İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü -FOTO, VİDEO YENİLƏNİB

  • 22 fev 2020, 23:24
Fevralın 22-də Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.
Demokratik.Az Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd etdi. Bildirdi ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Prezident İlham Əliyev ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı.
Dövlətimizin başçısı ölkəmizdə etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağını qeyd etdi.
Kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirdi. O, Papa II İohan Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərini xatırlatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğuladı. Pietro Parolin Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verməsini təqdir etdiyini bildirdi. O, həmçinin Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdı, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirdi. Dövlətimizin başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini dedi və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycanın regiondakı rolu və qonşu ölkələrlə münasibətləri müsbət qiymətləndirildi.
Sonra kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim etdi.
Oxşar xəbərlər