SSRİ-ni Qorbaçov parçaladı? Azərbaycandan baxış

  • 03 may 2020, 14:12
Azərbaycan siyasiləri Rusiya Dövlət Dumasının bəzi deputatları Mixail Qarbaçovu SSRİ-nin parçalanmasında ittiham edərək onun haqqında Baş Prokurorluğa müraciət etmək istəyinə birmənalı yanaşmır.
"Demokratik.Az" bildirir ki, 2014-cü ilin aprelində BBC Azərbaycancaya danışan bəzi siyasətçilər bu ittihamların əsassız olduğunu düşünsə də, bəziləri keçmiş SSRİ-nin tərkibinə daxil olan ölkələrdən ən çox Azərbaycanın bu hadisədən zərər çəkdiyini düşünür və buna görə keçmiş sovet liderinin mühakimə olunmasını istəyirlər.
Cənab Qorbaçova qarşı ittihamı dəstəkləyən siyasilər diqqəti 20 Yanvar hadisələrinə çəkərək bunun SSRİ-nin sonuncu prezidenti tərəfindən törədildiyini iddia edirlər.
Azərbaycan Xalq Partiyasının sədri və sabiq baş nazir Pənah Hüseynin fikrincə, Mixail Qorbaçov SSRİ-nin dağılmaması üçün "əlindən gələni edib".
"Qorbaçov və ya olun əleyhinə olanlar nə deyirlər desinlər, o, SSRİ-nin qorunub saxlanması üçün əlindən gələni edib. Amma alınmadı, çünki çürümüş rejim idi və onu saxlamaq mümkün olmadı".
Cənab Hüseyn sabiq prezidenti ittiham etməyin "mənasız və cəfəng iddia" olduğunu düşünür.
Mixail Qorbaçov
"Ümumiyyətlə, səmimi şəkildə ittiham edirlərsə, Yeltsindən başlamalıdır. Bu iddianın hər hansı hüquqi və siyasi nəticəsi olan deyil. Putin hakimiyyətinin ekspansionist siyasətinin nəticəsi kimi bu cür hallar meydana çıxacaq".
SSRİ-nin parçalanmasının obyektiv səbəblərinin olduğunu deyən sabiq nazir bildirib ki, bu hadisəni cənab Qorbaçovun siyasəti ilə bağlamaq "doğru deyil".
"Bəlkə də ömrünü uzatmaq olardı. Ümumi obyektiv səbəblərdən başqa SSRİ-nin dağılmasına ölkə daxilindəki demokratik şüurun daşıyıcılarının fəaliyyəti, milli azadlıq hərəkatları həlledici rol oynadı. Qorbaçov hətta silahlı yolla da bunun qarşısını almağa çalışdı".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov BBC Azərbaycancaya deyib ki, SSRİ-nin dağılmasında sonuncu prezidentin rolu "danılmazdır".
"Daha ondan böyük rol nə olacaq ki? SSRİ-ni də başqa ölkələrə satdı, dağıtdı və bunun ən böyük təsiri Azərbaycana oldu. Qorbaçov Azərbaycanda 20 yanvar hadisələrini törətdi, Dağlıq Qarabağ problemini yaratdı".
Arif Hacılı
Deputatın sözlərinə görə, Qorbaçova qarşı cinayət işinin qaldırılmasının tərəfdarıdır.
"SSRİ-ni dağıtmaq o deməkdir ki, Qorbaçov SSRİ daxilində insanları bir-birinə qarşı, resbublikaları bir-birinə qarşı qoydu. Ən azı bu məsələlərə görə mühakimə olunmalıdır".
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov BBC Azərbaycancaya deyib ki, sabiq prezidentə qarşı cinayət işinin açılması tələbi "təqdirəlayiq bir haldır" və o, qanun qarşısında cavab verməlidir.
"Qorbaçovun SSRİ kimi fövqəl bir dövlətin dağıdılmasında ciddi rolu olduğu danılmaz bir faktdır. Millətlər arasında olan münaqişənin yaradılması, müttəfiq respublikalar arasında münaqişələrin yaradılması məhz Qarbaçovun fəaliyyəti dövründə olub və Azərbaycan bundan daha çox əziyyət çəkən respublikalardan biridir".
Müsavat Partiyasının başqan müavini Arif Hacılının sözlərinə görə, SSRİ-nin son prezidentinin "soyuq müharibəyə son qoyması və bəşəriyyəti xilas etməsi" onun ən böyük xidmətləridir.
"Qorbaçovun Azərbaycan xalqı qarşısında törətdiyi bir cinayət var, 20 Yanvar hadisəsidir və hesab edirəm ki, onun haqda hansısa cinayət işi açılmalıdırsa, bu məhz 20 Yanvar hadisəsinə görə açılmalıdır. Əgər ona hansısa cinayətinə görə bəraət verilməlidirsə, bu yalnız SSRİ-nin dağılmasında, soyuq müharibəyə son qoyulmasında və 3-cü dünya nüharibəsinin qarşısının alınmasında xidmətlərinə görə olmalıdır".
Cənab Qorbaçov 1990-cı il 19-20 yanvar gecəsi fövqəladə vəziyyət elan edilməsini daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə etdiyini deyib.
Mixail Qorbaçov 1990-cı il martın 15-dən 1991-ci il dekabrın 25-dək SSRİ-nin son lideri olub. 1991-ci ildə istefa verib. 1992-ci ilin yanvarından indiki zamandək Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun prezidentidir.
Demokratik.Az-dan: Mövzu ətrafında xeyli ziddiyətli və çəkişməli mülahizələr, siyasi-elmi araşdırmalar mövcuddur. Əksər təhlillər SSRİ-nin dağılmasında baş rollardan birini ifaçısı kimi Qorbaçovu günahkar bilir. Müttəhimin özünə gəlincə, onun hazırki Rusiya üçün səsləndirdiyi siyasi istəyi bütün dünya üçün illərdir maraq doğurur:
"SSRİ-nin çöküşünü Vaşinqton böyük sevinclə qarşılamışdı:
“Bəlii etməməyə çalışsalar da, amerikalılar əsas rəqiblərini zərərsizləşdirdiklərinə görə məmnunluq hissi keçirirdilər. Onlar masanın altında böyük həzzlə əllərini ovuşdururdular.
ABŞ SSRİ-nin dağılmasından sonra dünyanın ağası olacağını düşündü. Demokratik yolda Rusiyaya yardım əlini uzatmadı. SSRİ-nin yaratdığı inamı ABŞ məhv etdi. Mən də daxil olmaqla, xalqın kiçik bir hissəsi hələ də SSRİ-nin yenidən bərpa olunmasını istəyirik”-deyə, Qorbaçov uzun illərdir ki, "yenidənqurma projesi"ndə ABŞ-ın militanı, morionetkası olmadığını izah etməyə çalışır.
 
Oxşar xəbərlər