Əli Həsənov LOKOMOTİVİ arxasınca kimləri çəkə bilər?

  • 29 noy 2019, 22:27
Prezident İlham Əliyevin dinamik sürətlə və gözlənilən zəruri ardıcıllıqla apardığı DƏRİN İSLAHAT MODELİ nəhayət PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə ərköyün köməkçisi Əli Həsənova da çatdı. Bu sevindirici "yolasalma" xeyli müddət idi ki, cəmiyyətin və xüsusilə də media cameəsinin gözlədiyi, arzuladığı bir olay idi, bəlkə də geciksə də bugünə nəsib oldu...
İslahatlar qanadında nəzərə çarpan bu gedişata münasibət bildirərkən xüsusilə vurğulanmalıdır ki, cənab İlham Əliyevin müvafiq sərəncamla vəzifəsindən azad etdiyi Əli Məhəmmədəli oğlu Həsənov 25 ildir geyindiyi məmur qiyafəsində YAP-a sədaqətlə hizmət edib, mərhum Heydər Əliyevə və onun siyasi varisi cənab İlham Əliyevə ən vəfalı məmurlardan olub. Heç bir halda daşıdığı siyasi əqidəsinə birbaşa dönük çıxmayıb. Bu bir həqiqətdir, amma...
Amma, Əli Həsənov adı bir köməkçi kimi həm ölkə rəhbərinə, həm cəmiyyətə, eləcə də kurasiya etmiş olduğu ölkə mediasına bir ağırlıq, süni natarazlıq aşılayıb.
Onu izləyənlər xatırlayar ki, bəzi mühüm açıqlamalarında sosial-psixoloji gərginliyi artırıb, bəzən lüzumsuz fərdi yanaşmaları ilə gündəm mövzuları əsas kontekstdən çıxarıb qalmaqala sürükləyib, xüsusilə özünə etimad qapılarını bəzi dost-aşnalarının üzünə açmaqla Azərbaycan Mətbuatını ağlamalı hala salıb. Bu barədə illərlə sərt tənqidlər eşitsə də, haqlı söyləntiləri qulaqardı edib. Dəhşətlisi, özünün zaman-zaman "vurduğu" mətbuatı şəxsiyyət əleyhinə "vurucu mexanizm" kimi də rəndələyib. Uzun illərdir Əli Həsənovu tərif edənlər AJPDQ-nin müddəalarını pozmaqla məşğul olub, xeyli də varlanıblar.
Əli Həsənov ya bilərəkdən və ya bacarıqsızlığından Azərbaycan Mətbuat Şurası deyilən bir qurumla əlbir olaraq əsl qələm fədailərini elə hala salıb ki, gəl görəsən. Prezidentin iradəsi və qayğısı sayəsində 100-lərlə evsiz jurnalistlərə mənzillərin verilməsində də, print medianı ayaqda saxlamaq üçün büdcədən KİVDF-yə ayrılan vəsaitin bölgüsündə də Əli Həsənov ədaləti önə çıxmayıb, əksinə köməkçinin şəxsi maraqları jurnalistləri hökumətdən küsdürüb. İndi Əli Həsənovun və ailə üzvlərinin idarə etdiyi geniş şəbəkəli biznes imkanları da bizə bunu deyir.
Hazırda yerli KİV-də yaşanan xaotik mühit, jurnalist ələbaxımlılığı, isterik yaltaqlıq və trolluq onun bizə arzuedilməz mirasıdır.
Bəzi əqli başında olanlar kimi məncə də öz aparıcı qulluq mövqeyində sabiqləşən Əli Həsənov öz vəzifəsi və varlığı ilə Moskvada tələbəçilik illərindən bəri yaxşı tanıdığı MŞ sədri Əflatun Amaşovun, KİVDF-nin sədri Vüqar Səfərlinin, MŞ-də "at oynadan Aydın Quliyevin, Azər Həsrətin, Müşviq Ələsgərlinin, "reket media" göbəyi kəsən Vüqar Rəhimzadənin, Taleh Şahsuvarlı kimi bəzi sayt rəhbərlərinin və bu qəbildən bir çoxlarının haldan salınmış əvəzsiz LOKOMOTİVİDİR.
Məncə, Əli Həsənovun vəzifədən azad edilməsi mühüm bir şansı özündə var edir - Azərbaycan Mətbuatı daha modern azadlığa və mütərəqqi inkişafa qədəm qoyur. Bunun üçün isə bircə şey qalır, Əli Həsənov LOKOMOTİVİNƏ qoşqu olan bütün yararsız VAQONLAR da islahata getməlidir.
Ölkəmizin mətbuat mühiti təcili Əli Həsənovçulardan da təmizlənməli, media mühiti daha şəffaf, daha tərəfsiz, daha peşəkar qayğılara köklənməlidir...

Sizə həqiqətən də "YAXŞI YOL!" cənab Əli Həsənov! 

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər