İsa Qəmbər Müsavat başqanını seçdi

  • 10 okt 2019, 09:14

Sabiq başqanının mövqeyini digər namizədlər necə qarşıladı?

 

 

 

 

Müsavat Partiyası oktyabrın 12-də 9-cu qurultayını keçirməyə hazırlaşır. Hələ ki, qurultayın harada keçiriləcəyi Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirilməyib. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqlı namizəddir.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər oktyabrın 9-da özünün "Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb: "2014-cü ilin sentyabrında-Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.

İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə-9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.

Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

İsa Qəmbər bu mövqeyinin səbəblərini də sadalayıb: "Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyaların tüğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbir və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi edib.

Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-də mən başqanlıqdan çəkilib namizədlər üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa namizəd olduğu halda bütün namizədlərə bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdır.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.

Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkisinin qalibi bəllidir.

Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var”.

Müsavat Məclisinin üzvü Alya Yaqublu isə facebook-da müsavatçıları Tofiq Yaqubluya səs verməyə çağırıb.

Müsavat Divanının üzvü Elman Fəttah isə sosial şəbəkədə geniş yazı ilə çıxış edərək müsavatçıları Yadigar Sadıqlıya səs verməyə dəvət edib.  

Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı isə partiyanın sabiq başqanı İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına özünün facebook səhifəsində münasibət bildirib. Y.Sadıqlı İsa Qəmbərin mövqe ortaya qoymasından təəssüfləndiyini bildirib: "İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı. Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməmiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi. Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm”.

Onu da qeyd edək ki, oktyabrın 9-da başqanlığa namizədlərin partiyanın qərargahında debatı keçirilib. Debat internet üzərindən canlı yayınlanıb.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər