MSK-nın qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb
- 11 fev 2020, 23:17
Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.
Demokratik.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, bu gün saat 18:00-dan
başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə
cəhd göstərib.
Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına
baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.
Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək
razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib.
Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək,
dağılışmalarını tələb edib.
Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl
qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən
uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər saxlanılıb.
Ehsan Zahidov, həmçinin, qeyd edib ki, hazırda araşdırma aparılır, nəticədən
asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.