HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?

  • 10 dek 2019, 21:02
Ey uca və haya-küyə maraq edən millətim!
Milli Məclisimiz öz içində topalanıb qalan ağırlıqdan mütləq "özünü buraxmalıydı" və buraxdı da. Həqiqətən xalqın dərdinə real çarə düşünməyən, dəva tapa bilməyən bir deputatxana ölkə rəhbərliyinin İSLAHATLARI ilə də ayaqlaşa biləcək taqətdə deyildi - son illər yamanca qocalmış, bir xeyli də pırsımışdı zatən... Milli Məclis bir iki deputatla sessiyasına baş vururdu, elə bəlli aktiv adamların zəhməti hesabına tezbazar qərarlara URA deyirdi. Mütləq ki, dəyişməli, müasirləşməli və yenilənməli idi ki, bu baş verəcək!
İndi bu durumu şans görübən özünü hadıların, oqtayların, rafaellərin, nafiqlərin, bəlkə də astanların yerinə namizəd "əkənlərin" haləti məni yaman düşündürür. İndiyədək beşcə nəfərin haqqı uğruna savaşıb hayqırmaq bir yana, özlərindən başqalarının səsini-sözünü tanımayan, müğənnilərin, şousevərlərin, köhnə və yarıtmaz məmurların, bəzi savadsız və yaltaq qələm adamlarının bir rayondan, böyük bir şəhərdən millətvəkili adaylığı, deputat seçilmək yanğısı ətrafı lap yandırır. Əcəb gəlhagəldi...
Havaların soyuq keçdiyinə baxmayın, qış aylarında qaynar siyasi rüzigar seçməyə belə haqqı olmayan bəzilərində Ali qanunverici orqana seçilmək - xalqın arasında fərqlənmək eşqini dombaldıb. Özü də ki, lap adaxlıbazlığa gedəndə barıdan boylanan məşhur Məşədi İbadın ayağının altındakı bir abbasılıq hambal kimi...
Namizədliyi belə cəmiyyətdə utanc hissi doğuran bəzi şəxsləri bu yolda durdurmaq, abır-həyaya səsləmək tam yersizdir. Amma, Azərbaycanımızın 5 milyondan artıq dəyərli seçicisini - XALQI ən layiqli namizədlərinə səs verməyə çağırmaq kimi mənəvi borcumuz var əzizlərim...
Bu dəfə ölkəmizin daha da demokratikləşməsi naminə xalqımızın Milli Məclisinin qüsursuz, vətənpərvər və savadlı millət vəkillərindən formalaşdırılması yerlərdə sakinlərin özlərinin düzgün və əqli seçimlərindən asılı haldır. Mən inanıram və bunu istəyirəm.

BU DƏFƏ DEPUTAT OLMAĞA MƏNƏVİ HAQQI OLANLARA - KÖKSÜNDƏ VƏTƏN, MİLLƏT VƏ DÖVLƏT SEVGİSİ DAŞIYANLARA SƏS VERƏK! YAŞASIN MİLLƏT, YAŞASIN DÖVLƏT, YAŞASIN QÜDRƏTLİ AZƏRBAYCAN!

 

Osman Nərimanoğlu

Oxşar xəbərlər