Xəbər lenti
Bütün xəbərlər

Müxalifətin bitməyən “ana” qovğası

  • 18 sen 2019, 08:50

Azərbaycanda ana müxalifəti niyə müəyyən etmək olmur?

AXCP sədri Əli Kərimli və REAL Partiyasının sədri İlqar Məmmədov arasında internet televiziyalarının birində yaxınlarda debat keçiriləcəyi barədə məlumat yayılıb. Xəbərdə deyilir ki, debatda müzakirələr və ünvanlanacaq sualların nəticəsi olaraq ölkədə ana müxalifət partiyasının kim olduğu məsələsinə də aydınlıq gələcək. 

Qeyd edək ki, hazırda ölkədə dövlət qeydiyyatından keçmiş 55 siyasi partiya var. 55 partiyanın yarıdan çoxunun heç bir fəaliyyəti yoxdur. Onlar, sadəcə, kağız üzərində mövcud siyasi təşkilatlar sayıla bilər. 20-yə yaxın partiyanın isə müəyyən fəaliyyəti müşahidə olunur. Ən azından onların bir çoxunun sədrlərinin mediada açıqlamalarına, tədbirlərə qatıldıqlarına rast gəlirik.

Dövlət qeydiyyatından keçmiş partiyaların üzdə olanlarının əksəriyyəti müxalifət partiyalarıdır. Belə olduğu halda ana müxalifət partiyasının AXCP, yoxsa REAL Partiyası olduğu məsələsinin müzakirəyə çıxarılması şübhəsiz ki, digərlərinin narazılığı ilə qarşılanacaq və məntiqsiz görünəcək. Eyni zamanda ortaya zaman-zaman gündəmə gətirilən "Ana müxalifət partiyası hansı partiyaya deyilir” sualı çıxacaq.

Öncə ondan başlayaq ki, Azərbaycan siyasi leksikonuna "ana müxalifət” termini ölkəmizdə müstəqillik bərpa edildikdən və çoxpartiyalı sistem formalaşdıqdan sonra daxil olub. Bu terminin ən çox populyar olduğu və rəsmi status daşıdığı ölkələrdən biri Türkiyədir. Azərbaycan siyasətçilərinin də onu məhz Türkiyədən götürdüyü bildirilir. Qardaş ölkədə parlament seçkilərində ikinci yeri tutan partiya rəsmi olaraq ana müxalifət statusunu qazanmış olur. Hətta ana müxalifət partiyasının lideri dövlət protokolunda rəsmi şəxslər sırasına daxil edilir.

Onu da qeyd edək ki, ana müxalifət daha çox parlamentli respublika idarəçilik üsulu olan ölkələrdə əhəmiyyət daşıyır. Prezident üsul-idarəçiliyi olan dövlətlərdə belə bir bölgü adətən aparılmır. Demokratik seçkilər keçirilməyən, seçkilərin demokratikliyi şübhə altına alınan ölkələrdə isə ana müxalifətin kim olduğunu dəqiq müəyyənləşdirmək çətin olur, yaxud da ümumiyyətlə, mümkün olmur. Bu cür ölkələrdə hansısa partiya özünü ana müxalifət elan etsə belə, bu, şübhə altına alınır, mübahisə mövzusuna çevrilir.

Azərbaycana gəldikdə, məlumdur ki, bizdə parlamentli respublika idarəçiliyi mövcud deyil. Müstəqilliyimiz bərpa olunandan bəri də mövcud olmayıb. Buna baxmayaraq,  20 ildən artıqdır ana müxalifətin kimliyi barədə mübahisələr gedir. Azərbaycanda keçirilən parlament seçkilərinin demokratikliyi adətən mübahisə mövzusu olduğundan seçkilərin nəticələrinə əsaslanmaqla ana müxalifətin kim olduğunu dəqiqləşdirmək mümkün deyil. Hazırda parlamentdə 12 partiya təmsil olunur. Hakim Yeni Azərbaycan Partiyasından sonra deputat sayına görə ikinci yeri Vətəndaş Həmrəyliyi Partiyası tutur. VHP-nin iki deputatı var.

Deputat sayına görə ana müxalifətin kimliyi müəyyənləşdirilərsə, bu məntiqlə VHP bu gün ana müxalifət partiyasıdır. Ancaq sirr deyil ki, bu partiyanın ana müxalifət olduğunu nə cəmiyyət qəbul edəcək, nə də digər partiyalar. Ana müxalifət adına illərdir daha çox iddia edənlər hazırda parlamentdə olmayan bir neçə partiyadır. Onların başında Müsavat, AXCP və AMİP gəlir. Bu iki partiya bir zamanlar ayrı-ayrı vaxtlarda parlamentdə təmsil olunanda da, indi də məhz özünün ana müxalifət olduğunu bəyan edib. Mövqelərini isə xalq arasında nüfuzları, hakimiyyətə qarşı mübarizə aparmaları, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmələri və digər arqumentlərlə əsaslandırmağa çalışıblar.

Onların parlamentdə YAP-dan sonrakı yeri tutduqları dövrlər də olub. AMİP 1995-2000-ci illərdə, AXCP 2000-2005-ci illərdə, Müsavat Partiyası 2005-2010-cu illərdə Milli Məclisdə hakim partiyadan sonra sayca ikinci partiya olublar. Bu dövrlərdə onlar özlərini birmənalı olaraq ana müxalifət kimi təqdim ediblər. Hazırkı Milli Məclisin tərkibində isə bu partiyalardan heç biri, həmçinin aparıcı və stajlı müxalifət partiyalarından olan ADP, Ümid Partiyası, ALP, VİP, KXCP, AXP yoxdurlar. Beləliklə elə bir siyasi tablo ortadadır ki, nə parlamentin tərkibinə əsaslanıb ana müxalifəti orada müəyyən etmək mümkündür, nə də parlamentdən kənardakı partiyaların birini ana müxalifət adlandırmaq. Görünür, elə bu səbəbdəndir ki, ölkənin tanınmış iki siyasi partiya liderinin gözlənilən debatından ana müxalifətin kim olduğunun müəyyənləşəcəyini iddia edənlər tapılır.

 

ADP sədri Sərdar Cəlaloğlu isə bəzi səbəblərə görə ana müxalifət termininin artıq gündəmdən çıxdığını deyib. O bildirib ki, əvvəla, partiyaların ana müxalifət adına iddialı olmalarının iki səbəbi var. Birincisi, özlərini ölkədə ən güclü partiya kimi göstərmək istəmələridir. İkincisi, ölkədə demokratik təşkilatların mövcudluğuna maraqlı olan müəyyən qüvvələrin seçim imkanının olmasıdır: "Uzun illərdir ölkədəki ictimai-siyasi vəziyyət partiyaların zəifləməsinə gətirib çıxarıb. Bu gün xalqın problemlərini təkcə öz çiyninə götürəcək elə bir partiya yoxdur. Yalnız blok şəklində birləşib nəsə etmək olar. Bu iki obyektiv səhvin ucbatından indi ana müxalifət deyilən anlayış yoxdur”.

 

Oxşar xəbərlər