"Radikal müxalifət Paşinyanın tələsinə düşür"

  • 30 avq 2019, 09:55

"Paşinyan məhz istəyir ki, Azərbaycan müxalifəti İlham Əliyevin hakimiyyəti ilə onun hakimiyyətini müqayisə etsin”

Azərbaycan prezidenti İlham Əliyev son illərdə bir neçə bəyanatla Ermənistanda ictimai və müxalif rəyi hakimiyyətə qarşı yerindən oynada bildiyi üçün Paşinyan da həmin üsuldan Azərbaycana qarşı istifadə etmək istəyir.

Bu fikirləri "Bakı-xəbər" qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyev AzNews.az-a açıqlamasında dedi.

Onun sözlərinə görə, İlham Əliyevin çox da uzaq olmayan keçmişə aid bu sözlərini yəqin ki, hamı xatırlayır:

"İrəvan tarixən Azərbaycan şəhəridir, biz mütləq ora gedəcəyik. Sarkisyan rejiminin yıxılmasında böyük rolumuz oldu. Bizim illərdən bəri dediklərimizi erməni cəmiyyəti Sarkisyan xuntasına dedi”.

Aydın Quliyev bildirdi ki, bu bəyanatlar hər zaman Ermənistan cəmiyyəti ilə hakimiyyət arasında dərin təlatümlər doğurub:

"İndi də Paşinyan bəzi siyasi bəyanatlarla Azərbaycanın içinə təsir göstərmək ustəyir. Məsələn, "Qarabağ Ermənistandır”. "Azərbaycan sülh istəyirsə, Arsaxla danışmalıdır”, "Torpaq qaytarmaq yox, yeni torpaqlar tutmaq haqda fikirləşirik”, "Qarabağ Azərbaycandan ayrılmaq hüququna malikdir”. O, bu sərsəm bəyanatları Azərbaycan xalqını, Əliyev hakimiyyətini və müxalifəti qıcıqlandırmaq üçün verir. Bu boşboğaz adam üç hədəfin üstündə oyun oynayır. Azərbaycan hakimiyyəti onun oyununu başa düşür, odur ki, əsəbiləşib özündən çıxmır, cavab bəyanatları ilə onu ifşa edir. Azərbaycan xalqı da tələyə düşmür, çünki gözlərini prezidentin siyasətinə dikib”.

 

Jurnalist vurğuladı ki, təəssüf ki, Azərbaycanın radikal müxalifəti Paşinyanın tələsinə düşür və onun alətinə çevrilir:

"Paşinyan məhz istəyir ki, Azərbaycan müxalifəti İlham Əliyevin hakimiyyəti ilə onun hakimiyyətini müqayisə etsin və üstünlüyü Paşinyana versin. Bizim radikal müxalifət elə bunu edir və həm də bundan çox zövq alır. Daha Paşinyanın tələsinə düşmək başqa cür necə ola bilər ki?!”.

Oxşar xəbərlər