“5 rayonun 5 milyard dollar qarşılığında azad edilməsi Boltonun yox, rusların planıdır” - Qabil Hüseynli

  • 28 sen 2019, 21:37
"Bolton planı” Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair plan idi. Bu plana əsasən ABŞ rəsmən bəyan edib ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonda bir erməni əsgəri belə qalmamalıdır”.

Demokratik.Az xəbər verir ki, bu fikirləri politoloq Qabil Hüseynli bu günlərdə Rusiya mətbuatında sensasiya kimi təqdim edilən "Bolton planı” haqqında danışarkən Reyting.az-a deyib.

Politoloq xatırladıb ki, ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana səfəri zamanı publik şəkildə bəyan edib ki, Dağlıq Qarabağın hüdudlarından kənarda bir erməni əsgəri olmamalıdır: "Bolton bu bəyanatını Bakıdan sonra Yerevanda da səsləndirdi. Açıq elan etdi ki, 7 rayonu dərhal azad etməlisiniz. Ancaq rus mətbuatı "Bolton planı” haqda yazarkən 5 rayona işarə vurur. Boltonun Bakıda və Yerevanda verdiyi bəyanatda 5 deyil, 7 rayon haqqında danışılırdı. 5 rayon məsələsi Rusiya mətbuatının uydurmasıdır. Əslində 5 rayonun azad edilməsi təklifini Rusiya irəli sürür, üstəlik, minnət də edir. Amerika tərəfi isə minnətsiz şəkildə Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun işğal və ilhaq edildiyini, burada etnik təmizləmə aparıldığını söyləyir. Bir daha qeyd edirəm ki, Bolton bunu Bakıda dedi və bildirdi ki, bu rayonlardan erməni hərbçiləri qeyd-şərtsiz çıxmalıdır. Bunun müqabilində əlavə etdi ki, bu rayonların azad edilməsindən sonra əgər Azərbaycan tərəfi istəyərsə kommunikasiya xətlərini aça bilər”.

Qabil Hüseynli əlavə edib ki, Rusiya mətbuatında "Bolton planı”nda 5 rayonun azad edilməsi və guya bunun müqabilində Azərbaycanın Ermənistana 5 milyard dollar ödəməsi haqda iddialar əsassızdır. Bolton bəyanatında açıq deyib ki, 7 rayondan erməni hərbçiləri qeyd-şərtsiz çıxmalıdır. Pul məsələsi əslində başqa bir mövzudur. Ermənilər guya Dağlıq Qarabağın iqtisadi cəhətdən geri qaldığını, Azərbaycanın tərkibində olduğu müddətdə ona lazımi qədər sərmayə yatırılmadığını "əsas gətirərək” Qarabağın dirçəldilməsi üçün Azərbaycandan təzminat almaq düşüncəsindədirlər. Bu, ermənilərin uydurmasından başqa bir məsələ deyildi”.

Politoloq qeyd edib ki, əslində Azərbaycan tərəfi bu pulu o halda ödəyə bilərdi ki, ermənilər bütövlükdə işğal etdikləri rayon və əraziləri tərk etsinlər:

"Normalda biz daha böyük məbləğ gözləyirdik. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün münasib olan hər üsula əl atması başadüşülən olardı. Bir zamanlar siyasi dəhlizlərdə belə söhbət gəzirdi ki, vasitəçi kimi Rusiyaya müəyyən güzəştlərin edilə biləcəyi təklif olunub. Yəni ərazi bütövlüyünün təmin olunmasına ruslar dəstək verir, bunun müqabilində onlara müəyyən güzəştlər tətbiq edilir. Amma ruslar bununla razılaşmayıblar”.

Xatırladaq ki, Rusiyanın populyar "Nezavisimaya qazeta”sında erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc olunan məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair "Bolton planı” haqda iddialar səsləndirilib. Müəlliflər məqalədə Paşinyanın "Qarabağı satmaq” planları haqda fikirlər səsləndiriblər. Qeyd olunub ki, Paşinyan Dağlıq Qarabağda öz adamı Mais Mailyanı hakimiyyətə gətirmək və 5 rayonu Azərbaycana təhvil vermək istəyir. Bildirilir ki, guya bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. İddia olunur ki, 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonun əvəzində 5 milyard dollar almağa razılıq verib. 
Oxşar xəbərlər