Elçibəyin qardaşı oğlu seçkidə iki müxalif liderlə üz-üzə qalır

  • 08 yan 2020, 10:24

Hürrü Əliyev: "Dairəmdən olan Müsavat başqanı  və ADP sədrinin ora heç bir aidiyyətləri yoxdur”

Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu, Bəyaz Hərəkatının başqanı Hürrü Əliyev 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində 15 saylı Yasamal I Seçki Dairəsindən namizəd olacaq. Onun bu dairədən iddiasını irəli sürməsi geniş müzakirələrə səbəb olub ki, bu da əsassız deyil.

Belə ki, bu dairədə iki müxalifət partiyasının rəhbəri-Müsavat başqanı Arif Hacılı və ADP sədri Sərdar Cəlaloğlu namizəddir. AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də Yasamaldan deputat olmaq istəyir. Bütün bunları göz önünə gətirərək, H.Əliyevin ünvanına bəzi ittihamlar səsləndirilir. Belə iddialar var ki, o, hakimiyyətdaxili qruplardan birinin tapşırığı əsasında 15 saylı Yasamala gəlib. 2005-ci ildəki parlament seçkilərində "Azadlıq” blokunun 31 saylı Suraxanıdan vahid namizədi, AXCP sədri Əli Kərimlini o zaman H.Əliyevin rəqib seçdiyi barədə də iddialar irəli sürülür. 

Bu və ya digər iddialarla bağlı "Yeni Müsavat”a danışan H.Əliyev deyilənləri yalanladı: "Deyilənlər əsassızdır. Bundan öncə Əli Kərimli ilə rəqib olmamışıq. O zaman həmin dairədə nəticələr ləğv olundu və təkrar seçkilər təyin olundu. Mən təkrar seçkidə iştirak etdim və Əli Kərimli onda namizədliyini vermədi. Həmin vaxt rəqibim Əhməd Vəliyev idi. Yasamaldan namizədliyimi verməyimə gəlincə, səbəbi budur ki, 40 ildir oranın sakiniyəm. Tərəfdarlarım orada kifayət qədər çoxdur. Orada nəinki məhəllə-məhəllə, ev-ev insanları tanıyırıq. Eləcə də sakinlər bizi elə tanıyırlar. Yəni oturuşmuş bazaya malikik. Bu bazanın 50% civarında olduğunu demək olar.  Sadəcə, o bazanı işə salıb, qələbəmizi təmin etmək qalıb. Namizəd olduğum dairədən çox hörmət etdiyim təşkilatların iddiaçıları var. Eləcə də müstəqil namizədlər də yarışır. Bizlər bir-birimizə uğur diləməliyik. 15 saylı dairədən özümü ən şanslı namizəd sayıram. Biz kiminsə dairəsindən namizəd deyilik. Siyasətdə siyasi əxlaqa, mədəniyyətə daim riayət etmişik. Seçki dövründə üzərimizə gəlsələr belə, biz siyasi əxlaq çərçivəsindən kənara çıxmayacağıq. Bizim prinsiplər var. Deyərdim ki, biz bəzi siyasi təşkilatlara örnəyik. Namizəd olduğum dairədən təkcə müxalif liderlər deyil, Yeni Azərbaycan Partiyasının dəstəklədiyi, eləcə də dəstək verdiyi iddiaçılar var. Biz orada çox yüksək səviyyədə kampaniya qurub, sonda uğurlu nəticələr qazanmağı hədəfləmişik. Buna nail olacağımıza inamımız yüksəkdir. Qələbə şanslarımız 15 saylı Yasamal dairəsində daha yüksək olduğu üçün oradan namizəd oldum. Burada başqa səbəblər axtarmaq lazım deyil”.

Hərəkat başqanı iki partiya sədri və bir partiya funksioneri üzərində qalib gələcəyinə inanır: "Onların hamısı 20-30 illik təşkilatlardır. Orada 4-5 ciddi təşkilatın namizədi mübarizə aparır. Onların hər birinə hörmətlə yanaşırıq. Bizim siyasi ideoloji xəttimizdə iqtidar-müxalifət anlayışı yox, millət anlayışı əsasdır. Məsələlərə də bu cür yanaşırıq. Fəaliyyətimizlə yaxından tanış olanlar bunu aydın şəkildə görərlər. Mən iddialı və böyük-böyük danışmıram. Oradakı bütün təşkilatlar üzərində parlaq qələbə çalacağımıza inanıram. Seçici bazamız var və seçkidə əsas faktor da budur. Ərazi məsələsi bu proseslərdə çox önəmlidir. Bir misal çəkim. Arif Hacılı Zaqataladan namizəd olsaydı, ona orada qalib gəlmək çox çətin olardı. Çünki Arif bəy orada doğulub. Onun Zaqatalada oturuşmuş bazası var. Dairəmdən olan bəzi namizədlərin, ümumiyyətlə, ora heç bir aidiyyətləri yoxdur, o cümlədən, Arif bəy və Sərdar bəyin. Burada başqa məsələ varsa, onu artıq bilmirəm. Baxmayaraq ki, bizim hərəkat yenidir, amma sıradan bir hərəkat deyil. Xaricdə də böyük səs-küy salıb. Hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Bu baxımdan hərəkat və hərəkatın rəhbəri olaraq, seçkilərdə qalib gələcəyimizə inanırıq. AMİP namizədini ciddi rəqib görmürük, yəni Arif bəy və Sərdar bəylə müqayisədə. Bu gün siyasi təşkilatların əksəriyyətinə xalq arasında olan münasibət ürəkaçan deyil. Bizə fərqli rəğbət var. Bundan yararlanaraq, uğurlar qazanmağa çalışacağıq. Dairədə hər kəsin özünə görə nüfuzu var. Onlardan nüfuzumuz yüksək olduğu üçün özümüzə rəqib görmürük”.

Müsahibimiz tapşırıq əsasında o dairəyə getdiyi barədə iddialara da münasibət bildirdi: "Biz Azərbaycanda yeganə siyasi qurumuq ki, kimlərinsə tapşırığı ilə oturub-durmuruq. Hələ ki namizədliyin qeydə alınması prosesi davam edir. Bu proses bitəndən sonra çox ciddi məsələlərə toxunacağıq. Biz kimlərinsə qarşısında öhdəlik götürəcək, kimlərdənsə tapşırıq alacaq hərəkat deyilik. Bu mümkün olan bir məsələ deyil. Təlimat almaq deyirlər, o zaman biz də deyək ki, kimlərsə təlimat alıb bizim üzərimizə gəliblər. Bu gün seçki prosesində əsas olan seçiciləri səsverməyə gətirməkdir. Bunun üzərində düşünmək lazımdır. Seçicilərin seçkilərə inamı qalmayıb. Hətta rəğbətləri olan insanlar üçün belə məntəqələrə getmirlər. Biz bunu da bacaracağımıza inanırıq. Dedi-qodu hər zaman var və olacaq da. Biz buna baş qoşmuruq. Kimlər necə düşünürsə, özləri bilərlər. Amma vicdanlarını unutmasınlar. Faktlarla danışmaq lazımdır, fərziyyələrlə, iddialarla, ittihamlarla deyil. İstənilən halda seçkiyə qatılan təşkilatlara, müstəqil namizədlərə uğurlar arzulayıram. Millətimiz üçün xeyirli-uğurlu olsun. Əsas olan budur”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər