Xəbər lenti
Bütün xəbərlər

“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya

  • 10 avq 2019, 14:27

Müxalifət nümayəndələri bloggerlərin xəyali "bir payız axşamı" inqilablarına şərik olmurlar...

Tez-tez söyüş ritorikası ilə gündəmə gələn xaricdə yaşayan bir qrup azərbaycanlı mühacir, noyabr ayı üçün ölkədə inqilab hazırladıqlarını bildirirlər. Ona ad da qoyublar: "Bir payız axşamı"...

"Youtube” və Facebook üzərindən çağırışlar edib, təkcə iqtidar nümayəndələrinə deyil, bir-birilərinə qarşı da söyüşlə çıxış edən "youtube müxalifəti” son zamanlar daha da aktivləşib. Hətta onlar xəyali olaraq "inqilab”larına lider də seçiblər. Bu, siyasi mühacir Vidadi İsgəndərlidir.

Danışıqlarından və sərgilədikləri ritorikadan mövcud hakimiyyəti zorakılıqla devirərək, inqilab və özlərinin hakimiyyətlərini təklif edənlərin siyasi səviyyələri gün keçdikcə hər kəsə məlum olur. Həmin videolara yazılan şərhlərdən də görünür ki, bu cür çağırışlar edib, küçə ifadələrini efirə gətirənlərə qarşı sadə vətəndaşlar tərəfindən sərt reaksiyalar verilir.

Bəs mövcud proseslərə ölkə müxalifətinin münasibəti necədir? Azərbaycan müxalifəti bu "inqilab”ın və "bir payız axşamı"nın harasındadır?

"Yeni Müsavat”a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, onlar inqilabın qarşısındadırlar:

"Biz seçkilərin yanındayıq. İkincisi də axı bu cür çağırışlarla inqilab olmur. Bu adamlar heç inqilab tarixlərini bilmirlərmi? İnqilab "gəlin, inqilab edirik” çağırışları ilə olmur axı. Biz Azərbaycanda bütün proseslərin seçki yolu ilə qalib gəlməsini istəyirik. Bütün siyasi institutları, müxalifəti seçkiyə, hakimiyyəti isə xalqın iradəsini əks etdirən demokratik seçki keçirməyə çağırırıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev musavat.com-a söyləyib ki, səslənən fikirləri ciddi saymır:

"Azərbaycan müxalifəti bu inqilabın heç harasında deyil. Dünya təcrübəsində də görünməyib ki, minlərlə kilometr kənarda olan ölkədə oturub, söyüş söyəsən və vaxt müəyyən edəsən ki, filan vaxt inqilab olacaq. İnqilab edən ölkənin içərisində olur. Düşünürəm ki, bu cür cəfəng üsullarla xalqı aldatmaq lazım deyil. Məsələyə açığını desəm, ciddi yanaşmıram. Ona görə də biz bu məsələnin heç yerində deyilik. Sadəcə olaraq buna siyasətdə anormallıq, zarafat kimi qəbul edirik”.

AĞ Partiyanın sədri Tural Abbaslı:

"Bu gün texnologiyanın verdiyi imkanlardan istifadə edib, müxtəlif çağırışlar edən böyük bir kəsim var. Hansıki, bunlar əsasən ölkə xaricində olan vətəndaşlarımızdır. Ölkə daxilində də "youtube”un verdiyi imkanlardan istifadə edib, fikirlərini cəmiyyətə çatdırırlar. Burada əslində müsbət hal görürəm. Yəni vətəndaşların sərbəst formada fikirlərini söyləməsi, insanları siyasi aktivliyə çağırması müsbət haldır. Bunun demokratiyanın bərqərar olunmasında faydası var. Ancaq kimin hansı metodla mübarizə aparması, o çağırışları edən şəxslərin məsuliyyətidir. Ümid edirəm ki, bu və ya digər formada dəyişikliyə, inqilaba, siyasi aktivliyə çağıran insanlar etidikləri dəvətin istər hüquqi, istərsə də siyasi məsuliyyətini dərk edirlər. Söyüş ritorikasına gəlincə isə deyim ki, hər kəs əlbəttə ki, öz səsləndirdiyi fikrə cavabdehdir. Mən istəməzdim ki, Azərbaycan siyasətində təhqir, söyüş ritorikası olsun.

Bu, bizə yaraşmaz. Kimsə belə bir ritorikanı seçirsə, bu da onların öz işləridir. Onların ritorikalarına uyğun olaraq cəmiyyətdə həmin şəxslərə qarşı münasibət formalaşır. Partiya olaraq biz bu cür rahat qərarlar ala bilmərik. Çünki bizim həm hüquqi, həm də siyasi məsuliyyətimiz daha çoxdur. Ona görə də biz partiya olaraq hələ ki, hansısa çağırışa dəstək vermirik, yaxud da bunun əleyhinə deyilik.  Biz bu çağırışların içərisində deyilik. Zamanı gələrsə, partiyanın idarə heyətinin qərarı olarsa o zaman üzərimizə düşən işi görərik. Lakin hələ ki, belə bir qərarımız yoxdur”.

ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirib ki, bu cür inqilab etmək olmur:

"Birinci növbədə inqilab gərək insanların düşüncəsində olsun. Xaricdəki "yutub"erlərin düşüncəsinə baxanda, onlarda nəyinki inqilab, əksinə keçmişə qayıtma, geriləmə görürük. Ona görə də onların "Azərbaycanda inqilab olmalıdır” deməkləri ilə ölkədə inqilab olası deyil. İnqilabın vaxtını, xarakterini heç kim müəyyən edə bilməz. Ölkədə narazılıqlar artır. Ancaq bu, o demək deyil ki, mütləq şəkildə proseslər inqilabla yekunlaşacaq. Hökumət elə addımlar atar ki, cəmiyyətdəki gərginlik aradan qalxar və inqilab məsələsi də heç olar. Ona görə düşünmürəm ki, kiminsə söyləməsi ilə inqilab olsun. İnqilabı heç kim hazırlamır. İnqilabı həmişə hakimiyyət hazırlayır. Yəni elə siyasət aparır ki, cəmiyyətin inqilab etməkdən başqa yolu qalmır. Ona görə də hesab edirəm ki, inqilabın olub-olmayacağı müxalifətdən deyil, hökumətdən asılıdır”.

Əli Rais,
"Yeni Müsavat”

Oxşar xəbərlər