Parlament seçkiləri niyə bu il keçirilmədi və 125 mandatın taleyi...

  • 05 noy 2019, 09:06

Prezident İlham Əliyev komandada etdiyi ciddi dəyişikliklərdə nə qədər iradəli olsa da, iqtidarı və nəticə etibarilə ölkəni birdən-birə müxtəlif risklərlə üz-üzə qoymaq olmazdı...

İlin əvvəlindən başlanan çoxsaylı iddialara baxmayaraq, parlament seçkilərinin bu il keçirilməyəcəyini artıq dəqiq söyləmək mümkündür. Seçkilərin niyə bu il keçirilə biləcəyi ehtimalını bir neçə səbəblə izah etmək olardı.

Səbəblərdən biri parlamentin bir neçə deputatı da daxil, hakimiyyətdə yüksək vəzifə verilməsi ilə başlamış ciddi kadr islahatları idi. Bu dəyişiklik ab-havasının Milli Məclisi də əhatə edə biləcəyi ehtimal olunurdu. Daha bir ehtimal da parlamentdə müxalifətə də tribuna verilə biləcəyi idi. Bu, əlbəttə ki, ölkədə başlanmış ciddi kadr və struktur islahatlarından yaranmış ümid idi.

Hakimiyyətin isə təbii ki, öz hesablamaları var və seçkinin vaxtının bir neçə ay əvvələ çəkilməsinə lüzum görülmədi. Bunun da səbəbləri haqda ehtimal irəli sürmək olar. Güman etmək olar ki, hüquqi maneələrə baxmayaraq, seçkilərin zamanını önə almaq olardı, buna prezidentin müstəsna səlahiyyəti vardı. Amma yalnız bir il kəsimində iqtidarda parlamenti də əhatə edəcək ciddi dəyişikliklərə lüzum görülməyib.

Prezident İlham Əliyevin "hakimiyyətdə islahatlara qarşı olanlar var” sözlərini xatırlamaq kifayətdir. Prezident komandada etdiyi ciddi dəyişikliklərdə nə qədər iradəli olsa da, iqtidarı və nəticə etibarilə ölkəni birdən-birə müxtəlif risklərlə üz-üzə qoymaq da olmaz. Parlament seçkiləri miqyaslı və mühüm əhəmiyyətli siyasi hadisədir. Parlament seçkilərində cəmiyyətin ən müxtəlif təbəqələri "oyanır”, təkcə daxili deyil, xarici qüvvələr də fəallaşır, seçkiyə kənar müdaxilə riskləri artır. Seçki yarışında əngəllə qarşılaşsalar da, müxalifətin fəal kəsimi də bu prosesə qoşulmağa, söz deməyə çalışır. Dəyişiklik oliqarxiyanın, geniş məmur təbəqəsinin, hətta bəzi xarici qüvvələrin maraqlarına da toxunursa, bu il keçiriləcək parlament seçkilərinin ölkəyə heç bir mənfəət verməyəcəyini, yuxarıda da qeyd etdiyimiz kimi, bəzi risklərlə üzləşdirəcəyini, gərəksiz gərginlik yaradacağını demək mümkündür.

Seçkilərin tarixinin önə alınmamasının səbəblərindən biri də, zənnimizcə, gələcək parlamentin tərkibi ilə bağlı başlanmış müzakirələrin başa çatmamasıdır. Prezidentin yaş həddi ilə bağlı müəyyən etdiyi kursu yaşlı deputatlara qarşı, xüsusilə də sosial şəbəkədə kampaniyaya çevirmək, əlbəttə ki, yaxşı iş deyil. Eləcə də bəzi yaşlı deputatların Məşədi İbadsayağı "dəyərəm min cavana” açıqlamaları da ciddi yanaşma ola bilməz. Parlament nə yaşlılar klubu, nə də idman zalıdır. Azərbaycan parlamentinin Dövlət Duması kimi geniş tərkibi yoxdur ki, orada idmançıya da, konki sürənə də, yaşı ötmüşlərə də kreslo tapa biləsən.

Cəmi 125 deputat yeri var. Etiraf etmək lazımdır ki, parlamentdə mütləq əksəriyyət mandatına uyğun yerdə deyillər! Sanki bir orta məktəb sinifi kimi: beş-on nəfər yaxşı "oxuyan” danışır, qalanları lçantalarını» aparıb-gətirir. Milli Məclis hakimiyyətin bir qoludur, amma nə yazıq ki, yarımişlək qoludur. Ölkədəki dəyişikliklər rüzgarı parlamenti yaxşı mənada "alt-üst” etməlidir.

Bu işdə isə əsas məsuliyyət YAP-ın üzərindədir. Hakim partiya həm namizədliyini irəli sürdüyü, həm iqtidar adından dəstəklədikləri namizədlərin siyahısını indidən hazırlamağa başlamalıdır. Yaşından asılı olmayaraq, kiminsə xidmətləri var deyə dəstəkləyib, ona 5 il susduğu halda deputat məvacibi verməkdənsə, bir müstəqil mövqeli savadlı hüquqşünasın,  diplomatın, politoloqun namizədliyinə dəstək versə, özləri savadlı deputat qazanar, seçici razı qalar, parlamentin nüfuzu qalxar. Kiminsə qohumudur, kiminsə babasıdır deyib deputat seçdirmək artıq ayıb iş olmalıdır, bunun qarşısı ən yüksək səviyyədə alınmalıdır. 125 dəyərli, ağıllı, vətənpərvər deputat seçmək bu millətin bacara biləcəyi işdir.

Seçki qanunlarına bir az əl gəzdirib seçki prosesində daha çox namizədin, daha çox müxalifət partiyasının,müstəqil mövqeli gənclərin iştirakına şərait yaratmaq olar. Müxalifətin, elə həm də o radikal adlandırılan qisminə də seçilmək imkanı verilməlidir. Onları küçədən yığışdırmaq üçün seçkilərə buraxmaq doğru addım olardı. Bu adamlara sözlərini demək üçün tribuna vermək lazımdır. Qoy gedib qapı-qapı gəzsinlər, qanun çərçivəsində sözlərini desinlər, seçilərlərsə, canları çıxıb işləsinlər, qanun yazsınlar, hökumətə ağıllı təkliflər versinlər, polemikanı da, mövqe davasını da parlament binasında aparsınlar.  Bu qüvvələr qıraqda qalanda ölkədə də, ondan kənarda da alternativ tribunalar axtaracaqlar, Azərbaycana dost olmayan təşkilatlarda söz demək üçün onlara qapılarını açacaq...

Prezidentin başladığı dəyişikliklər siyasi proseslərə, cəmiyyətin əhval-ruhiyyəsinə təsir edib. Bu dəyişikliklərə inam var, dünənədək əvəzedilməz, hətta müxalifətin mühafizəkar hesab etdiyi məmurlar hakimiyyətlə vidalaşır. Bu, həm də o deməkdir ki, iqtidar siyasi islahatlar sahəsində də dönüş yaratmaq istəyindədir.

Bu, əlbəttə ki, həssas məsələdir və ölçülü-biçili addımlar gərəkir. Seçkini keçirən qurumun rəhbərinin (Prezident Administrasiyasının) dəyişməsi buna birinci işarədir. Davamı mütləq olacaq...

 Nazim SABİROĞLU,

"Yeni Müsavat”

Oxşar xəbərlər