım” dediyi topluluğun təhqir olunmasına reaksiyasız qalır.
Videoda başqa maraqlı nüanslardan biri də Gültəkin Hacıbəylinin sonlara doğru dediyi ‘’... mən sentyabrda hakimiyyətə hazırlaşıram", replikası və iştirakçılardan hər birinin bu replika ilə razılaşmasıdır.
Milli Şura rəhbərlərinin zoom-müşavirədə eybəcər davranışları, rəqibləri təhqir etmələri qəzəblə, “3 aya hakimiyyətə gələcəklərini iddia etmələri” isə cəmiyyətdə gülüşlə qarşılanıb. Hətta bu cür zoom-müşavirəni “zoo-müşavirə” adlandıranlar da var.
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsinin ...
Aydın Hüseynov
Aydın Hüseynov: “Qarşıdakı aylarda seçki yoxdur, o zaman Milli Şura rəhbərliyi sentyabrda hakimiyyətə gəlməyə hansı əsaslarla hazırlaşır? Bu suala hüquq mühafizə orqanları cavab axtarsalar, pis olmazdı”
Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov bu barədə şərhində bildirdi ki, ictimailəşən bu videoiclaslar Milli Şuranı, onun rəhbərliyini olduğu kimi xalqa göstərdi. Onların hansı mənəvi, əxlaqi dəyərlərin daşıyıcıları olduqları bu videokonfranslar zamanı hər kəsə bəyan oldu: “Milli Şuranın rəhbərliyində olanlar reallıq hissini o qədər unudublar ki, sentyabrda hakimiyyətə gələcəkləri nağıllarını danışmaqdan çəkinmirlər. Onlar fərqində deyillər ki, əvvəla, sentyabrda Azərbaycanda heç bir seçki nəzərdə tutulmayıb. İkincisi, xalqın onlara arxa çevirdiyini, heç bir çağırışlarına məhəl qoymadığını, hər hansı seçkidə də onlara səs vermədiyini sanki bilmirlər. Qarşıdakı aylarda seçki yoxdur. O zaman Milli Şura rəhbərliyi sentyabrda hakimiyyətə gəlməyə hansı əsaslarla hazırlaşır? Bu suala hüquq-mühafizə orqanları cavab axtarsalar, pis olmazdı.
Mən də hesab edirəm ki, Milli Şura rəhbərliyinin videokonfransını “videoqeybət” və yaxud “qeybət videokonfransı” adlandırmaq daha doğru olar. Siyasi mədəniyyətdən uzaq, jarqon, təhqiramiz ifadələrin dilə gətirildiyi zoom-müşavirəni zoo-müşavirə adlandırmaq da olar. Müzakirə olunan mövzular və bu mövzularla bağlı səsləndirilən fikirlərin qurşaqdan aşağı səviyyəsi radikal düşərgə təmsilçilərinin söhbətinin ən yaxşı halda “qeybət” adlandırılmasına imkan verir. Onlar faktiki olaraq özləri özlərini ifşa etmiş, səviyyələrini xalqa özləri nümayiş etdirmiş oldular.
Biz şahid olduq ki, Əli Kərimli və Cəmil Həsənli  siyasi düşüncələrində, mübarizə metodlarında və əxlaqlarında da əqidə mutasiyasına uğrayıblar.
Biz dəfələrlə Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Xədicə İsmayılovanın və digərlərinin hansı əqidəyə sahib olduğunu desək də, bəziləri inanmırdı və ya bunu rəqibini gözdən salmaq  kimi dəyərləndirməyə cəhd edirdilər. Ancaq zaman keçdi, dediyimiz fikirləri artıq Əli Kərimli, Cəmil Həsənli ilə bir yerdə olanlar bizim dediyimizdən də daha  kəskin formada dilə gətirməkdədirlər.  Bugünlərdə Milli Şuradan istefa verən Eldəniz Quliyevin bəyanatına diqqət edəndə hər şey bir daha aydın olur. Artıq onların sıralarından “bizi heç kim dəstəkləməyəcək, dəstəkləmir” kimi etiraflar dilə gətirilir.
Biz dəflərlə bəyan edəndə ki, Əli Kərimli, Cəmil Həsənli və onun başına toplanan 3-5 nəfər xarici qüvvələrin, Azərbaycana düşmən, onu sevməyən qüvvələrin sifarişlərini icra edirlər, inanmırdılar. İndi isə Eldəniz Quliyev özü bunu etiraf edərək bəyan edir ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqresmeninin kuryeri birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür".
Aydın Mirzəzadə: Prezident İlham Əliyev faktlarla, məntiqlə ...
Aydın Mirzəzadə
Aydın Mirzəzadə: “Milli Şura adlanan qrup daim çalışırdı cəmiyyətin diqqətində olsun, buna nail oldu-cəmiyyətin gülüş hədəfinə çevrildi”
Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə isə bildirdi ki, Milli Şura 7 il öncə xaricdən müəyyən dairələrin sifarişi ilə yaradılmışdı və Azərbaycanın daxili siyasətinə müdaxilə üçün nəzərdə tutulmuşdu. Amma bütün cəhdlərə baxmayaraq daxili siyasətin əsas fiqurlarından birinə çevrilə bilmədi, seçkilərdən sonra isə dağıldı və bir qrup həmin o adı götürərək cəmiyyətin adından danışmağa cəhd etdi. Ancaq bütün cəhdlərinə baxmayaraq indinin özündə də onlar cəmiyyət üçün elə bir maraqlı nə siyasi mərkəz deyillər, nə də ortaya bir inkişaf proqramı qoya bilirlər: “Onlar bir qayda olaraq daxili müzakirələrini cəmiyyətdən gizlədirdilər. Son günlərdə zoom vasitəsilə keçirdiyi iclaslarının videogörüntüsünün yayılması göstərdi ki, əslində onlar özləri də cəmiyyətdən nə qədər uzaq düşdüklərini, siyasi mədəniyyətlərinin çox aşağı olduğunu yaxşı dərk edirmişlər. Təsadüfi deyil ki, iclasların birində Şura üzvlərindən biri bildirdi ki, bizi internetdə izləyirlər, ehtiyatlı olun. Bununla belə, həmin videogörüntülər Milli Şura adlanan radikal müxalifət qrupunun əsil mahiyyətini ortaya qoydu. Siyasi mədəniyyətsizlik, başqalarını aşağılamaq praktikası, gündəlik mövzuları müzakirə etmək əvəzinə dedi-qodular, kimlərinsə şəxsi həyatını müzakirə etmə, cəmiyyətdə cahillik, kobudluq təbliğatı onların əsas siması oldu. Eyni zamanda oponentlərinə qarşı təhqiredici ifadələri, ziyalıları aşağılaması, ən pisi isə xalqa təhqiramiz ifadələr bildirmələri bu qrupun daxili mədəniyyətini, eyni zamanda siyasi potensialını göstərdi. Milli Şura adlanan qrup daim çalışırdı cəmiyyətin diqqətində olsun. O, buna nail oldu-cəmiyyətin gülüş hədəfinə çevrildi. Özləri də etiraf etdiyi kimi, artıq onların resurslarına elə bir diqqət yoxdur. Bununla belə, hakimiyyət iddiasındadırlar. Son videogörüntülər onların əsl simasını açıb göstərdi. Azərbaycan xalqı belələrini heç vaxt özünün nümayəndəsi, təmsilçisi kimi görə bilməz. Xalq belələrini heç vaxt idarəedən qismində istəməz”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Oxşar xəbərlər