Fuad Qəhrəmanlının həyat yoldaşı ÜZR İSTƏDİ

  • 25 sen 2019, 13:21

"Bu günlər ərzində baş verənləri izlədikcə dəhşətə qapılırdım. Söyən, "qatili" və qurbanı eyni anda dəstəkləyən, baş verənləri bildiyi, tam vaqif olduğu halda mənafeyi üçün haqsızın yanında dayanan, inboksda mənə göz yaşı töküb feysbukda qarşı tərəfi dəstəkləyən, mənim məlum partiyanın keçirdiyi mitinqlərdə çıxışımı riyakarlığım kimi mənə sırıyan, deyilənlərin doğruluğunu bildiyi halda, bəlkə hakimiyyət dəyişdi, mənə də pay düşdü" prinsipsizliyi ilə hərəkət edən, üz gizlədən, bu hadisəni fürsət bilib guya məni dəstəkləyən, AXCP-yə olan nifrətini 18 yaşlı gəncin üzərində reallaşdırmaq istəyənlər, hətta qabağına çay qoyduğum insanların məni məsxərəyə qoyduğunu (ya da görüb susduğunu) gördüm”.

Bunu AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ailəsində baş verən zorakılıq hallarının ictimailəşməsindən sonra yaranan müzakirələrə son söz olaraq yazıb.

Qızlarından üzr istəyən Yağmur bildirib ki, onları kənar təsirlərdən qoruya bilmədiyi üçün üzgündür: Ən yaxın hesab etdiyin, sənin üzündə, əlində yaraları görən, haqdan danışıb illərdir haqq üçün savaşıram deyib hakimiyyəti zorbalıqda günahlandırıb hətta bu zorbalığın birbaşa qurbanı olan, övladı həbsdə olanların nala-mıxa vurma qabiliyyətlərini izlədikcə bir şeyi anladım. Bu ölkədə "xəstəliyi müalicə etmək istəyirəm” deyə meydanda olanların özü sağlam deyil.

Övladı olan və bu gerçəyi bilən, amma mənafe üçün susub hələ bir tələbdə bulunanlar, bir ad da əlavə çəkilib deyə bütün haqqı və gerçəyi bu fakta qurban kəsib sədaqətçilik oynayanlar, vicdanınıza necə yedirdə bilirsiniz, bunu anlamış deyiləm.

Nə baş vermişdi? Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimmi? Yox! Çünki mən, görünür, özüm də deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimmi? Yox. Çünki haqq deyib haqsızlıq edənin, "bəlkə topluma bir yararı olar" düşüncəsindəydim, amma Selcan "evdə zorba olan zorbanın yürütdüyü siyasət də zorba olacaq, onda cəmiyyətə fayda olmaz" düşüncəsində idi. Məni illərin təcrübəsi "müdrikləşdirmişdi". Selcanın cəsarətini hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcansa yox. O, həqiqətin düz üzünə baxırdı.

Selcan xaç taxırdı. Amma linç edənləri məyus edəcəm. Selcan xristianlığı qəbul etməyib. Selcan İsa peyğəmbəri xaç işarəsinə sığdırmırdı, "adi bir simgə ilə peyğəmbərdən büt yaradıb bütləri qıranlar" deyib lağ edirdi və bu formalı aksessuarları sevirdi. Hətta üzüyü də var. Selcan bu kimi kiçik tabuları yıxa bilmişdi. Selcan deistdi, heç müsəlman da deyil. Allaha inanır. Keçən yay Quranı oxumaq istədi. Alınmadı. "Bəlkə tezdi, ordakı "Allahdan qorx” tələbi məni qorxudur, mən Allahdan qorxmuram, inanıram, qorxduğumu sevə bilmərəm. Hələ indi oxumayım, bir az daha böyüyüb oxuyacam" deyib belə qərar verə biləcək biriydi.

Selcan heç vaxt "millət, vətən" deyə qışqırmayıb, amma Gürcüstanda qatıldığı təlimdə "Sarı gəlin” mahnısı erməni mahnısı kimi təqdim olunanda dirənib onu repertuardan çıxara bilən biriydi.

Selcan çox insanlıqdan danışmaz, amma səhv etmirəmsə, 2012-ci ilə İsrailin Fələstinə hücumu zamanı hələ balacaykən yığdığı pulu Türkiyə səfirliyinə verə bilən biridir.

Selcan mərhəmətdən də çox danışmaz, amma dünyada ən böyük arzusu mental xəstələrə mərkəz açıb özü belə onlara qulluq edəcək qədər həssasdır.

Mənə "düz tərbiyə verməyib iradını bildirənlər" sizlərdən neçə nəfəri, ey müsəlman olanlar, neçə nəfəriniz bunları düşündü? Amma 18 yaşlı qız bu idi və daha artığı idi.

Vay, "namus əldən getdi” deyənlər özünüzün etdiyinə baxın. Zorbalığı, şiddəti öz mənafeyinə və ya kor-koranə müdafiə edənlər siz hansı namusdan danışırsız? Güzgüyə baxın. Kimliyinizi, zehninizdəki əxlaqsızlıq fantaziyalarını etiraf edin, sonra danışın. Öz profilində paylaşdığı fotoları tirajlayıb böyük cümlələr quranlar, bəlkə siz özünüzlə daha səmimi olasınız. Aman Allah, bu ölkədə nə qədər "məsum" insanlar varmış?

Selcana mental xəstə deyənlər, yaxında bu linç etdiyiniz qızın romanını yazı masanızda görüb peşman olacağınız gün bəlkə uzaqda deyil?!

Bu günlər xitab edib tutuna biləcək, səmimi olan az insan gördüm. Mən "məni dəstəkləyənlərə təşəkkür edirəm" demirəm, çünki məni dəstəkləyənlərin içində qarşı tərəfi söyənlər də gördüm. Söyməyən təhqir etməyənlərə təşəkkür edirəm deyirəm.

Vicdanınızla baş-başa qalın. Əgər varsa... Var olduğuna inanıram. Əgər öldürməmisinizsə...

Son olaraq.

Mən də eyni şəkildə əzab çəkdim Amma qızlarımdan üzr istəyirəm. Onları ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxtakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdın qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb, bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, "kaş öləydim” deyib, hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq "atadır, döyər" düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə,"qadındır da, əri döyər də sevər də" deyib məhv edilən həyatına rəğmən, guya xoşbəxtlik oyunu oynayıb, qızıl teşdə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.

Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün...

Üzr istəyirəm və bu məni kiçiltmir”.

Oxşar xəbərlər