Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?

  • 16 yan 2020, 10:14

Ekspert: "Bəzi məqamlar Azərbaycan üçün qəbuledilməzdir”

Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sazişi ilə bağlı prosesdə dinamika müşahidə olunmur. Avropa İttifaqı ilə saziş sənədinin hazırlanmasının yekunlaşmaq üzrə olduğu, məsələnin ötən ilin noyabrında həllini tapacağı həmin ilin yazında rəsmi bəyan edilsə də deyilənlər reallaşmadı. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi 2019-cu ildə də imzalanmadı. 2020-ci ildə bu məsələ yekun həllini tapacaqmı? Məlumatlara görə, saziş layihəsində yalnız bir bəndlə bağlı razılıq hələ ki əldə olunmayıb. Sazişin imzalanmasını yubadan bu amildir, yoxsa həm də başqa siyasi, iqtisadi, regional amillər də rol oynayır?

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva "Yeni Müsavat”a bildirdi ki, ötən ilin sonunda hər nə qədər də danışıqların sürəti azalsa da 2019-cu ili ümumilikdə Azərbaycanla Avropa İttifaqı  arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesdə dinamik il adlandıra bilərik.

Ümumilikdə 2019-cu ildə Aİ ilə saziş sənədinin hazırlanmasının yekunlaşacağı rəsmi bəyan edilsə də, noyabrda gözlənilən tam yekunlaşma prosesi hələ də başa çatmayıb: "Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulan yeni sazişin imzalanması üçün aparılan danışıqlar prosesi haqqında arayış versək, son iki ildə Azərbaycan prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi. Məhz keçən il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi paraflandı. Son iki il Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və  strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb.

Bakıda Azərbaycanla Aİ arasında  tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi gedən,  enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat - lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik dialoqu baş tutub.

Təhlükəsizlik dialoqu  bir neçə istiqamət-Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini  və Aİ-Azərbaycan-Cənubi Qafqaz kontekstindən müzakirələr və bütün risklərin nəzərə alınması ilə ilkin razılaşmalar əldə olundu. Bu proses hələ də davam edir.

Təhlükəsizlik dialoqunun əsas mövzusu Aİ-Azərbaycan sazişinin nüvəsini təşkil edən danışıqların ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərini toxunulmazlığı, əlaqələrin tərəflərin  suverenliyi və müstəqilliyinin dəstəklənməsinə xidmət edəcək əməkdaşlığın qurulması ətrafındadır.

Belə ki, Aİ üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və inkişafın artırılmasına maneçilik törədən əsas  məqamdır. Yenilik olaraq onu da qeyd edim ki,  Azərbaycan Aİ-nin bu mövzunu 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə konfliktin həlli və tərəflərin dialoqu istiqamətində təşəbbüslərin davam etməsində deyil, daha dərin izlənməsində israrlı və maraqlıdır.

Prosesin gedişində Azərbaycan və Aİ arasında strateji sazişin bəndləri çərçivəsində, nəqliyyat  sahəsində yeni dialoq başlanmasına ehtiyacı yarandı. Hər iki tərəf optimal nəqliyyat tranziti və bu tranzit boyu infrastrukturun bərpası və yenilənməsi şərtləri üzərində işləyir. Ticarət, enerji, bazara giriş, dövlət satınalmaları, yerli məhsulların təşviqi məsələləri üzrə tərəflər arasında razılıq əldə olunmayıb".

Ekspert qeyd etdi ki, Aİ dövlət subsidiyalarının məhdudlaşdırılmasını istəyir: "Maraqlıdır ki, Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabət qabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib. Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Subsidiyalar paketi özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir. Nəzərə alsaq ki, əhalinin təxminən 40%-i məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərinin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır.

Vətəndaşların maraqlarının əleyhinə səbəb ola biləcək daha bir məqam isə Avropa İttifaqının Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən sahələrdə öz maraqlarına uyğun tələblər irəli sürmək istəyidir. Xüsusilə Azərbaycanın müəyyən ixrac məhsullarının daxili bazara nisbətdə oxşar və bəzilərində isə ümumiyyətlə eyni standartların tətbiqi irəli sürülür. Bu isə haqlı olaraq  Azərbaycan üçün sazişin müzakirəsində qəbuledilməz yanaşma sərgiləməsinə səbəb olur. Buna misal olaraq Aİ-nın Azərbaycandan enerji və neft məhsullarının  ixrac və daxili tələbat qiymətlərində eyni və ya oxşar standartların tətbiq etməsi gözləntisidir ki, bu da Azərbaycandan qəbuledilməz bir məqamdır.

Bu kimi hallarda isə Aİ Azərbaycanda öz köhnə üsullarına, "maliyyəsi və ya dəstəyi ilə formalaşmış siyasi və QHT qrupları vasitəsilə daxili təzyiq” üsullarına əl atma cəhdlərini müşahidə edirik. Bunlar isə əlbəttə, uğursuz cəhdlərdir".

Y.Hacıyeva qeyd etdi ki, sazişin bu il imzalanacağı barədə indi dəqiq fikir söyləməkdə çətinlik çəkir: "Bu ilin yaz aylarında danışıqların yeni mərhələsini və bu prosesin payıza qədər davam edəcəyini proqnozlaşdırıram. Danışıqların tempini və müzakirə olunacaq məsələlərin sayını nəzərə alaraq yeni sazişin bu il deyil, gələn ilin payızında imzalanacağını düşünürəm”.

"Yeni Müsavat”

Oxşar xəbərlər