Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyevin Ağ İnqilabı, qarşımızda açılan böyük nəfəslik və...

  • 24 okt 2019, 22:54

Elə bir texnoloji inkişaf dövrünə gəlib çatmışıq ki, sosial şəbəkələr proseslərin, yaxşı və ya pisin indikatoru rolunu oynayır. İnsanlar artıq xəbəri də buradan alır, hər hansı bir hadisəni də burada müzakirə edir, baş verənlərə dair aşkar və ya üstüörtülü şərhlə, yaxud da müvafiq bir smayliklə mövqeyini izhar edir. İndi ən ucqar kənddə yaşayan vətəndaşın da əlində bir smartfon, facebookda profili var və necə deyərlər, "gözdə-qulaqdadır”...

Əlbəttə, virtual məkanda saxta profillər də mövcuddur, trollar da, qaragüruh da və s. Ancaq bəzən elə proseslər baş verir ki, onda trollar, saxta profillər susmağa məhkumdur, baş verənlərə yalnız real insanlar – küçədə, işdə, qonşuluqda gördüyümüz kəslər reaksiya verir. Hazırda belə bir mənzərənin şahidi olmaqdayıq.

Ölkədə de-fakto Ağ İnqilab baş verir və insanlar baş verənlərə yalnız pozitiv mövqedən yanaşırlar. Hətta müxalifətçilər də Azərbaycan prezidentinin həyata keçirdiyi məlum kadr, struktur islahatlarına, verdiyi bəyanatlara və mesajlara tənqidi yanaşmaq üçün bir cəhət tapa bilmir.

Görünən budur ki, ölkə boyunca insanlar ölkədə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə dərk edir: adamlar ümidlidir, vətəndaşlar onun bugününə, sabahına – yaşamına iqtisadi, siyasi kapital yatırıldığı qənaətindədir. Mənim müşahidəmə görə, Azərbaycan vətəndaşları bu qədər ümidli görünməmişdi. Aktiv sosial şəbəkə istifadəçisi, bir ciddi müşahidəçi kimi gəldiyim qənaət budur: Ölkə əhalisi arzularının gerçəkləşdiyinin şahidi olur, fərəhlənir və özgüvəni, dövlətinə, hökumətinə, prezidentinə inamı maksimuma yüksəlib!

Vətəndaş nə istəyir? Sosial problemlərinin həllini, iqtisadi sferadakı əngəllərin aradan qaldırılmasını, özbaşınalıq edən məmurlara "dur” deyilməsini, belələrinin olmamasını, cəzalandırılmasını, 20-30 ildir vəzifələrdə oturuşan, oliqraxlaşan, korrupsiyalaşan, iqtisadi sektorda rəqabət mühitini pozan məmurların görəvdən alınmasını. Əslində, mərhələli şəkildə son bir neçə ildə vergi, gömrük, sosial müdafiə sahələrində pozitivə doğru bir çox addımlar atılmışdı, xeyli neqativ xarakterizə edən məmur, nazir vəzifədən çıxarılmışdı. Proses indi daha da sürətlənib, dərin xarakter alıb və ən üst düzeyi, siyasi qatları da əhatə edir.

Proseslərin gedişində çox incə bir məqam da diqqətdən yayınmır: Hətta müxalifət lider və funksionerləri də açıqlamalarında etiraf edir ki, bu qədər koordinal dəyişikliklər etmək, iqtisadi, siyasi komandanı, idarəetmə mexanizmini demək olar ki, köklü şəkildə dəyişmək, tam fərqli bir idarəçilik mexanizmi tətbiq etmək siyasi, praktik baxımdan heç də asan iş deyil. Hətta müxtəlif ölkələrin nümunələrində görmüşük ki, dövlət rəhbəri islahatlar aparmaq istəyəndə oliqarxlaşmış bəzi məmurlar təxribatlara əl atıb, vətəndaş qarşıdurmaları baş verib, yaxud da kənar təsirlər prosesi tormozlayıb. Bütün bunların fonunda hakimiyyət, dövlət idarəçiliyindən anlayışı olan şəxslər fərqindədir ki, belə radikal və xalqa, inkişafa yönəlik qərarlar vermək, addımlar atmaq böyük siyasi iradə, xarizma tələb edir. Və insanlar Prezident İlham Əliyevin bu addımlarının şahidi olur. Azərbaycanda xalqın gəzlədiyi proseslər çox ustalıqla, hansısa təlatüm yaşanmadan həyata keçirilir. Bir neçə hər şeyi qara görməyi özünə peşə etmiş şəxsdən savayı, hər kəs dövlət başçısına "əhsən” deyir, qürurlanır.

Dövlət rəhbəri açıqca bildirir ki, vətəndaşları incidən, cibinə girən, haqqını yeyənlər sərt cəzalandırılacaq. Heç sübhisiz ki, elə sabahdan hər kəs bunu görəcək, izləyəcək.

Burada bir məqamı və xalqın sosial şəbəkələrdə vurğuladığı məqamı da ümumiləşdirilmiş şəkildə qeyd etməsəm olmaz. Sadə vətəndaş üçün hökumət anlayışı onun qarşısına çıxan məmurdur, icra nümayəndəsidir, polisdir, prokurordur. Əgər vətəndaşla dövlət, hökumət adından danışan şəxs – icra başçısı, yaxud da hansısa digər məmur incidirsə, o vətəndaşın incikliyi bütövlükdə iqtidara, hökumətə yönəlir. Buna görə də məmur vətənpərvər olmalı, həm vətəndaşı, həm dövləti, həm də iqtidarı sevməli, nəzərə almalıdır.

Bu kontekstdə danışarkən cənab İlham Əliyevin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən söylədiyi bir fikir avtomatik olaraq göz önündə canlanır. Sitat: "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Bu, o deməkdir və hər kəs də başa düşür ki, yerlərdə vətəndaşları incidən, vətənpərvər olmayan, vətəndaşı sevməyən icra başçıları, digər məmurlarla da bağlı qərar verilib, onlar görəvdən alınacaq, sərt tədbirlər görüləcək.

İndi insanlarda bir rahat nəfəs alma hiss olunur; əminlik, inam var ki, məmur dövlət, hökumət adından sui-istifadə edib, onun gününü qara edə bilməyəcək. Böyük bir nəfəslik, pəncərə açılıb qarşımızda. Vətəndaşa isə məhz bu lazımdır, başqa heç nə. Əlbəttə, bunlar hamısı cəmisi bir günün işi deyil. Amma proses uzun da çəkməyəcək. Çox qısa zamanda ölkə Ağ İnqilabın bəhrəsini görəcək.

 

Oxşar xəbərlər