Müxalifətdən icra başçılarının həbsinə reaksiyalar

  • 21 dek 2019, 11:09

Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edərkən artıq anons vermişdi ki, hansı məmur etimadı doğrultmasa, özbaşınalığa yol versə cəzalandırılacaq.  Bu mesaj artıq bir xəbərdarlıq olmalıydı ki, icra hakimləri özlərinə çəki-düzən versinlər, özlərini yığışdırsınlar, yeni idarəçilik modelinin tələblərinə adekvat fəaliyyət göstərsinlər.

Lakin bunlardan nəticə çıxarmayanlar oldu və istərsə Ağstafa icra başçısı ilə müavininin həbsi, istərsə də Yevlaxın keçmiş şefi Qoca Səmədovun tutulması dərs oldu ki, heç kəs müqəddəs deyil, cinayətin cəzası olacaq.

Bu həbslərin davamının gələcəyi də istisna edilmir. Siyasi analitiklər və şərhçilər hakimiyyətin idarəetmədə yeni sistemə keçid etdiyini, qanunsuzluq edən məmurlar barəsində bundan sonra sərt tədbirlər görüləcəyi qənaətindədir. Bəs, ölkənin siyasi partiyaları, müxalif təşkilatları bu həbslər barədə nə düşünür.

İqbal Ağazadə: "Bu həbslər hakimiyyətin yeni siyasətinin anonsudur”

Ümid Partiyasının sədri İqbal Ağazadə "Yeni Müsavat”a qeyd etdi ki, bu həbslər hakimiyyətin yeni siyasətinin anonsudur. Onun sözlərinə görə, iqtidarın yeni kursu siyasi institutlara və cəmiyyətə də mesajdır.

İ.Ağazadə bu həbsləri pozitiv hadisə kimi qiymətləndirir və bütövlükdə başçılara, məmurlara xəbərdarlıq sayır. "Onların özbaşınalıqları haqda mətbuat yazırdı, şikayətlər çap olunurdu. Bu dəfə sərt tədbir görülməsi yeni siyasətin bir anonsu oldu. Bu anti-korrupsiya əməliyyatlarının davamlı, yoxsa birdəfəlik olduğunu zaman göstərəcək. Ancaq mən pis yanaşmıram və müsbət hadisə sayıram. Hesab etmirəm ki, baş verənlər hakimiyyətdaxili mübarizədir. ADP sədri Sərdar Cəlaloğlu da bu fikirdədir ki, atılan addımlar və həbslər dəyişikliklərin siqnalı kimi qəbul olunmalıdır. Onun fikrincə, bu həbslər həm də dəyişikliklərə daxildən müqavimət göstərənlərə cavabdır. Partiya liderinin sözlərinə görə, məmurların kabinetlərinə kameralar yerləşdirilməsi onların üzərində ciddi nəzarət olduğunu ortalığa çıxardı. ”Hətta Yevlaxın keçmiş icra başçısı həbs olundusa, deməli, başqa həqiqətlər də var. Mənə elə gəlir ki, bütün bunlar prezidentin siyasətinə mane olan qüvvələrə qarşı atılan addımlardır. Yüz faiz proses davam edəcək, - deyə ADP sədri bildirdi.

Sərdar Cəlaloğlu: "Mənə elə gəlir ki, bütün bunlar prezidentin siyasətinə mane olan qüvvələrə qarşı atılan addımlardır”

S.Cəlaloğlu hakimiyyətin özü islahatlara qarşı müqavimət göstərənlərin olduğunu etiraf edir: "Prosesin özü bir ilk addımdır. Necə nəticəsi olacağını zaman göstərər. Lakin bütün başçıları əhatə etməlidir. Çünki ayrılan pulları mənimsəyirdilər. Təkcə onların Bakıdakı villalarının deklorasiyası istənsə bütün reallıqlar ortaya çıxacaq. Eyni zamanda nazirlərin övladlarının holdinqləri var. Hansı pullarla alındığı araşdırılmalıdır”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu Ağstafa və Yevlax həbsləri ilə məsələnin bitmədiyini düşünür. Onun dediyinə görə, əksər əyalətlərdə icra başçıları özlərini "kiçik padşah”lar kimi aparırlar.

Xəzər Teyyublu: "Əksər əyalətlərdə icra başçıları özlərini ”kiçik padşah" sayır"

KXCP funksioneri regionlarda sosial vəziyyətin yaxşılaşdırılmasını, sahibkarlara imkanlar yaradılmasını vacib sayır: "Bu həbslər başqa bölgələri də əhatə etməlidir. Rayonlarda insanları incidən məmurlar var və onların fəaliyyəti araşdırılmalıdır”.

X.Teyyublu bildirdi ki, bu həbslər digər icra başçılarına bir dərs oldu: "Ən azından yerdə qalan icra başçıları əvvəlki kimi qudurğanlıq, özbaşınalıq edə bilməyəcəklər.  Yeni təyin olunanlar da məsuliyyətini anlayacaq və Nizaməddin Quliyevin taleyini yaşamamaq üçün fəaliyyətində həssas olacaq.  Sahibkarların, vətəndaşların şikayətlərinə baxılmalıdır, onlarla təmas sıxlaşmalıdır, narazılığın əyalətdən mərkəzə çatmaması üçün işlər görülməlidir”.

Hüquqşünas Əliməmməd Nuriyev moderator.az-a deyib ki, korrupsiya mühitini yaradan hallar ortadan qalxmalıdır: "Cənab prezident mesajlarında çox aydın şəkildə bu istiqamətdə tapşırıqlar verib.

Doğru-dürüst işləmək, vəsaitlərdən qənaətlə istifadə etmək, sahibkarlara şərait yaratmaq, onlardan hər hansı qanunsuz tələbetmələrə yol verməmək və s. ilə bağlı ciddi mesajlar səsləndirib.  Ölkə başçısı bu yöndə qəti və sərt tapşırıqlar verib. Həmçinin, bəyan edib ki, korrupsiyaya qarşı mübarizə bütün sahələrdə güclənəcək".

Oxşar xəbərlər